“Azərbaycanın daxili işlərinə müdaxilə yolverilməzdir!” - Ədalət Partiyası bəyanat YAYDI

 17:09 15.10.2026     81

Ədalət Partiyası Azərbaycanın daxili işlərinə müdaxilə cəhdlərini yolverilməz hesab edir və məktəbli geyim forması ilə bağlı qəbul edilmiş qərarı dəstəkləyir.

Redaktor.az-ın məlumatına görə, partiyanın bəyanatında bildirilir ki, son günlər bəzi xarici media vasitələrində Azərbaycana qarşı təbliğat kampaniyası aparılması və ölkənin daxili məsələlərinin qərəzli şəkildə təqdim edilməsi narahatlıq doğurur. Xüsusilə, ümumi təhsil müəssisələrində məktəbli geyim forması ilə bağlı qəbul edilmiş qərarın müxtəlif siyasi və ideoloji məqsədlərlə gündəmə gətirilməsinin xarici qrupların maraqlarına xidmət etdiyi qeyd olunur.

Ədalət Partiyası hesab edir ki, Azərbaycanın daxili işlərinə müdaxilə etmək, milli qanunvericiliyə və dövlətin müstəqil qərarlarına kənardan təzyiq göstərməyə çalışmaq yolverilməzdir. Bəyanatda vurğulanır ki, hər bir dövlətin təhsil siyasətini öz qanunları, milli maraqları və cəmiyyətin inkişaf prioritetləri əsasında müəyyən etmək hüququ var və Azərbaycan da suveren dövlət kimi bu hüquqa malikdir.

Partiya dövlət ümumi təhsil müəssisələrində vahid məktəbli geyim formasına dair tələbləri düzgün və əsaslı addım hesab edir, bu sahədə edilmiş dəyişiklikləri cəmiyyətin və dövlətin mənafelərinə uyğun olduğu üçün dəstəkləyir.

Bəyanatda qeyd olunur ki, Nazirlər Kabinetinin 21 sentyabr 2026-cı il tarixli 309 nömrəli Qərarı ilə məktəbli geyim formalarına dair qaydalara edilən dəyişikliklər təhsil mühitində vahidliyin qorunmasına, müəyyən edilmiş tələblərə riayət olunmasına və dünyəvi təhsil prinsipinin möhkəmləndirilməsinə xidmət edir. Partiya hesab edir ki, bu dəyişikliklər “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda təsbit edilmiş prinsiplərlə uzlaşır və milli təhsil sisteminin sağlam əsaslar üzərində inkişafına töhfə verir.

Bəyanatda dünyəvi təhsil sisteminin məktəbin dini və siyasi təsirlərdən kənar, bütün şagirdlər üçün bərabər təhsil imkanları yaradan ictimai məkan olmasını nəzərdə tutduğu bildirilir. Qeyd olunur ki, vahid məktəbli forması şagirdlər arasında sosial fərqlərin geyim vasitəsilə qabardılmasının qarşısını almağa, ümumi məktəb mühitini və intizamı qorumağa xidmət edir.

Partiya hesab edir ki, məktəb ilk növbədə bilik, dünyagörüşü, milli-mənəvi dəyərlərə hörmət və vətəndaş məsuliyyəti qazandıran təhsil müəssisəsi olmalıdır.

Dini baş örtüyü məsələsinə də münasibət bildirən Ədalət Partiyası onun məktəbli formasına uyğunluğunun qüvvədə olan qaydalar çərçivəsində qiymətləndirilməli olduğunu vurğulayır. Bəyanatda bu məsələ ilə bağlı müzakirələrin qanunvericiliyin tələbləri və dünyəvi təhsilin prinsipləri əsasında aparılmasının vacibliyi qeyd olunur. Qəbul edilmiş qaydaların mahiyyətini təhrif etmək və onları dini etiqada qarşı yönəlmiş addım kimi təqdim etmək düzgün hesab edilmir.

Ədalət Partiyası dini etiqad azadlığına hörmətlə yanaşmaqla yanaşı, dünyəvi təhsil sisteminin qorunmasını da vacib sayır. Bəyanatda bu iki prinsipin qarşı-qarşıya qoyulmasının cəmiyyətin sağlam inkişafına xidmət etmədiyi bildirilir. Qeyd olunur ki, təhsil siyasəti emosional çağırışlar və xaricdən aparılan təbliğat kampaniyaları ilə deyil, qanunvericilik, ictimai maraqlar və dövlətin məsuliyyəti əsasında müəyyən edilməlidir.

Sonda partiya beynəlxalq media qurumlarını və ayrı-ayrı siyasi dairələri Azərbaycanla bağlı məsələləri obyektiv işıqlandırmağa, ölkənin daxili işlərinə müdaxilə cəhdlərindən çəkinməyə çağırıb.

AMİNƏ

Vumart və Güvən reklamı Vumart Güvən