"Ərdoğanın icazəsi olmadan baş müşaviri bu cür bəyanatlar verə bilməz"
“Azərbaycana qarşı informasiya hücumları yeni deyil. Uzun illərdir İran bu istiqamətdə Azərbaycana qarşı fəaliyyət göstərir. Bununla da kifayətlənmir, eyni zamanda, həm casus şəbəkələri, həm də maliyyələşdirdiyi dini qruplar vasitəsilə Azərbaycana təzyiq göstərməyə çalışır. Son hadisələrdə artıq İranın mövqeyi tamamilə aşkar oldu və üzə çıxdı”.
Bunu Redaktor.az-a açıqlamasında politoloq Abutalıb Səmədov dedi.
“Türkiyənin müəyyən dairələrinin Azərbaycana qarşı informasiya təxribatı aparması isə, təbii ki, bizim üçün həm gözlənilməz, həm də çox ağır qarşıladığımız bir hadisə oldu. Ancaq Azərbaycan dünyəvi dövlətdir. Ölkəmiz digər dövlətlərin üzləşdiyi çətinlikləri və problemləri nəzərə alaraq öz inkişafını təmin etməyə çalışır. Din siyasətə qarışmamalıdır”.
Siyasi şərhçi vurğuladı ki, dinin siyasətə müdaxiləsi heç kim üçün yaxşı nəticə verməyib:
“1979-cu ildə İranda İslam inqilabı baş verdi. Həmin vaxtdan keçən müddət ərzində İranın nə qədər gerilədiyi, hansı səviyyəyə gəlib çatdığı hamının gözü qarşısındadır. Bunu ilk növbədə İrandakı müəyyən dairələr bilməlidir. Eyni məsələlər, çox təəssüf ki, Türkiyədə də baş verib. Türkiyə iqtisadiyyatını iqtisadi qanunlarla deyil, dinin tələbləri ilə idarə etmək istəyənlər ölkəni dərin böhrana saldılar və hələ də bu böhrandan çıxmaq mümkün olmayıb. Bu səbəbdən Azərbaycan həm İranın, həm də Türkiyənin üzləşdiyi çətinlikləri nəzərə alaraq dünyəvi dövlət kursundan geri addım atmayacaq və dinin siyasətə alət edilməsinə imkan verməyəcək. İstər Türkiyədə, istərsə də İranda müəyyən dairələr bunu nə qədər tez başa düşsələr, bir o qədər yaxşı olar”.
Onun sözlərinə görə, dövlət başçısının icazəsi olmadan onun baş müşaviri bu cür bəyanatlar verə bilməz:
“Çox təəssüf ki, həm baş müşavirin bəyanatı, həm də səfirliyimiz qarşısında keçirilən etiraz aksiyaları Türkiyə hakimiyyətinin istəyi ilə reallaşır. Görünür, Türkiyədə müəyyən dairələr Azərbaycana qarşı böyük qardaşlıq iddiasındadırlar. Ancaq dəfələrlə deyilib və türk qardaşlarımız da nəhayət başa düşməlidirlər ki, Azərbaycanın böyük qardaşa ehtiyacı yoxdur. Azərbaycanın qardaşa ehtiyacı var. Azərbaycanın işinə qarışan, ölkə hakimiyyətinə necə davranacağını diktə etməyə çalışan heç kimə ehtiyacı yoxdur. Bu cür cəhdlərdən nə qədər tez imtina olunsa, münasibətlərimiz də bir o qədər yaxşı olar”.
Müsahibimiz qeyd etdi ki, Türkiyə yaxın tarixindən nəticələr çıxarmağa çalışmalıdır:
“Dinin siyasətə müdaxiləsi Türkiyə üçün kifayət qədər problemlər yaradıb. Hesab edirəm ki, bugünkü Türkiyənin düşdüyü ağır vəziyyətin, xüsusilə də iqtisadi böhranın kökündə dinin siyasətə müdaxiləsi dayanır. Türkiyə hakimiyyəti və onun yeritdiyi siyasəti müdafiə edənlər bu məqamı başa düşsələr, yaxşı olar”.
Xədicə BAXIŞLI













