"Prezidentin söylədikləri gələcək üçün qlobal məna kəsb edir" - Musa Qasımlı
"Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 7-ci Zirvə Görüşünün keçirilməsi Azərbaycanın vacib regional məsələlərin müzakirə edildiyi məkan rolunu uğurla davam etdirdiyini göstərdi. Müşavirədə Prezident İlham Əliyev nitqində bir neçə mühüm məsələni dünyaya çatdırdı: Azərbaycanın dünya siyasətində tutduğu yer, oynadığı rol və yürütdüyü müstəqil xarici siyasət; dünyada iki standartlara yol verilməsi davam etdikcə gələcəkdə təhlükələrin qalması; Azərbaycan xalqının ali keyfiyyətləri".
Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Musa Qasımlı feysbuk hesabında yazıb.
"Coğrafi olaraq Asiya ilə Avropanın kəsişməsində yerləşən Azərbaycanın Avrasiya məkanında mərkəz kimi getdikcə daha böyük rol oynadığının nitqdə vurğulanması əhəmiyyətli idi. Ölkəmizin ikitərəfli və çoxtərəfli formatlar çərçivəsində bir çox dövlətlərlə siyasi, iqtisadi, nəqliyyat, enerji, humanitar sahələrdə əməkdaşlığı regionda təhlükəsizlik sistemini möhkəmləndirir. Əməkdaşlıq zəncirində birləşdirici həlqə olan Azərbaycan bərabərhüquqluluq, daxili işlərə qarışmama, ölkələrin ərazi bütövlüyünün və suverenliyinin üstünlüyünə əsaslanan müstəqil xarici siyasət yürüdür.
Azərbaycan həmişə dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların və seçici yanaşmaların tətbiqi ilə bağlı zərərli praktikanın əleyhinə qəti şəkildə çıxıb və çıxır. Azərbaycan dövləti bu yanaşmanı ərazilərinin təqribən 20%-i işğal altında olarkən BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməməsində və ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyində görüb. Ədalətsizliyə Azərbaycan öz gücü ilə son qoyub, işğalçını təkbaşına qovaraq ərazilərini azad edib. Qələbə Azərbaycan xalqının bağrından çıxan silahlı qüvvələrimizin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qazandığı tarixi zəfərdir".
Millət vəkili vurğulayıb ki, Prezident İlham Əliyevin söylədikləri həm də gələcək üçün qlobal məna kəsb edir:
"Çünki BMT Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatlarının qəbul etdiyi qərar və qətnamələrin icrasını təmin edən mexanizmlər hazırlanmadıqca, işlək hala gətirilmədikcə müharibələr, münaqişələr davam edəcək, yeniləri də meydana çıxacaqdır. Tarix boyu cəzasız qalan təcavüzkar daha da şirnikləşib, işğallarını genişləndirib. İndi də belədir.
Nitqdə Azərbaycan xalqının minilliklər boyu formalaşmış xarakterinin ali keyfiyyətləri bir daha bəyan edildi. Prezident İlham Əliyevin təcavüzkarı müdafiə edənlərin qürurlu, azadlıqsevər, adət-ənənələri və əxlaqi dəyərləri ilə yaşayan Azərbaycan xalqının xasiyyətini yaxşı tanımadıqlarını vurğulaması həmin dairələrə bir dərs, gələcəkdə belə xəyallara düşmək istəyənlərə isə acı xəbərdarlıq idi.
Qisasını döyüş meydanında alan, məğlub olana, diz çökənə zərbə endirməyən, sülh əlini uazadan Azərbaycan uşaq qatillərinin, vəhşilərin səviyyəsinə enmədi. Bu, Azərbaycan xalqının yüksək mənəvi keyfiyyətlərinin və dərin mədəniyyətinin göstəricilərindən biri olmaqla digərlərinə də örnəkdir.
Prezident İlham Əliyevin nitqi təkcə yaxın keçmişi və müasir beynəlxalq münasibətlərdə yaranmış şəraiti təhlil etdiyi deyil, eyni zamanda gələcəyə də yol göstərdiyi üçün əhəmiyyətlidir".
Aytəkin TOFİQQIZI













