Paşinyan Quttreşlə görüşdü: "Əsas məqsədimiz Azərbaycanla sülh sazişinin imzalanmasıdır"
Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvana gələn BMT-nin Baş katibi Antonio Quterreşlə Azərbaycanla münasibətləri və BMT-nin Bioloji Müxtəliflik haqqında Konvensiyasının Tərəflər Konfransının 17-ci sessiyasının (COP17) keçirilməsini müzakirə edib.
Redaktor.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.
A.Quterreş COP17 çərçivəsində Liderlər Sammitində iştirak etmək üçün Ermənistana səfər edib. N.Paşinyan onun ölkəyə səfər edən ikinci BMT Baş katibi olduğunu diqqətə çatdırıb.
Hökumət başçısı son 8 ildə görülən birgə işin əhəmiyyətini vurğulayaraq, Cənubi Qafqazda mürəkkəb hadisə və sınaqlardan sonra vəziyyəti dəyişməyin mümkün olduğunu qeyd edib. Baş nazir Ermənistanın əsas məqsədinin prosesin yekun mərhələsinə çatmaq olduğunu bəyan edib:
“Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanmasını və ratifikasiyasını nəzərdə tuturam. Bu, əsas məqsədimizdir və ona nail olmaq üçün səylərimizi maksimum cəmləşdirməliyik”.
N.Paşinyan COP17-ni ölkədə indiyədək təşkil olunmuş ən böyük tədbir adlandıraraq onun yüksək səviyyədə keçiriləcəyinə əminliyini ifadə edib.
Öz növbəsində A.Quterreş konfransın yüksək səviyyədə təşkil olunduğunu bildirib. O, Ermənistanın müxtəlif fikir və mövqeləri uzlaşdırmaqda, birgə bəyanat və razılaşmalara nail olmaqda diplomatik bacarıq nümayiş etdirdiyini vurğulayıb. BMT-nin Baş katibi Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olmasının vacibliyini qeyd edərək, Paşinyanın bu prosesə şəxsi töhfəsini yüksək dəyərləndirib.
Görüşdə regiondakı proseslər, o cümlədən TRIPP layihəsinin icrası da diqqət mərkəzində olub. Həmsöhbətlər layihənin regional kommunikasiyaların açılması baxımından xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıblar.
Aminə ŞAHSUVARQIZI













