“AQEM-in Zirvə Görüşü Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir” - Jalə Əliyeva
“AQEM-in 7-ci Zirvə Görüşünün Bakıda keçirilməsini Azərbaycanın beynəlxalq nüfuzunun, diplomatik imkanlarının və dünya dövlətləri ilə əlaqələrinin inkişafının mühüm göstəricisi kimi qiymətləndiririk. Müxtəlif ölkələrin yüksək səviyyəli nümayəndələrinin Azərbaycana gəlməsi ölkəmizin beynəlxalq əməkdaşlıq üçün etibarlı tərəfdaş və mühüm dialoq platforması kimi mövqeyini bir daha nümayiş etdirir”.
Bunu barədə Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Jalə Əliyeva dedi.
Onun fikrincə, belə mötəbər tədbirlər Azərbaycanın digər dövlətlərlə həm ikitərəfli, həm də çoxtərəfli münasibətlərinin möhkəmləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır:
"Zirvə görüşləri çərçivəsində siyasi təmasların genişlənməsi, qarşılıqlı maraqların müzakirəsi və yeni əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi üçün əlverişli şərait yaranır. Bu, xüsusilə iqtisadiyyat, enerji, nəqliyyat, ticarət və humanitar əlaqələrin inkişafı baxımından mühüm fürsətdir”.
Millət vəkili əlavə etdi ki, müasir dövrdə mürəkkəb geosiyasi proseslər fonunda dövlətlər arasında dialoqun və qarşılıqlı etimadın gücləndirilməsi xüsusi əhəmiyyət kəsb edir:
“Azərbaycan əlverişli coğrafi mövqeyi, fəal xarici siyasəti və beynəlxalq təşəbbüsləri ilə Şərqlə Qərb arasında əməkdaşlığın inkişafına töhfə verir. Ölkəmizin bu kimi beynəlxalq tədbirlərə ev sahibliyi etməsi həm də onun təşkilati imkanlarını, siyasi sabitliyini və qlobal proseslərdə fəal iştirakını nümayiş etdirir.
AQEM-in 7-ci Zirvə Görüşü Azərbaycanın milli maraqlarının beynəlxalq müstəvidə təşviqi, xarici tərəfdaşlarla əlaqələrin genişləndirilməsi və ölkəmizin beynəlxalq mövqeyinin daha da möhkəmləndirilməsi baxımından əhəmiyyətli hadisədir. Bu platformalar Azərbaycanın dünya dövlətləri ilə qarşılıqlı faydalı əməkdaşlığını dərinləşdirməklə yanaşı, ölkəmizin sülhə, təhlükəsizliyə və etimada əsaslanan beynəlxalq münasibətlərə verdiyi töhfələri də artırır”.
Xədicə BAXIŞLI













