“Türkiyədəki bəzi dairələr İranın dəyirmanına su tökür” - Sona Əliyeva
"Azərbaycana qarşı son günlər sosial şəbəkələrdə aparılan informasiya hücumları təsadüfi deyil. Bu, məqsədyönlü kampaniyadır. Bəhanə məktəblərdəki geyim qaydasıdır. Hədəf isə Azərbaycanın dünyəvi dövlət modelidir. İran üçün bu, köhnə oyundur. Tehran rəsmi səviyyədə susur, amma Telegram kanalları, TikTok hesabları gecə-gündüz işləyir. Hələ ötən il İsrail-İran savaşı zamanı Milli Məclisin müvafiq komissiyası yalnız TikTok-da Azərbaycana qarşı dezinformasiya yayan 215-dən çox hesab aşkarlamışdı. Yəni, maşın çoxdan qurulub. İndi sadəcə yeni mövzu ilə işə salınıb. Molla rejimi özü savaşın içində boğulur, amma Azərbaycanda dini kartı oynamaqdan əl çəkmir".
Bunu Redaktor.az-a açıqlamasında keçmiş deputat Sona Əliyeva bildirdi.
Müsahibimiz qeyd etdi ki, Türkiyə xətti isə daha ağrılıdır:
"Ona görə ki, zərbə qardaşdan gəlir. Ərdoğanın baş müşaviri Oktay Saralın "X"də Bakını qərarı geri götürməyə çağırması, ardınca Türkiyədəki islamçı dairələrin sosial şəbəkələrdə göz yaşı tökən məktəbli qızların videolarını yayması heç də sadə emosiya deyil. Bu, Azərbaycanın daxili işinə açıq müdaxilədir. “Bir millət, iki dövlət” prinsipi heç kimə qardaşının evində qayda qoymaq hüququ vermir.
Bəs bu iki xətt niyə eyni vaxtda işə düşdü?".
S.Əliyevanın fikrincə, Ankaranın islamçı dairələri ilə Tehranın təbliğat şəbəkələri fərqli niyyətlə yola çıxıblar:
"Biri daxili auditoriyaya oynayır, digəri isə Azərbaycan cəmiyyətini parçalamaq istəyir. Amma nəticədə ikisi də eyni dəyirmana su tökür. Ox eyni hədəfə atılır. İstənilən halda, Bakı geri addım atmayacaq. Dünyəvilik Azərbaycan üçün danışıqlar mövzusu deyil, dövlətçiliyin dayaq sütunudur. Bunu həm Tehran, həm də Ankaradakı bəzi dairələr anlamalıdır.
Cəmiyyətə isə bir məsləhətim var: Telefon ekranında gördüyünüz hər videoya inanmayın. Kimin paylaşdığını, haradan gəldiyini, kimə xidmət etdiyini soruşun. Ona görə ki, informasiya savaşında ilk itki həqiqət olur. Belə olan təqdirdə, Türkiyə ilə yaranmış gərginlik uzun sürməyəcək. Ankara strateji müttəfiqini hicab mübahisəsi üstündə itirmək riskinə getməz və bu səs-küyü yaxın həftələrdə səngitməyə çalışacaq. İran isə hücumlarını davam etdirəcək, çünki Tehran üçün bu, keçici kampaniya deyil, uzunmüddətli siyasətdir. Deməli, əsl təhlükə cənubdan gəlir və ona qarşı mübarizə də uzunmüddətli olmalıdır".
Həmsöhbətimiz vurğuladı ki, Ərdoğanın baş müşavirinin və AKP-li deputatların açıqlamaları qərəzlidir:
"Bu, Azərbaycanın daxili işinə açıq müdaxilədir. Səfirliyimiz və konsulluğumuz önündəki aksiyalar isə həmin müdaxilənin küçə variantıdır. Ankaradakı bəzi dairələr bunu bir neçə səbəbdən edir. Birincisi, AKP daxili auditoriyaya oynayır. Türkiyədə iqtisadi vəziyyət ağırdır, xalq bahalıqdan şikayətlənir. Belə vaxtda “İslam dünyasının hamisi” obrazını satmaq ən ucuz yoldur. İkincisi, Ankara Bakıya hələ də “kiçik qardaş” kimi baxır. Elə düşünür ki, Azərbaycanın qərarlarına təsir edə bilər. Üçüncüsü, Türkiyə öz yarasını bizim üzərimizə köçürür. 1997-ci ildə Türkiyənin özü universitetlərdə baş örtüyünü qadağan etmişdi. AKP siyasi kimliyini məhz o travma üzərində qurub. İndiki halda birinci və üçüncü variant daha inandırıcı görünür. İstənilən halda, Azərbaycan 1997-ci ilin Türkiyəsi deyil. Burada çevriliş yoxdur, qanuni dövlət qərarı var. “Bir millət, iki dövlət” prinsipi heç kimə qardaşının evində qayda qoymaq haqqı vermir. Azərbaycan Türkiyənin daxili işlərinə heç vaxt qarışmayıb. Eyni hörməti gözləmək də haqqımızdır. Ankaranın rəsmi səviyyədə aksiyalara göz yumması da sual doğurur. Diplomatik nümayəndəliyin önündə təxribat törədilirsə və hakimiyyət susursa, bu, səssiz razılıq deməkdir. Prezident İlham Əliyevin “həyat tərzimizə qarışmayın” mesajı da məhz buna cavab idi. Ox yaydan çıxıb. Bakı sərhədi açıq çəkib. Ən maraqlısı odur ki, bu səs-küydən ən çox qazanan Ankara deyil, Tehrandır. Molla rejimi bu dəfə susur. Çünki işini başqasının əli ilə görmək daha sərfəlidir. Türkiyədəki islamçı dairələr istəsələr də, istəməsələr də, İranın dəyirmanına su tökürlər.
Fikrimcə, rəsmi Ankara gərginliyi böyütməyəcək. Türkiyə Cənubi Qafqazda yeganə strateji müttəfiqini hicab mübahisəsi üstündə itirmək riskinə getməz. Yaxın həftələrdə AKP-li səslər səngiyəcək, aksiyalar azalacaq. Amma bu epizod iz qoyacaq. Deməli, qardaşlıq qalacaq, sadəcə bundan sonra onun sərhədləri daha aydın görünəcək".
Xədicə BAXIŞLI












