"Hicabla bağlı qərarı birmənalı şəkildə dəstəkləyirəm" - Fazil Mustafa

 18:40 15.10.2026     70

Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa hicab məsələsi ilə bağlı Azərbaycana qarşı aparılan kampaniyaya münasibət bildirib.

Redaktor.az xəbər verir ki, Fazil Mustafa son vaxtlar hicab məsələsinin bəhanə edilərək Azərbaycana qarşı həm xaricdə, həm də daxildə məqsədyönlü təxribat xarakterli çağırışlar və qaralama kampaniyalarının həyata keçirildiyini qeyd edib.

Partiya sədri bu kampaniyanın birbaşa Azərbaycan dövlətinin maraqlarına qarşı yönəldiyini vurğulayıb və prosesə qoşulmuş bütün şəxsləri və qurumları bədxah davranışlardan çəkinməyə çağırıb.

Fazil Mustafa illərdir dini cəhalətə və xurafata qarşı mübarizə aparmaqla yanaşı, cəmiyyətdə insanların sağlam dini inanclara və dəyərlərə sahib olmasının zəruriliyini vurğuladığını bildirib.

Deputat Nazirlər Kabinetinin təhsil sistemində vahid geyim qaydalarının tənzimlənməsi ilə bağlı qərarını da dəstəklədiyini qeyd edib:

“Bu qərar Azərbaycan Konstitusiyasının tələblərinə uyğun olaraq təhsil sistemimizdə dünyəvilik prinsipinin qorunmasını, dövlət və din münasibətlərinin sağlam zəmində tənzimlənməsini özündə ehtiva edir və bu qərarı birmənalı şəkildə dəstəkləyirəm”.

Fazil Mustafa milli dövlətə və milli dəyərlərə sadiq olan hər bir Azərbaycan vətəndaşını dövlətin və xalqın ali maraqlarını qətiyyətlə qorumağa çağırıb.

AMİNƏ

Vumart və Güvən reklamı Vumart Güvən