Qardaş ölkə mollalaşır? - “İran Türkiyədə yeni təhlükəli qüvvələr formalaşdırır”
“Türkiyədə son dövrlərdə müəyyən boşluqlar yaranıb və müxtəlif qüvvələr bu boşluqlardan istifadə edərək təşkilatlanıblar. Əsasən İrana və İran ideologiyasına bağlı qruplar dini azadlıqlardan istifadə edərək orada fəaliyyət göstərirlər. Ümumiyyətlə, Türkiyədə bu sahədə ciddi boşluqların olduğunu düşünürəm. Vaxtilə Fətullah Gülən təşkilatının yaranması, daha sonra bir sıra digər təşkilatların hətta öz dövlətlərinə belə zərər vurması bunu göstərir”.
Bu sözləri Redaktor.az-a açıqlamasında ilahiyyatçı Tural İrfan bildirdi.
O vurğuladı ki, yaxın vaxtlarda Alparslan Kuytul adlı bir şəxsin İrana bağlı olması və ekstremist fəaliyyəti ilə əlaqədar həbs edildiyi barədə məlumatlar yayıldı:
“Hazırda baş verən proseslər də göstərir ki, Hizb-ut-Təhrir kimi təşkilatlarla və digər qruplarla əlaqəli şəxslər dini azadlıqlardan, eyni zamanda, Türkiyə qanunvericiliyindəki boşluqlardan istifadə edərək xarici ideologiyalara xidmət edirlər. Onlar Azərbaycanla İran arasındakı münasibətləri də pozmağa çalışırlar. Hətta vəziyyət o həddə çata bilər ki, belə qüvvələrin dövlət qurumlarına təsir və təzyiq göstərmək imkanları yaransın. Türkiyədə çoxsaylı təriqət və camaatlar, onların geniş üzv kütləsi, böyük vəqfləri və ciddi maliyyə imkanları var. Xurafat və mövhumatdan istifadə edərək insanlardan zəkat və xüms adı ilə pul toplayan, qanuni və qanunsuz yollarla sərvət qazanan qruplar mövcuddur. Bu təşkilatlar Türkiyədə seçkilərdə də mühüm rol oynayırlar. Siyasətçilər bələdiyyə seçkilərində və digər siyasi proseslərdə həmin təşkilatların və təriqətlərin üzvlərinin sayından və təsir imkanlarından yararlanırlar.
Bir növ, orta əsrlərdə olduğu kimi, bu təriqətlər hazırda Türkiyədə siyasi partiyaların rolunu oynayırlar. Hətta elə təriqətlər var ki, onların üzvlərinin sayı bəzi siyasi partiyaların üzvlərinin sayından çoxdur. Mən hesab edirəm ki, bu qrupların bir hissəsi İranın təsiri altına düşüb. Çünki İranın ideologiyası gizli şəkildə fəaliyyət göstərərək müsəlman ölkələrində qarışıqlıq yaratmağa yönəlir. Məsələn, vaxtilə Livanda və İraqda, indi isə Yəməndə məzhəbçilik zəminindən istifadə olunub, cəmiyyətlər bölünüb və radikallaşdırılıb. Daha sonra terror təşkilatları və xarici qüvvələrin təsiri altında fəaliyyət göstərən qruplar meydana çıxıb, nəticədə münaqişələr və müharibələr yaşanıb”.
İlahiyyatçının fikrincə, bu proseslər İranın müəyyən metodlardan istifadə edərək müsəlman ölkələrində qarşıdurmaları dərinləşdirdiyini göstərir:
“Livan, Liviya, Suriya, İraq və Yəməndə baş verənləri, eləcə də İran daxilindəki repressiyaları nəzərə alsaq, 1979-cu ildən bəri bu siyasətin nəticəsində milyonlarla insanın həyatını itirdiyini demək olar. Beynəlxalq təşkilatların statistikası ilə bağlı da bu məsələyə diqqət yetirilməlidir. Mən bir neçə dəfə də demişəm ki, Türkiyənin özündə İranın təsiri ilə yeni bir proksi qüvvənin yaradılması istiqamətində cəhdlər ola bilər. Məqsəd Türkiyənin daxilində yeni təsir dairəsi formalaşdırmaqdır. Bunun üçün sosial baza və digər zəruri elementlər də mövcuddur. Bu təsir imkanlarının Türkiyə siyasətinə sirayət etdiyini düşünürəm. Təsəvvür edin ki, təbliğat və dezinformasiya nəticəsində Türkiyə cəmiyyətində belə bir fikir formalaşdırılıb ki, guya Azərbaycan tamamilə İsrailin təsiri altındadır və buna görə də ölkəmiz dini məhdudlaşdırır, İslama və hicaba qarşı çıxır. Halbuki Azərbaycanda dini atributların qadağan edilməsindən söhbət getmir. Sadəcə, vahid məktəbli geyimi ilə bağlı qayda qəbul olunub. Bu, məktəblərdə geyim məsələsinin müəyyən qaydalar çərçivəsində tənzimlənməsidir.
Bu qərar dövlətə, xalqa, millətin gələcəyinə və təhsil sisteminin inkişafına xidmət edən bir addımdır. Əks halda, belə çıxır ki, Azərbaycanda qanunların qəbul edilməsinə kənardan təsir göstərmək istəyən qüvvələr mövcuddur. Əvvəllər, məsələn, 2011–2012-ci illərdə hicabla bağlı məsələlərdə İranın tərəfdarları birbaşa Azərbaycanda fəallıq göstərirdilər. Həmin dövrdə İsrail səfirliyinin qarşısında aksiyalar keçirilmiş, hicabla bağlı müxtəlif etirazlar səsləndirilmişdi. İndi isə İran özü beynəlxalq təzyiqlərlə üzləşdiyi üçün başqa bir ölkəni Azərbaycana qarşı yönəltməyə çalışır. Bu dəfə həmin ölkə Türkiyədir. Məqsədlərdən biri Azərbaycanla Türkiyənin münasibətlərini pozmaqdır. Çünki İran bilir ki, Türkiyə Azərbaycanın ən yaxın müttəfiqlərindən biridir. Digər tərəfdən, Azərbaycana qarşı dini mövzu üzərindən təzyiq göstərməyə, guya İranın dini müdafiə etdiyi, Azərbaycanın isə dinə qarşı çıxdığı görüntüsünü yaratmağa çalışırlar”.

Müsahibimizin sözlərinə görə, bu məsələdə Azərbaycanın da müəyyən boşluqları olub:
“Qanun qəbul edilərkən və ya qəbul edilməzdən əvvəl onun məqsədi barədə maarifləndirmə işi daha düzgün təşkil edilməli idi. Qərarın mahiyyəti həm ölkə daxilində, həm də xaricdə, xüsusilə Türkiyə kimi dost və qardaş ölkələrdə, eləcə də beynəlxalq ictimaiyyətə düzgün izah olunmalı idi. Ola bilsin ki, bu cür reaksiyaların baş verəcəyi əvvəlcədən lazımi səviyyədə nəzərə alınmayıb. İran təhlükəsinin də bu formada təzahür edə biləcəyi kifayət qədər ciddi qiymətləndirilməyib. Biz illərdir deyirik və yazırıq ki, Azərbaycanın ətrafında ciddi təhlükələr formalaşır. Şərqimizdə İran, şimalımızda Rusiya ilə bağlı təhlükələr mövcud olduğu halda, indi qərb istiqamətində də müəyyən problemlər meydana çıxır. Türkiyədə bizə qarşı yönələn qüvvələrin yetişdirildiyini, Gürcüstanın Borçalı bölgəsində isə bəzi təsirlər vasitəsilə soydaşlarımızın Azərbaycana qarşı yönləndirilməyə çalışıldığını düşünürəm. Beləliklə, Azərbaycan sanki dörd tərəfdən ideoloji mühasirəyə alınır. Bu vəziyyətlə bağlı ciddi tədbirlər görülməlidir. Türkiyə kimi bir dövlətdə insanları Azərbaycana qarşı yönəltmək mümkündürsə, deməli, burada müəyyən problemlər və boşluqlar var.
Türkiyədə Azərbaycana qarşı o qədər təbliğat aparılıb ki, xüsusilə İranla əlaqəli olduğunu düşündüyüm qüvvələr cəmiyyətin müəyyən hissəsində ölkəmizdə dinin qadağan edildiyi barədə yanlış təsəvvür formalaşdırıblar. Bu fikirlər geniş yayıldıqdan sonra Türkiyə hökumətinin bəzi nümayəndələri də Azərbaycana qarşı mövqe sərgiləməyə başlayıblar. Yenə qeyd edirəm ki, Türkiyədə müəyyən məsələlərdə radikal və təriqətçi qrupların təsiri var. Siyasətçilər də seçkilərdə və digər siyasi proseslərdə bu təsirdən yararlanırlar. Lakin bu, Türkiyənin öz problemidir. Ölkədə təhlükəli təriqətlərin bu qədər geniş fəaliyyət göstərməsinə və İran ideologiyasının möhkəmlənməsinə şərait yaradılması ciddi boşluqdur. Bu, çox təhlükəli vəziyyətdir. İranın siyasəti İslamın və dini dəyərlərin həqiqi müdafiəsi kimi təqdim edilə bilməz. Mən hesab edirəm ki, İran Türkiyəni də daxildən zəiflətməyə çalışır. Əgər lazımi tədbirlər görülməsə, Türkiyədə vaxtilə Səfəvilər dövründə baş vermiş Şahqulu üsyanına bənzər hadisələrin təkrarlanması ehtimalı yarana bilər. Həmin üsyan Osmanlı dövlətində ciddi qarışıqlığa və qanlı toqquşmalara səbəb olmuşdu. Hazırda da Türkiyəni Azərbaycana qarşı təhrik edirlər və bu prosesin təhlükəli nəticələr doğura biləcəyini düşünürəm”.
Tural İrfan hesab edir ki, bu məsələlərlə bağlı diplomatlar və siyasətçilər arasında müzakirələr aparılmalı, qarşılıqlı anlaşmaya əsaslanan qərarlar qəbul edilməlidir.
"Türkiyə tərəfinə aydın şəkildə çatdırılmalıdır ki, Azərbaycanda dini dəyərlərə qarşı yönəlmiş qərardan söhbət getmir. Ən əsası isə, qonşu və qardaş ölkə olsa belə, başqa bir dövlətin Azərbaycanın daxili işlərinə bu dərəcədə qarışmağa haqqı varmı? Türkiyə də öz daxilində İranın təsiri ilə bağlı təhlükələri aradan qaldırmağa çalışmalıdır. Çünki bu, təkcə Azərbaycan üçün deyil, Türkiyənin özü üçün də təhlükə yarada bilər. Biz Türkiyədəki dostlarımıza da xəbərdarlıq etməliyik ki, bu cür qüvvələr gələcəkdə onların öz dövlətləri üçün də təhlükəyə çevrilə bilər. Mənim fikrimcə, hazırda İranın Türkiyədə formalaşdırmağa çalışdığı təşkilatlanmalar Fətullah Gülən təşkilatından da təhlükəli ola bilər. Ən narahatedici məqam budur ki, İran fərqli məzhəblərə mənsub təriqət rəhbərlərini, siyasi partiya sədrlərini və digər nüfuzlu şəxsləri də təsir altına almağa çalışır. Onlara ümumi dini dəyərlərin vahid olduğu və bu dəyərləri birlikdə müdafiə etdikləri fikri aşılanır. Halbuki pərdə arxasında başqa məqsədlərə xidmət edən gizli təbliğat aparıldığını düşünürəm.
Bu fəaliyyətlərin əsas məqsədlərindən biri Türkiyə ilə Azərbaycanın münasibətlərini pozmaq, digər müsəlman ölkələri ilə türk dövlətləri arasındakı birliyi zəiflətməkdir. Türk Dövlətləri Təşkilatının yaranması İranı narahat edən məsələlərdən biridir. Çünki Azərbaycan, Türkiyə və Mərkəzi Asiya ölkələrinin bir araya gəlməsi regionda yeni əməkdaşlıq imkanları yaradır. İran vaxtilə farsdilli ölkələrin birliyini yaratmağa da cəhd göstərib, Tacikistana səfərlər edilib və müxtəlif təşəbbüslər irəli sürülüb. Lakin bu cəhdlər istənilən nəticəni verməyib. İndi isə türk birliyinə qarşı yönələn fəaliyyətlərin olduğu qənaətindəyəm. Azərbaycanla Türkiyənin münasibətlərini pozmaq cəhdləri də bununla əlaqəli ola bilər. Burada, əslində, hicabdan və ya dini atributların müdafiəsindən söhbət getmir. Görünür, müəyyən qüvvələr o dərəcədə təşkilatlanıblar ki, Türkiyə cəmiyyətinin bir hissəsini Azərbaycana qarşı yönəltməyə nail olublar. Eyni zamanda, Azərbaycanda da dezinformasiya yayılaraq hicabın qadağan edildiyi barədə yanlış təsəvvür yaradılıb. Təəssüf ki, həm dini sahədə, həm də digər istiqamətlərdə mövcud olan boşluqlar hazırkı vəziyyətin yaranmasına şərait yaradıb”, - deyə o fikirlərini yekunlaşdırdı.
NURİYYƏ













