"Türkiyədə Ermənistanla barışığa can atan kifayət qədər nüfuzlu qüvvələr var" - AÇIQLAMA

 17:58 15.10.2026     73

“Hazırda Türkiyədə Cümhuriyyət Xalq Partiyasında Ermənistana rəğbət meyilləri özünü göstərir. Heç kimə sirr deyil ki, Türkiyədə Ermənistanla barışığa can atan kifayət qədər nüfuzlu qüvvələr var. Onlar bəzən reallığı düzgün qiymətləndirmədən açıq şəkildə bildirirlər ki, ermənilər Türkiyənin əzəli dostları və yaxınlarıdır, bu səbəbdən onlarla münasibətləri mütləq bərpa etmək lazımdır. Belə bir cərəyan mövcuddur”.

Bu barədə Redaktor.az-a açıqlamasında politoloq Tofiq Abbasov bildirdi.

O vurğuladı ki, bu zəmin üzərində bəzi qüvvələr Azərbaycanla Türkiyə arasındakı münasibətlərə də gərginlik gətirməyə çalışırlar:

“Təsadüfi deyil ki, Prezident İlham Əliyevin qurultaydakı çıxışında da bu məsələ ilə bağlı açıq mesajlar səsləndirilib: heç kəs Azərbaycanın daxili işlərinə qarışmamalıdır. Bilirsiniz, biz bir millət, iki dövlət ola bilərik. Ancaq hər bir dövlətin öz daxili və xarici siyasəti, hədəfləri, təhlükəsizlik konsepsiyası, inkişaf doktrinası və uzunmüddətli prioritetləri var. Heç bir dövlət digərinin bu prioritetlərini şübhə altına almamalı və onların həyata keçirilməsinə müdaxilə etməməlidir. Bu, yolverilməzdir. Beynəlxalq prinsiplərdən biri də ondan ibarətdir ki, müstəqil siyasət yürüdən dövlətlərin qərarları onların öz daxili işidir. Dövlətlər bu prosesdə kənar təsirlərdən özlərini qorumalıdırlar".

Müsahibimiz qeyd etdi ki, bəzən ən gözlənilməz təhlükə və çağırışların gözlənilməz tərəflərdən gəldiyi görünür:

"Hazırda baş verənlər də buna nümunədir. Türkiyədə Azərbaycana qarşı belə yad və ögey münasibətin ortaya çıxması, əlbəttə, gözlənilməzdir və məntiqə ziddir.

Çünki biz tarix boyu bir yerdə olmuşuq, aramızdakı bağlılıqlar çoxsaylıdır. Xalqlarımız arasında möhkəm münasibətlər sistemi formalaşıb. Bu, bir ilin, on ilin işi deyil, tarixdən qaynaqlanan yaxınlıqdır. Ən azı Çanaqqala döyüşlərində 3 mindən artıq azərbaycanlının, etnik azərbaycanlının şəhid olduğunu xatırlayaq. Türkiyə də 1918-ci ildə Bakının azad edilməsində iştirak edib. Həmin döyüşlərdə türk əsgərləri ilə yanaşı, azərbaycanlılar da vuruşublar.

Bütün bunlar onu göstərir ki, biz bir-birimizə yad deyilik, doğmayıq. Bizi birləşdirən tellər çox sıx və möhkəmdir, zamanın sınaqlarına tab gətirəcək gücdədir. Məhz buna görə də indiki dövrdə Türkiyədə Azərbaycanla bağlı bu cür anlaşılmaz və təhlükəli meyillərin ortaya çıxması təəccüb doğurur. Dövlət rəsmiləri bu məsələlərlə bağlı fikirlərini bildirirlər, müxalifət nümayəndələri də Azərbaycanı az qala qınaq obyektinə çevirirlər. Onlar Azərbaycana müxtəlif iradlar tutur, bu məsələlərdən kənarda qalmalı olduğumuzu və ya müəyyən addımlar atmamalı olduğumuzu bildirirlər”.

Siyasi şərhçi nəzərə çatdırdı ki, Azərbaycanda qanunlar qüvvədədir:

“Nazirlər Kabinetinin qərarları mövcuddur və onlar normativ qaydada təsbit olunur. Əgər müəyyən bir hərəkətin edilməməsi qaydalarla nəzərdə tutulubsa, həmin tələbə əməl edilməlidir. Nizam-intizam da məhz qanunlara, onların tələblərinə və müəyyən edilmiş normalara riayət etməkdən başlayır. Hüquqi dövlət dedikdə, hüquqi çərçivədə tətbiq olunan bütün normativ aktlara və qanunlara hörmətlə yanaşılması nəzərdə tutulur.

Buna görə də Türkiyənin bu məsələdə sərgilədiyi mövqe Azərbaycanda anlaşılmır. Digər tərəfdən, görünür ki, bəzi qüvvələr bilərəkdən və süni şəkildə ajiotaj yaradır, cəmiyyətdə Azərbaycanla bağlı mənfi təsəvvür formalaşdırmağa çalışırlar. Ancaq hesab edirəm ki, bu cəhdlər əbəsdir və heç bir nəticə verməyəcək. Azərbaycan müstəqil dövlətdir və biz öz gücümüzə arxalanırıq. Beynəlxalq aləmdə əldə etdiyimiz bütün uğurlar öz səylərimizin və gördüyümüz işlərin nəticəsidir”.

T.Abbasov hesab edir ki, Türkiyə bu yanlış mövqedən tezliklə uzaqlaşmalı, əvvəlki münasibətlərimizə və nəcib niyyətlərimizə qayıtmalıdır:

“Münasibətlərimizdə inciklik, kin-küdurət olmamalıdır. Baş verənlər heç cür anlaşılan deyil. Düşünürəm ki, vaxt keçdikdən sonra belə zəifliklərə yol verdiyimizə görə özümüzü qınaya bilərik. Hər halda, mən burada Türkiyəni nəzərdə tuturam.

Digər tərəfdən, Türkiyədə hazırda səsləndirilən çağırışlar və atılan yersiz addımlar İslam dəyərlərinə də uyğun deyil. İslamda bu məsələ ilə bağlı məcburi və birmənalı qaydanın olduğunu söyləmək çətindir. Görürük ki, İranın özündə də qadınlar baş örtüklərini çıxarırlar və onlara hər zaman müdaxilə edilmir. Bu, könüllülük məsələsidir.

Ancaq məktəblərdə şagirdlər üçün vahid forma tətbiq edilirsə, həmin qaydalara həm şagirdlər, həm də müəllimlər riayət etməlidirlər. Bu məsələdən istifadə edərək siyasi prosesləri süni şəkildə gərginləşdirməyin heç bir mənası yoxdur”.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən