Ərdoğanın müşavirinə sərt cavab: “Azərbaycanın iradəsinə müdaxilə edə bilməzsiniz!”

 16:19 15.10.2026     158

“Son zamanlarda Türkiyənin sosial media seqmentində Azərbaycana qarşı informasiya hücumlarının şahidi oluruq. Təəssüf doğuran məqamlardan biri odur ki, bu hücumlar qardaşlıq prinsipləri ilə bir araya sığmır”.

Bu sözləri Redaktor.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova bildirdi.

Onun sözlərinə görə, bu istiqamətdə təəssüf doğuran digər məqamlardan biri də ondan ibarətdir ki, məsələ artıq partiya səviyyəsinə qaldırılıb:

“Yəni, Ədalət və İnkişaf Partiyasının millət vəkilləri Azərbaycan əleyhinə aparılan bu informasiya kampaniyasında yer almağa başlayıblar. Yeni Azərbaycan Partiyası da haqlı olaraq, tam zamanında məsələ ilə bağlı bəyanat yayıb.

Xüsusilə də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Oqtay Saralın Azərbaycana qarşı səsləndirdiyi fikirlər qəbuledilməzdir. Birincisi, Azərbaycan öz reallıqlarını özü yaradan ölkədir. Cənab Prezident İlham Əliyev müstəqil xarici siyasət yürüdür. Bu siyasət Azərbaycan xalqının milli maraqlarının təmin edilməsi istiqamətində həyata keçirilir. Bu baxımdan, davranışların ölkələrimiz arasındakı münasibətlərə mənfi təsir göstərməməsinə Azərbaycan tərəfindən hər zaman həssas yanaşılıb. Lakin təəssüf ki, aqressiv və böhtan xarakterli fikirlər və bəyanatlarla üzləşirik. Hər şeydən öncə qeyd edilməlidir ki, yürütdüyümüz müstəqil xarici siyasət çərçivəsində verdiyimiz qərarlar beynəlxalq hüququn norma və prinsiplərinə zidd deyil. Biz qarşılıqlı maraqlara əsaslanan münasibətlər qururuq. Bu istiqamətdə Azərbaycanın İsraillə qurduğu əlaqələrin məqsədli şəkildə təhrif edilməsi yanlışdır”.

Müsahibimiz vurğuladı ki, Fələstin məsələsinə gəldikdə isə Azərbaycanın mövqeyi tam aydındır:

“Azərbaycan Şərqi Qüdsün Fələstin dövlətinin paytaxtı olması ilə bağlı ‘iki dövlət’ prinsipi əsasında həllini dəstəkləyir. Mülki əhalinin müdafiəsi məsələsində beynəlxalq hüquqa uyğun olaraq, onun norma və prinsiplərinə istinad edərək hər zaman dəstək vermişik. İslam dünyasında Azərbaycan həmrəyliyə səsləyir. Eyni zamanda, İslam dünyasında birliyin və bərabərliyin daha da gücləndirilməsinin önəmini vurğulayır və bu istiqamətdə ardıcıl addımlar atır.

Biz həmçinin öz milli-mənəvi dəyərlərimizə bağlıyıq, dini dəyərlərimizə hörmət edirik. Azərbaycan dünyəvi dövlətdir. Bu, Konstitusiyamızda təsbit edilib. Türkiyə Respublikasının Konstitusiyasında da dövlətin dünyəviliyi təsbit olunub. Bu baxımdan, vahid məktəbli forması məsələsinin başqa istiqamətlərə yönəldilməsi yolverilməzdir.

Xüsusi toxunmalı olduğumuz məqamlardan biri də ondan ibarətdir ki, cənab Prezident, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin şəxsiyyətinə qarşı ayrı-ayrı informasiya resurslarında səsləndirilən təhqir, böhtan və iftira xarakterli fikirlər bizi dərindən narahat edir. Bu, bizdə haqlı hiddət doğurur”.

Politoloq diqqətə çatdırdı ki, Azərbaycan və Türkiyə arasındakı münasibətlər “Bir millət, iki dövlət” prinsipi əsasında inkişaf etməlidir:

“Lakin burada söhbət müstəqil iki dövlətdən gedir. Bu istiqamətdə hər hansı bir dövlətin bizim qərarlarımıza müdaxilə etməsi yolverilməzdir.

Bütün bu məsələlərlə bağlı təmkinli davranmağı, söz və ifadələri seçərək istifadə etməyi daha məqbul hesab edirəm. Azərbaycan müstəqil siyasət yürüdür. Bu müstəqil siyasətə və iradəmizə kiminsə müdaxilə etməsinə icazə verməyəcəyik”.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən