“Türkiyədə Azərbaycana qarşı qarayaxma kampaniyalarına son qoyulmalıdır”

 18:00 16.10.2026     64

"Azərbaycanda məktəblərdə geyim qaydalarının müəyyənləşdirilməsinin “hicab qadağası” iddiası ilə təqdim olunması və bu məsələ üzərindən manipulyasiya edilməsi müşahidə olunur. Buradan aydın görünür ki, Azərbaycan xaricindəki müəyyən qüvvələr bu məsələdən öz siyasi məqsədləri üçün ölkəmizə qarşı istifadə etməyə çalışırlar".

Bunu Redaktor.az-a açıqlamasında politoloq, jurnalist Asif Nərimanlı bildirdi.

Onun sözlərinə görə, burada məqsədin Azərbaycanın inanclı kəsimini müdafiə etmək və ya onların hüquqlarını qorumaq olmadığını demək mümkündür:

"Çünki xarici qüvvələrin bu kimi məsələlər üzərindən Azərbaycana hücumlar təşkil etməsi, informasiya hücumları həyata keçirməsi yeni deyil. Bu kontekstdə “hicab qadağası” iddiasını indiyədək davam edən informasiya hücumları dalğasının növbəti bəhanəsi kimi qiymətləndirmək olar. Bu prosesdə İranın rolunu daha aydın şəkildə görürük. Əslində, bu, o qədər də təəccüblü deyil. Çünki İran tarix boyu dini məsələlərdən Azərbaycana qarşı öz məqsədləri üçün istifadə edib və ölkəmizdəki inanclı kəsimin əsas hamisi kimi çıxış etməyə çalışıb. Müxtəlif dövrlərdə Azərbaycanda reallığa uyğun olmayan iddialar, o cümlədən hicabla bağlı məsələlər gündəmə gətirilib. Azərbaycanın guya İslama qarşı addımlar atdığı barədə iddialar irəli sürülərək ölkəmizə qarşı kampaniyalar təşkil edilib. Bununla yanaşı, bilirik ki, İranın Azərbaycan daxilində də şəbəkəsi mövcud olub. Zaman-zaman bu şəbəkənin müəyyən hissələri zərərsizləşdirilsə də, görünür, onun qalıqları hələ də fəaliyyət göstərir. Son hadisələr də bu qüvvələrin aktivləşdiyini və müvafiq təlimatlar əsasında hərəkətə keçə bildiklərini göstərir. İran üçün məktəblərdə vahid geyim formasının tətbiqi Azərbaycanda ixtilaf yaratmaq məqsədilə istifadə edilə biləcək növbəti bəhanəyə çevrildi. İranın bu addımları Azərbaycan cəmiyyəti üçün təəccüblü deyil".

Müsahibimiz qeyd etdi ki, bizim üçün daha gözlənilməz olan isə Türkiyədən gələn reaksiyalar oldu:

"Türkiyədə sosial şəbəkə istifadəçiləri “hicab qadağası” iddiası üzərindən manipulyasiyalar apardılar. Eyni zamanda, hakim partiyaya yaxın siyasətçilər, AKP üzvləri və millət vəkilləri də bu iddialar əsasında Azərbaycana qarşı çağırışlar etdilər. Fikrimcə, bunu son illərdə Türkiyədən Azərbaycana qarşı aparılan qarayaxma kampaniyasının növbəti mərhələsi kimi qiymətləndirmək olar. Təbii ki, bu, Türkiyədəki hər kəsin belə düşündüyü və ya Azərbaycana qarşı eyni mövqedə olduğu anlamına gəlmir. Burada söhbət konkret şəxslərdən və müəyyən siyasi dairələrdən gedir.

Həmin şəxslər daha çox dini yanaşmanı əsas götürür, Azərbaycanla münasibətlərə milli düşüncə və ortaq maraqlar prizmasından deyil, dini baxışlar çərçivəsindən yanaşırlar. Bu baxımdan, onların Azərbaycana qarşı çıxış etməsi gözlənilməz olsa da, son bir ildə Türkiyədən ölkəmizə qarşı aparılan kampaniyanın davamı kimi qiymətləndirilə bilər. Məktəblərdə vahid geyim formasının tətbiqi də növbəti informasiya hücumu üçün bəhanəyə çevrildi. Düşünürəm ki, bu cür addımlar Türkiyə ilə münasibətlərə mənfi təsir göstərən amillərdir. Azərbaycan-Türkiyə qardaşlığı zaman-zaman fikir ayrılıqları ilə üzləşsə də, ortaq milli bağlarımız dəyişmir. Türkiyənin milli düşüncəli kəsiminin Azərbaycana münasibəti bizə məlumdur. Türkiyədə Azərbaycana dəstək verən, ölkəmizə qarşı hücumları tənqid edən siyasətçilər də var. Dövlət başçısının son açıqlamasında da bu kimi məsələlərin Azərbaycanın daxili işi olduğu vurğulanıb. Bütün bunlar göstərir ki, Azərbaycan-Türkiyə qardaşlığı belə hadisələrə görə sarsılmayacaq və münasibətlərimiz davam edəcək. Bununla belə, bu cür hallar dövlətlərarası münasibətlərdə müəyyən problemlər yarada bilər. Düşünmürəm ki, münasibətlərimiz kəskinləşərək tamamilə pozulsun. Ancaq Türkiyənin siyasi rəhbərliyi və hakim dairələri daxilindəki müəyyən şəxslərin Azərbaycana qarşı informasiya hücumlarında iştirakı ilə bağlı aydınlıq gətirilməlidir. Türkiyə tərəfi bu cür halların qarşısını almaq üçün mövqe ortaya qoymalıdır. Azərbaycan üçün əsas məsələlərdən biri də budur: Türkiyədəki müəyyən dairələr nə vaxta qədər bu cür davranmağa davam edəcəklər? Rəsmi Ankara anlamalıdır ki, belə çıxışlar iki ölkə arasındakı münasibətlərə mənfi təsir göstərir".

Həmsöhbətimiz hesab edir ki, bu məsələ tərəflər arasında müzakirə olunacaq:

"İndi olmasa belə, yaxın dövrdə bununla bağlı müzakirələrin aparılması mümkündür. Bu zaman Türkiyə tərəfinin yanaşması mühüm əhəmiyyət daşıyacaq. Çünki Azərbaycan heç vaxt Türkiyənin daxili işlərinə qarışmayıb və Türkiyə də Azərbaycanın daxili işlərinə qarışmamalıdır. Türkiyə hakimiyyəti daxilindəki müəyyən qüvvələr, o cümlədən dini baxışları ön plana çəkən şəxslər milli maraqları və ortaq qardaşlığımızı öz ambisiyalarına qurban verməməlidirlər. Dini ambisiyalar Azərbaycan-Türkiyə münasibətlərindən üstün tutulmamalı, bu münasibətlər ayrı-ayrı şəxslərin çağırışları və təxribat xarakterli çıxışları ilə zədələnməməlidir. Beləliklə, bu məsələ iki ölkə arasında müzakirə edilməli və həllini tapmalı olan yeni bir problem kimi ön plana çıxır. Düşünürəm ki, gələcəkdə də bu cür şəxslərin və qrupların oxşar hücumlarını görə bilərik. Türkiyənin üzərinə düşən əsas vəzifə isə son bir ildə daha da intensivləşən və uzun müddətdir Azərbaycana qarşı davam edən təxribat xarakterli çıxışlara və qarayaxma kampaniyalarına son qoyulması istiqamətində addımlar atmaqdır".

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən