“Kim idi Ermənistanda sülh haqqında düşünən?” - AÇIQLAMA

 12:03 16.10.2026     181

Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Görüşündə çıxışı zamanı Azərbaycanın məğlub vəziyyətdə olan tərəfə zərbə endirmədiyini, xalqın çəkdiyi əzablara səbəb olanların səviyyəsinə enmədiyini bildirib. Dövlət başçısı, eyni zamanda, Azərbaycanın sülh təklif etdiyini və bir ildən artıqdır sülh şəraitində yaşandığını vurğulayıb. O, sülhün hələ də kövrək olduğunu, onu qorumaq və möhkəmləndirməyin vacibliyini diqqətə çatdırıb.

Dövlət başçısının çıxışını Redaktor.az-a şərh edən Milli Məclisin deputatı Tural Gəncəliyev bildirdi ki, İlham Əliyevin AQEM-in 7-ci Zirvə Toplantısında çıxışı Azərbaycan-Ermənistan sülh prosesi və ümumiyyətlə, regionda yaranmış yeni reallıq baxımından önəmli idi:

"Orada qeyd olundu ki, biz heç vaxt məğlub vəziyyətdə olana zərbə endirməmişik. Həqiqətən də, bu, çox önəmli bir fikirdir. Çünki Ermənistan məğlub oldu, kapitulyasiya imzaladı, onurğa sütunu qırıldı, amma biz Ermənistana sülh əlimizi uzatdıq, Ermənistanla sülh müqaviləsinin layihəsini təklif etdik. Keçən il avqust ayında müqavilə layihəsi paraflanıb.

Prezident həmçinin əvvəlki çıxışlarında qeyd edib ki, heç kim bizim qarşımızı almırdı, biz istəsəydik, gedib İrəvanda növbəti üçüncü Zəfər tağını inşa edə bilərdik. Yəni bu onu göstərir ki, Azərbaycan güclü idi, Azərbaycan bilirdi ki, onun gücü kifayətdir ki, gedib İrəvanda Zəfər tağı inşa etsin, ancaq bunu etmədik. Bu, bir daha göstərir ki, biz özümüzdən zəifə zərbələr endirmədik, halbuki Ermənistan buna layiqdir. Ermənistan 30 il ərzində torpaqlarımızı işğal edib, insanlarımızı məhv edib, Xocalı və digər qəsəbələrdə genosid törədib və sair. Ona görə də hesab edirəm ki, bu çıxış önəmli çıxış idi və Azərbaycanın müdrik siyasətinin göstəricisidir. Yəni biz nə qədər güclü olsaq da, gücümüzü zəifə qarşı istifadə etmirik, gücümüzü praqmatizm, konstruktivizm çərçivəsində istifadə edib sülh yaradırıq. Necə ki, bu gün Cənubi Qafqaz məhz bu baxımdan fərqlənir".

Onun sözlərinə görə, sanki mesajlardan görünür ki, Ermənistan qətiyyən revanşizmə təzədən yuvarlanıb getməməlidir:

"Ermənistan, çünki özü də gözəl bilir ki, o, sülh prosesində hal-hazırda öz xoş niyyəti ilə, öz arzusu ilə oturmayıb. Bu prosesə xoş niyyəti ilə gəlməyib. Məhz Azərbaycan dövlətinin gücünü, ordumuzun gücünü görəndən sonra sülhə meyillənib. Yoxsa kim idi Ermənistanda sülh haqqında düşünən? Məgər həmin o Paşinyan deyildi Şuşada yallı oynayıb Qarabağın Ermənistan olmasını deyirdi? Ona görə də Ermənistan hələ bu gün də konstitusiyasında Azərbaycana qarşı iddia saxlayır. Yəni bütün bunlar o deməkdir ki, Ermənistan birdəfəlik anlamalıdır ki, Azərbaycanın sülh gündəmi, sülh prosesinə sadiqliyi məhz Azərbaycanın gücünün göstəricisidir. Amma bu güc konstruktivizm, dediyim kimi, praqmatizm çərçivəsində olan gücdür".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən