Azərbaycana qarşı hücumların izi Türkiyəyə gedib çıxır? - Deputat DANIŞDI

 11:20 15.10.2026     181

“Son günlər istər İrandan, istər Türkiyədən, istərsə də digər ölkələrdən ölkəmizə qarşı intensiv və məqsədyönlü informasiya hücumları həyata keçirilir. Hətta verilən rəsmi məlumata görə, yüzdən çox dövlət saytına haker hücumları təşkil edilib. Bu, çox ciddi hadisə kimi qiymətləndirilməlidir. Çünki burada məqsədyönlü informasiya təhdidindən söhbət gedir”.

Bunu Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Allahverənov bildirdi.

“Bir tərəfdən, müxtəlif platformalara qarşı haker hücumları müşahidə olunur, digər tərəfdən isə başqa elementlər də diqqət çəkir. Məsələn, daxil olan məlumatlardan bəlli olur ki, “WhatsApp” vasitəsilə də müxtəlif məzmunlu, təhdid xarakterli mesajlar göndərilir. Özü də çox maraqlıdır ki, telefon nömrələrinə baxanda onların daha çox xarici nömrələr olduğu görünür. Hətta tanıdığım şəxslərə erməni dilində müəyyən məzmunlu mesajlar göndərilir. Lakin həmin mesajların göndərildiyi nömrənin, məsələn, Türkiyəyə məxsus olduğu görünür. Kontent isə erməni dilindədir”, - deyə o qeyd etdi.

Millət vəkili əlavə etdi ki, bu kimi hallar informasiya təhlükəsizliyi ilə bağlı bir çox məsələləri gündəmə gətirir:

“Düşünürəm ki, müəyyən strukturlar tərəfindən preventiv addımların atılması mümkün təhdidlərin qarşısını alır. Lakin bu vəziyyət daha qlobal mənada insanı düşündürür: burada nə baş verir? Ən azı görünən odur ki, müxtəlif dövlətlərin ərazisindən Azərbaycana qarşı informasiya müharibəsi aparılır. Nəticə etibarilə, sosial şəbəkə hesablarına, dövlət qurumlarının saytlarına, eləcə də müxtəlif mesajlaşma platformalarına qarşı sistemli və mütəşəkkil hücumlar təşkil olunur. Burada, təbii ki, müəyyən xof yaratmaq, ajiotaj formalaşdırmaq məqsədi də ola bilər. Azərbaycan cəmiyyətinin bu məsələyə kəskin reaksiya verməsi də müəyyən mənada gündəmə gətirilməlidir”.

A.Allahverənov cəmiyyəti belə hallarda təmkinli və soyuqqanlı olmağa çağırdı:

“Görünən odur ki, müəyyən siyasi mərkəzlər həssas bir dövrdə ölkənin təhlükəsizlik mühitinə bu və ya digər formada təsir göstərməyə çalışırlar. Burada siyasi müstəvidə də ciddi hədəflərin olduğu açıq-aydındır. Ona görə də düşünürəm ki, müvafiq təhlükəsizlik dairələri tərəfindən bu məsələyə dair reaksiyaların verilməsi, eyni zamanda, hibrid təhdidlərlə mübarizə aparan mərkəzlərin açıqlamaları bir çox məqamlara aydınlıq gətirə bilər.

İstənilən halda, baş verənləri aysberqin yalnız görünən hissəsi kimi qəbul etmək lazımdır. Çünki aysberqin görünməyən hissəsində daha böyük siyasi məqsədlərin dayanması da ehtimal edilə bilər. Bu baxımdan, bütün məsələnin təfərrüatlı şəkildə araşdırılması, öyrənilməsi və bundan sonra ona qarşı mübarizə strategiyasının müəyyənləşdirilməsi vacibdir. Təbii ki, hər bir şəxs öz sahəsinə və fəaliyyət istiqamətinə uyğun olaraq bu məsələ ilə bağlı konkret yanaşmasını və mövqeyini açıqlaya bilər”.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən