“Biz öz yolumuzu seçmişik, gerilikçi düşüncələrinizi bizə sırımağa çalışmayın!” - Ərdoğanın müşavirinə CAVAB
“Türkiyədə son zamanlar Azərbaycana qarşı aparılan qarayaxma kampaniyası, bəzi siyasi çevrələrin qərəzli açıqlamaları və diplomatik nümayəndəliklərimiz qarşısında keçirilən aksiyalar ölkəmizdə ciddi narahatlıq doğurub. Narahatlıq boşuna da deyil. Xüsusilə Ərdoğanın baş müşaviri Oktay Saral və AKP-li millət vəkillərinin Azərbaycanın daxili işlərinə müdaxilə təsiri bağışlayan bəyanatları iki qardaş ölkə arasındakı münasibətlərin ruhuna ziddir və bizi çox incidir. Azərbaycan müstəqil, suveren və dünyəvi dövlətdir, bizdə dünyəvi təhsil mövcuddur. Təhsil siyasətimizi, qanunları və ictimai həyat qaydalarını müəyyən etmək yalnız Azərbaycan xalqının və dövlətinin səlahiyyətindədir”.
Bunu Redaktor.az-a açıqlamasında herbiand.az saytının redaktoru, siyasi şərhçi Elman Cəfərli bildirdi.
O qeyd etdi ki, Azərbaycan təxminən 200 ildir şəriət hüququndan uzaqlaşaraq dünyəvi hüquq sisteminə doğru inkişaf yolu keçib:
“İki əsrdir dünyəvi dövlətçilik və hüquq ənənələrimiz formalaşır. Ölkəmizdə qadınlar və kişilər bərabər hüquqlara malikdir. Bizdə orta əsrlərə xas cəza üsulları yoxdur, oğurluğa görə heç kimin əli kəsilmir. Qızlar doqquz yaşında ərə verilmir. Qadınlar siğə yolu ilə münasibətlər qurmur. Təəssüf ki, dünyanın bəzi ölkələrində, o cümlədən qonşu dövlətlərdə hələ də şəriət adı altında sərt cəzalar tətbiq edilir, erkən nikahlar var, qadın hüquqları məhdudlaşdırılır. Azərbaycan isə öz yolunu seçib və bu yol dünyəvi dövlətçilik, müasir təhsil, hüquqi bərabərlik və elmi tərəqqi yoludur.
Bizim başqa xalqların dini inancları və dövlətçilik seçimləri ilə işimiz yoxdur. Kim istəyir, öz ölkəsində dini prinsiplərə əsaslanan idarəçilik modeli qursun, “Kərimə dövləti”, “Raşidi xilafəti” yaratsın. Getsinlər, seçdikləri yolda xoşbəxt olsunlar, bizdən də uzaq olsunlar”.

Müsahibimiz əlavə etdi ki, heç kəs öz gerilikçi düşüncələrini Azərbaycan cəmiyyətinə qəbul etdirməyə çalışmasın.
“Azərbaycanda məktəbli qızların baş örtüyü məsələsini gündəmə gətirən AKP-li siyasətçilər eyni tələbləri Şimali Kipr üçün niyə səsləndirmirlər? Niyə oradakı məktəbli geyim qaydaları ilə bağlı eyni siyasi fəallığı nümayiş etdirmirlər? Türkiyənin özündə də ibtidai məktəb şagirdlərinin geyim qaydaları ilə bağlı məhdudiyyətlər mövcuddur. Bəs nə üçün Azərbaycanın dünyəvi təhsil sisteminə münasibətdə fərqli meyarlar tətbiq olunur?
Türkiyədə dini mühafizəkarlığın siyasi qərarlara təsirinin artmasından narahatıq. Amma bu ölkədə artıq “molla rejimi” qurulduğunu söyləmək doğru olmaz. Əsas təhlükə dinin siyasi mübarizə alətinə çevrilməsi, insanların dini hisslərindən istifadə edilərək dünyəvi dövlətçilik prinsiplərinin zəiflədilməsidir. Türkiyənin özünün də zəngin dünyəvi dövlətçilik ənənələri var və bu ənənələrə hörmət edilməlidir.
Azərbaycanla Türkiyə arasındakı qardaşlıq münasibətləri ayrı-ayrı siyasətçilərin, dini qrupların və radikal çevrələrin maraqlarından qat-qat üstündür. Türkiyə xalqı ilə Azərbaycan xalqını ortaq tarix, dil, mədəniyyət və strateji maraqlar birləşdirir. Biz Türkiyənin daxili işlərinə qarışmadığımız kimi, Azərbaycanın daxili məsələlərinə də eyni hörmətin göstərilməsini gözləyirik”.
Xədicə BAXIŞLI













