“Dostluq və müttəfiqlik qarşılıqlı hörmət tələb edir” - Ankaraya MESAJ

 15:37 15.10.2026     66

“Azərbaycan Türkiyə ilə münasibətlərini təbii müttəfiqlik münasibətləri hesab edir. Bu münasibətlərə xələl gəlməsi üçün Azərbaycan tərəfindən hər hansı addım atıldığının şahidi olmamışıq. Belə hallar Azərbaycan ərazisində baş verərsə, Azərbaycan dövləti bununla bağlı müvafiq tədbirlər görür və bundan sonra da görəcək. Təəssüf ki, Türkiyədən isə bu cür münasibətin şahidi oluruq”.

Bu barədə Redaktor.az-a açıqlamasında politoloq Xəyal Bəşirov bildirdi.

Onun sözlərinə görə, bizə bəllidir ki, zaman-zaman bir sıra qardaş, dost və müttəfiq dövlətlər və xalqlar arasında münasibətlər heç də Azərbaycanla Türkiyə arasındakı münasibətlər kimi olmayıb:

“Bir çox qardaş dövlət var ki, hətta bir-biri ilə müharibə vəziyyətindədir. Azərbaycanla Türkiyə arasındakı münasibətlər isə tamamilə fərqli olub. Bir çox məsələlərdə Azərbaycan Türkiyənin, Türkiyə isə Azərbaycanın mövqeyindən çıxış edib. Biz də bu münasibətlərin, bu dostluğun davam etməsinin tərəfdarıyıq. Amma dostluq, qardaşlıq və müttəfiqlik heç kimə qarşı tərəfin daxili işlərinə qarışmaq səlahiyyəti vermir. Bizim mövqeyimiz bu məsələdə aydındır. Azərbaycan həmişə istənilən dövlətlə, o cümlədən yaxın, dost və qardaş ölkələrlə münasibətlərini bərabərhüquqlu əməkdaşlıq və daxili işlərə qarışmamaq prinsipləri əsasında qurmağa üstünlük verib”.

Müsahibimiz nəzərə çatdırdı ki, başqa dövlətin daxili məsələlərinə müdaxilə etmədən də ona dəstək göstərmək mümkündür:

“Məsələn, Türkiyədə zəlzələlər və yanğınlar baş verəndə Azərbaycan həmişə Türkiyənin yanında olub. Eyni zamanda, Türkiyə də Azərbaycanın keçmiş Qarabağ münaqişəsi ilə bağlı mövqeyini dövlət səviyyəsində dəstəkləyib, müharibə zamanı ölkəmizə siyasi və diplomatik dəstəyini nümayiş etdirib, Azərbaycanın haqlı mövqeyinin yanında olub. Ancaq münasibətlərimiz yalnız keçmiş Qarabağ münaqişəsi ilə bağlı məsələlərdən ibarət deyil. Bu baxımdan düşünürəm ki, Türkiyədəki bəzi qüvvələrin, hətta birbaşa və ya dolayı yolla hakim partiyaya, yaxud səlahiyyətli şəxslərə bağlı olan qrupların Azərbaycana münasibətdə bu cür addımlar atmasını qəbul etmirik. Azərbaycan dövlətinin bu məsələ ilə bağlı rəsmi mövqeyi də bəllidir.

Ümid edək ki, Türkiyə tərəfi bu prosesə son qoymaq üçün dövlət səviyyəsində müvafiq addımlar atacaq. Təbii ki, istənilən məsələ ilə bağlı mövqe bildirmək olar. Lakin qarşı tərəfi ittiham etmək və Azərbaycan dövlətini əsassız ittihamlara məruz qoymaq münasibətlərimizin ruhuna və mahiyyətinə uyğun deyil. Düşünürəm ki, həm Azərbaycan xalqı, həm də Azərbaycan dövləti Türkiyənin bu məsələdə də qardaşlıq, dostluq və təbii müttəfiqlik münasibətlərinə uyğun mövqe sərgiləyəcəyinə, prosesə son qoyulması üçün lazımi addımlar atacağına ümid edir”.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən