Sahibə Qafarova Belarus Respublikası Milli Assambleyası Nümayəndələr Palatasının sədri ilə görüşdü - FOTO
Milli Məclisin sədri Sahibə Qafarova oktyabrın 15-də ölkəmizdə səfərdə olan Belarus Respublikası Milli Assambleyası Nümayəndələr Palatasının sədri İqor Sergeyenko ilə görüşüb.
Bu barədə Redaktor.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Söhbət zamanı Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşünə yüksək səviyyədə ev sahibliyi etməsi və ölkəmizin AQEM-ə uğurlu sədrliyi vurğulanıb.
Görüşdə ölkələrimiz arasında münasibətlərin səmimi dostluq, konstruktiv dialoq, qarşılıqlı etimad və dəstək əsasında bütün istiqamətlər üzrə ardıcıl surətdə genişləndiyi və strateji tərəfdaşlıq xarakteri daşıdığı qeyd olunub. Tərəflər əlaqələrin hazırkı yüksək səviyyəyə çatmasında dövlət başçıları arasındakı dostluq münasibətlərinin, ali səviyyəli qarşılıqlı səfərlərin və görüşlərin rolunu xüsusilə vurğulayıblar. Ölkələrimizin beynəlxalq təşkilatlarda da uğurla əməkdaşlıq etdiyi, beynəlxalq platformalarda bir sıra məsələlərdə bir-birinə qarşılıqlı dəstək verdiyi də ifadə olunub.
Söhbət zamanı parlamentlərarası əlaqələrin də ölkələrimiz arasındakı münasibətlərin hazırkı səviyyəsinə uyğun olaraq yüksək səviyyədə inkişafından məmnunluq qeyd edilib. Milli Məclisin sədri Sahibə Qafarova 2024-cü ilin iyununda Belarusa rəsmi səfərini və keçirdiyi görüşləri, həmçinin Belarus Respublikası Milli Assambleyası Respublika Şurasının sədri Natalya Koçanovanın və Nümayəndələr Palatasının sədri İqor Sergeyenkonun Azərbaycana səfərlərini xatırladaraq, parlamentlərimizin rəhbərləri səviyyəsində həyata keçirilən bütün bu səfərlərin və görüşlərin qanunvericilik orqanlarımız arasında əlaqələrin mövcud səviyyəsinin uğurlu bir göstəricisi olduğunu bildirib.
Qeyd olunub ki, bu gün parlamentlərimizdə fəaliyyət göstərən dostluq qrupları müntəzəm olaraq təmasdadırlar, deputatlarımız qarşılıqlı olaraq həm Azərbaycanda, həm də Belarusda təşkil olunan tədbirlərdə iştirak edirlər. Qanunvericilik orqanlarımızın Parlamentlərarası İttifaq, MDB Parlament Assambleyası, Asiya Parlament Assambleyası kimi beynəlxalq təşkilatlarda da uğurlu əməkdaşlığı qeyd edilib və bu istiqamətdə də fəaliyyətin davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.














