“Dövlət Baxçalının fikirləri bir dərs olmalıdır” - Türkiyə hakimiyyətinə MESAJ
“Birmənalı olaraq, Dövlət Baxçalının fikirləri təqdirəlayiqdir və alqışlanmalıdır. Nəyə görə? Çünki dövlətlər arasında istənilən məsələ ilə bağlı fikir ayrılıqları yarana bilər. Xüsusilə dostluq, tərəfdaşlıq və qardaşlıq münasibətləri olan dövlətlər arasında kiçik bir problem məqsədli qruplar tərəfindən böyük ziddiyyət kimi təqdim edilə bilər”.
Bu barədə Redaktor.az-a açıqlamasında politoloq Həşim Səhrablı bildirdi.
Politoloq qeyd etdi ki, münasibətləri yaxşı olmayan, müxtəlif məsələlərdə davamlı qarşıdurma yaşayan ölkələr arasında nifaq toxumu səpmək üçün əlavə səylərə ehtiyac qalmır. Çünki belə dövlətlər arasında ziddiyyətlər onsuz da mövcuddur:
“Nəyə görə? Çünki həmin ölkələr arasında onsuz da ziddiyyətlər mövcuddur. Belə olan halda xırda məsələləri böyüdərək böyük problemlərə çevirməyə, bunun üçün davamlı cəhdlər göstərməyə ehtiyac qalmır.
Amma Azərbaycan-Türkiyə münasibətləri belə deyil. Bu münasibətlər kifayət qədər yaxınlıq, səmimiyyət və bərabərhüquqluluq üzərində qurulub. “Bir millət, iki dövlət” prinsipi əsasında formalaşan əlaqələrimiz artıq qardaşlıq çərçivəsini də aşaraq bir ailə münasibətinə çevrilib. Həm dövlətlərimiz, həm də xalqlarımız bir-birini sevir, qoruyur və dəstəkləyir”.
Həşim Səhrablı Azərbaycan-Türkiyə münasibətlərinin xüsusi xarakter daşıdığını vurğulayaraq bildirdi ki, məhz bu yaxınlıq həmin əlaqələri gözdən salmağa çalışan qüvvələrin marağında ola bilər:
“Belə münasibətlər nadir olduğu üçün onlara qarşı yönələn, bu əlaqələri gözdən salmağa və təxribat törətməyə çalışan qüvvələr də az deyil. Söhbət, o cümlədən, müxtəlif güc mərkəzlərindən gedir. Buna görə də fikir ayrılığı yarandıqda məsələni radikal və ya sərt formada həll etməyə çalışmaq əvəzinə, sakit şəkildə anlaşmaq, danışmaq və ortaq məxrəcə gəlmək daha məqsədəuyğundur”.
Ekspertin fikrincə, iki ölkə arasında fikir ayrılıqlarının yaranması münasibətlərin mahiyyətini dəyişməməli, əksinə, belə vəziyyətlər qarşılıqlı anlaşma və dialoq yolu ilə həll edilməlidir.
Ekspert diqqətə çatdırdı ki, hazırda Azərbaycan-Türkiyə münasibətləri elə bir səviyyədədir ki, hər iki tərəfin bir-birinə ehtiyacı var.
“Dünyada baş verən proseslər də bunu zəruri edir. Azərbaycanın Türkiyə ilə münasibətlərdə müəyyən sahələrdə duyduğu ehtiyac Türkiyənin də başqa sahələrdə Azərbaycana duyduğu ehtiyacla tarazlaşır. Bu bərabərlik münasibətlərin qarşılıqlı və bərabərhüquqlu olmasında özünü göstərməlidir.
Məhz bu baxımdan Dövlət Baxçalının fikirləri həm Azərbaycanda, həm də Türkiyədə münasibətləri korlamağa çalışan qüvvələr üçün bir dərs olmalıdır. Azərbaycan-Türkiyə münasibətləri pozulmayacaq qədər əhəmiyyətli, vacib və səmimidir. Ulu öndər Heydər Əliyevin ifadə etdiyi “Bir millət, iki dövlət” prinsipi üzərində qurulan bu əlaqələrin sağlam təməlləri var”.
Politoloq hesab edir ki, bu münasibətlərin qorunması hər iki ölkədə siyasi dairələrin və cəmiyyətlərin üzərinə mühüm məsuliyyət qoyur. Onun sözlərinə görə, fikir ayrılıqlarının yaranması təbii olsa da, belə hallarda səsləndirilən bəyanatların mümkün nəticələri nəzərə alınmalıdır:
“Ona görə də hesab edirəm ki, həm Ankarada, həm də Bakıda hər kəs Dövlət Baxçalının bu çağırışını özü üçün nümunəyə çevirməlidir. Azərbaycan-Türkiyə münasibətlərini korlamaq deyil, qorumaq lazımdır.
Fikir ayrılıqlarının yaranması, əvvəldə də qeyd etdiyim kimi, tamamilə təbii haldır. Sabah başqa bir məsələ ilə bağlı da fikir ayrılığı ortaya çıxa bilər. Lakin bu, o demək deyil ki, qardaşlıq münasibətlərinə inanan və güvənən insanlar, eləcə də siyasətçilər məqsədli qrupların təsiri altına düşərək sonradan peşman olacağımız bəyanatlar səsləndirməlidirlər. Belə ifadələr həm Ankarada, həm Bakıda siyasi müstəvidə, həm də Türkiyə və Azərbaycan cəmiyyətlərində narazılıq və peşmanlıq yarada bilər”.
Müsahibimiz Azərbaycan-Türkiyə münasibətlərinin əhəmiyyətindən danışarkən qarşıda hər iki ölkənin və bütövlükdə türk dünyasının qarşısında mühüm hədəflərin dayandığını bildirdi:
“Azərbaycan-Türkiyə münasibətləri çox vacibdir və qarşıda bizi hələ çox hədəflər gözləyir. Biz dəyişən dünya düzənində layiqli yerimizi tutmağa çalışırıq. Türk Dövlətləri Təşkilatı güclənir və qarşısına hər gün yeni hədəflər qoyur.
Mərkəzi Asiyanın türk dövlətlərinin potensialı, Azərbaycanın tranzit imkanları, qardaş Türkiyənin gücü və Azərbaycanın iqtisadi-siyasi töhfələri bir araya gəldikcə yeni və təbii bir güc formalaşır. Bu potensialın birləşməsi region üçün böyük imkanlar yaradır”.
Həşim Səhrablı vurğuladı ki, regional və beynəlxalq miqyasda mühüm proseslərin getdiyi bir vaxtda diqqəti ayrı-ayrı fikir ayrılıqlarına yönəltmək əvəzinə, ortaq maraqları və strateji hədəfləri ön plana çəkmək lazımdır.
“Belə mühüm prosesləri bir kənara qoyaraq hansısa problemli məsələni şişirtməyə və onu daha böyük, daha vacib bir məsələ kimi təqdim etməyə ehtiyac yoxdur. Problemləri oturub danışaraq, anlaşaraq, uzlaşaraq həll etmək, ortaq məxrəcə gəlmək, qardaşlığı qorumaq və dövlətlərarası münasibətləri daha da gücləndirmək lazımdır.
Hesab edirəm ki, əsas diqqətimizi qarşıya qoyduğumuz mühüm hədəflərə yönəltməliyik. Bu hədəflər zamanla bizi dünyanın ən böyük iqtisadi-siyasi və hərbi güc mərkəzlərindən birinə çevirə bilər. Məhz bu məqsədlərin həyata keçirilməsinə mane olan halların qarşısını almalı, münasibətlərimizə zərər vuracaq addımlardan çəkinməliyik”, - deyə politoloq fikirlərini yekunlaşdırdı.
NURİYYƏ












