Əli Məsimlidən Türkiyədəki rəsmilərə və AKP deputatlarına SƏRT MESAJ

 17:18 15.10.2026     183

“Azərbaycan İkinci Qarabağ müharibəsindən sadəcə qalib dövlət kimi yox, həm də daha böyük hədəflərə nail olmağa qadir bir dövlət kimi çıxıb. Bu, özünü bütün sahələrdə, o cümlədən Azərbaycanın xarici siyasət strategiyasının ənənəvi regional çərçivələrdən çıxaraq öz coğrafi miqyasını və təsir dairəsini əhəmiyyətli dərəcədə genişləndirməsi, qlobal tərəfdaşlıq platformalarına inteqrasiyası sahəsində də göstərir”.

Bunu Redaktor.az-a açıqlamasında deputat Əli Məsimli bildirdi. O vurğuladı ki, bu prosesdə Azərbaycan və Türkiyə arasındakı əlaqələrin strateji müttəfiqlik səviyyəsində və “Bir millət, iki dövlət” prinsipi üzərində qurulmuş sarsılmaz bağlarla bir-birinə bağlı olması, 2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsi ilə bu müttəfiqliyin rəsmi olaraq ən yüksək hərbi-siyasi səviyyəyə qaldırılması xüsusi yer tutur:

“Bu möhtəşəm birlik hər iki qardaş dövlətlə yanaşı, Türk dünyasının da gücünə güc qatır. Lakin son günlər Türkiyədə bəzi dairələr tərəfindən Azərbaycana qarşı qarayaxma kampaniyasının başlanması xeyli suallar doğurub. Son günlər baş verən proseslər açıq-aydın göstərir ki, iki qardaş ölkə arasında yaranan hər fikir ayrılığını fürsətə çevirərək onu böyük bir qarşıdurmaya çevirmək istəyənlər xeyli fəallaşıblar. Bu kontekstdə Türkiyə Prezidentinin baş məsləhətçisinin və hakim Ədalət və İnkişaf Partiyasının bəzi millət vəkillərinin bu kampaniyaya qoşulması və gərginliyin artmasına xidmət edən çıxışları böyük təəssüf doğurur.

Türkiyənin yüksək vəzifəli həmin rəsmi şəxslərinin çıxışları iki ölkə arasındakı qardaşlıq ruhuna zidd olmaqla yanaşı, həm də bu iki qardaş ölkə arasında nifaq salmaq istəyən qrupların maraqlarına xidmət edir. Məqsəd Azərbaycan cəmiyyətini Türkiyəyə qarşı, Türkiyə cəmiyyətini isə Azərbaycana qarşı qızışdırmaq, iki qardaş ölkə arasına nifaq salmaqdır. Bu, Türk dünyasının sürətlə artan nüfuzuna, güclənən birliyinə və qarşısına qoyduğu hədəflərə çatmaq yolundakı tarixi perspektivlərinə qarşı da bir qəsddir. Ona görə də sözügedən rəsmilərin populist çıxışlarına Azərbaycan tərəfindən haqlı olaraq suverenliyə və daxili işlərə müdaxilə kimi qiymət verilib və rəsmi səviyyədə sərt etiraz bildirilib. Bəli, Azərbaycanı Türkiyədən, Türkiyəni Azərbaycandan uzaqlaşdırmaq istəyənlər öz bəd əməllərini dayandırmalıdırlar”.

Millət vəkili nəzərə çatdırdı ki, yaranmış gərginlik fonunda Türkiyənin xarici işlər naziri Hakan Fidan Bakıda keçirilən regional sammitdə iştirak etmək üçün Azərbaycana səfər edib:

“Bu səfər və Türkiyənin digər aparıcı siyasi qüvvələrinin, xüsusən də MHP sədri Dövlət Baxçalının verdiyi müsbət bəyanatlar rəsmi Ankaranın Azərbaycanla əlaqələrin zədələnməməsinə önəm verdiyini göstərir. Doğrudur, sözügedən təxribatçı hərəkət və davranışlarla Azərbaycan-Türkiyə qardaşlığını sarsıtmaq mümkün deyil. Bununla belə, iki qardaş ölkə arasında münasibətlərdə çat yaratmaq istəyənlərin niyyətlərini gözlərində qoymaq üçün bağları qorumaq, emosiyaya qapılmadan fikirdə, sözdə və əməldə çox həssas davranaraq təxribatla həqiqəti bir-birindən ayırmaq zamanıdır”.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən