“Bir dövlət veto qoyur, qərar qəbul edilmir” - BMT ilə bağlı sərt tənqid

 14:02 16.10.2026     79

Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Toplantısında çıxışı zamanı bildirib ki, BMT Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatların qəbul etdiyi qərar və qətnamələrin icrasını təmin edən mexanizmlər hazırlanmayana qədər müharibələr və münaqişələr davam edəcək, yeniləri meydana çıxacaq.

Bəs beynəlxalq təşkilatların qərarlarının icrasını təmin etmək üçün hansı konkret mexanizmlər yaradılmalıdır?

Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Əli Mustafa bildirdi ki, beynəlxalq təşkilatlar, o cümlədən BMT mövcuddur və onların müəyyən hüquqları, səlahiyyətləri, öhdəlikləri və vəzifələri də var:

“Amma proseslərə təsir etmək imkanları, konkret icraatı təmin edən mexanizmləri ya yoxdur, ya da zəifdir. Düzdür, bəzən BMT-nin qərarlarının çox operativ olaraq həyata keçirildiyini görürük, çox belə sərt davranışlar da görürük. Amma həqiqət ondan ibarətdir ki, BMT özü bu gün bir-birinə zidd mövqedə olan dövlətlər tərəfindən yönəldilir. Yəni onun daimi üzvü olan beş dövlət demək olar ki, fərqli düşərgələrdədirlər və bir düşərgənin törətdiyi əməlləri digər tərəf gündəmə çıxardanda bu bloklanır. Birinci maneə budur. BMT-nin proseslərə təsir etmək, yaxud da aldığı qərarları icra etmək, yaxud da dünyada baş verən hadisələrə uyğun olaraq, BMT öz nizamnaməsinə uyğun olaraq adekvat qərarlar verə bilməsi və icra edə bilməsi üçün onun özünün strukturu, onun özünün fəlsəfəsi dəyişməlidir. Yəni beş daimi üzvdən biri istənilən qərara veto qoyursa, o qərar qəbul edilmir. Bu veto hüququ ya götürülməlidir, yaxud da elə bir sistem qurulmalıdır ki, orada dövlətlərin etirazı qərarların qəbuluna və icrasına mane olmasın”.

Onun sözlərinə görə, bu qurumların, o cümlədən BMT-nin demək olar ki, effektiv icraat strukturları nəzərdə tutulmayıb:

“Ordusu yoxdur, təsir imkanları yoxdur. Düzdür, sanksiyalar qəbul edir, amma onun da yenə həmin o beş dövlətin razılığa gəlməsi, uzlaşması lazımdır ki, bu mümkün olsun. Odur ki, mən düşünürəm ki, birinci mexanizm olaraq, onun idarəetmə orqanları dəyişməli, yenilənməlidir. İkinci, təbii ki, müəyyən strukturlar, o cümlədən hərbi strukturlar, maliyyə strukturları yaranmalıdır ki, onun qəbul etdiyi qərarların icrası təmin olunsun. Yəni təşkilat var, təşkilat hətta bəzən qərar da verə bilir. Düzdür, bəzən də qərar verə bilmir, amma bütün hallarda onun verdiyi qərarların icrası mexanizmi demək olar ki, ya yarımçıqdır, ya da yoxdur. Yalnız üzv dövlətlər müəyyən addımlar ata bilirlər. Birləşmiş hərbi qüvvələri, müəyyən təsir imkanları, real mexanizmləri olmalıdır ki, o qərarların icrasını təmin etsin. Yəni bu baxımdan, bəli, beynəlxalq təşkilatların, o cümlədən BMT-nin təkmilləşməsinə, yenilənməsinə ehtiyac var”.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən