“Azərbaycanın əleyhinə mitinqlər təşkil etmək, böhtan yaymaq türk qardaşlarımıza yaraşmır” - Komitə sədri
Türkiyənin sosial media seqmentində sıravi vətəndaşlardan tutmuş tanınmış şəxslərədək müxtəlif şəxslər tərəfindən Azərbaycana qarşı informasiya hücumları həyata keçirilir. Eyni zamanda, Ankarada Azərbaycan səfirliyinin qarşısında etiraz aksiyaları keçirilib.
Türkiyənin bu cür davranması nə dərəcədə düzgündür?
Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin komitə sədri Tahir Rzayev bildirdi ki, qardaş Türkiyənin sosial şəbəkələrində Azərbaycana qarşı informasiya təbliğatının genişləndirilməsi və böhtan xarakterli məlumatların yayılması qəbuledilməzdir:
“Ancaq bu, dövlətin mövqeyi deyil, ayrı-ayrı şəxslərin və bu günün reallıqlarını hələ dərindən anlamayan insanların baxışları, düşüncələridir. Belə hallar iki ölkə arasında bir çox hallarda baş verib, ancaq qardaşlığa, dostluğa kölgə sala bilməyib və iki dövləti bir-birindən ayırmaq qüdrətində heç vaxt olmayıb. Çünki biz canı bir, qanı bir qardaşlarıq. Bir millət, iki dövlət olsaq da, fikirlərimizdə, düşüncələrimizdə müəyyən fərqlər ola bilər. Ancaq torpaq, vətən və millət anlayışlarında biz həmişə bir yerdəyik. Nə qədər yaxın olsaq da, nə qədər dost və qardaş olsaq da, hər bir dövlətin özünün seçdiyi yolu, yürütdüyü siyasəti var”.
Millət vəkili diqqətə çatdırdı ki, heç bir dövlət Azərbaycanın daxili işlərinə qarışa bilməz və heç kimə belə bir səlahiyyət verilməyib:
“Müəyyən fikirlər söylənilə, müəyyən təkliflər edilə, qardaş kimi müəyyən məsələlər ortaya qoyula bilər. Amma sırf Azərbaycanın yürütdüyü siyasətə qarşı çıxmaq, diktə etmək, nəyisə aradan qaldırmağı təklif və tələb etmək yolverilməzdir və Azərbaycan heç vaxt buna getməz. Cənab Prezident də öz çıxışlarında dəfələrlə bəyan edib ki, biz müstəqil dövlətik, müstəqil siyasətimiz var, heç kimin diktəsi ilə işləmirik və heç kim öz mövqeyini bizə diktə edə bilməz. Biz tutduğumuz yoldan geri dönmərik.
Bu gün hicab məsələsini bir çox insanlar bir millətin faciəsi kimi qələmə verirlər. Ancaq yanılırlar. Azərbaycanda hicab qadağan edilməyib. Bu, məktəblilərin vahid məktəb formasında məktəbə gəlməsini nəzərdə tutan qərar və tapşırıqdır. Bu, bərabərliyin təmin edilməsi, məktəbdə nizam-intizamın qorunması, uşaqların, şagirdlərin bir-birindən fərqlənməməsi deməkdir. Əlbəttə ki, bu, çox düzgün qərardır”.
O vurğuladı ki, Azərbaycanda çoxlu sayda xalqlar yaşayır:
“Onların hər birinin özünəməxsus adət-ənənələri və geyimləri var. Hər kəs bu geyimlərdən və adət-ənənələrdən istifadə edib onları məktəbə gətirsə, əlbəttə ki, təlim-tərbiyədə heç bir uğura nail ola bilmərik. Məktəbli elmi, savadı və tərbiyəsi ilə seçilməlidir, geyimi ilə deyil.
Nədənsə, bu, türk qardaşlarımızı qıcıqlandırır. Bu gün hicab və örtük ideoloji vasitəyə çevrilib. Bundan müəyyən dairələr istifadə edirlər. Ancaq bizdə din dövlətdən ayrıdır. Bununla belə, bütün dinlərə böyük hörmət və ehtiram göstərilir. Son illər tikilən məscidlər, dindarlara göstərilən qayğı, din xadimlərinin Bakıda toplanması və böyük tədbirlərin keçirilməsi bunun əyani nümunəsidir.
Belə olan halda Azərbaycanı islami dəyərlərə kölgə salmaqda günahlandırmaq, mitinqlər təşkil etmək, şantaj və böhtan xarakterli məlumatlar yaymaq türk qardaş-bacılarıma yaraşmır. Müəyyən rəhbər vəzifəli şəxslərin bu məsələdə ölkəmizə qarşı tutduqları mövqe də qəbuledilməzdir. Çünki vəzifə tutan, siyasətlə məşğul olan insan dərk etməlidir ki, bir ölkə digər ölkənin daxili işlərinə qarışa bilməz. Bu, beynəlxalq hüququn norma və prinsiplərinə, ölkələrin müstəqilliyinə və suverenliyinə ziddir.
Ona görə də hesab edirəm ki, bu, müvəqqəti bir kampaniyadır. Bu, emosional, hələ həqiqətləri dərindən təhlil edə bilməyən, uzağı görməyən insanların hərəkətləridir və qısa müddətdə aradan qalxmalıdır. Azərbaycan xalqı müdrik xalqdır və nə etdiyini yaxşı bilir. Ancaq yenə də deyirəm, aramızda müəyyən cəhalət və xurafat ideyaları ilə yaşayan insanlar da var. Buna təbii baxmaq lazımdır. Ancaq qanun pozuntusuna yol verən hər kəs, zorakılıq törədən hər kəs öz cəzasını almalıdır”.
Aytəkin TOFİQQIZI













