“Azərbaycan müstəqil dövlətdir, daxili siyasətini özü müəyyənləşdirir” – Lətif Şüküroğlu

 18:27 16.10.2026     54

"Əvvala onu deyim ki, Azərbaycan Respublikası suveren və müstəqil dövlətdir, daxili və xarici siyasətini də özü müəyyənləşdirir. Azərbaycan heç bir dövlətin daxili işlərinə qarışmır və bunu digər, hətta qardaş dövlətlərdən də gözləmək haqqı var. Dövlətlər arasında münasibətlərin ən yüksək səviyyədə olması belə birnin digərinin daxili işlərinə qarışmaq haqqı vermir. Azərbaycanla Türkiyə arasındakı münasibətləri isə bu gün, həqiqətən də, yüksək səviyyədədir və daim inkişaf edir".

Bu barədə Redaktor.az-a açıqlamasında siyasi analtik Lətif Şüküroğlu bildirdi.

O vurğuladı ki, Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər əbədi və daimi qardaşlıq münasibətləridir:

"Bu əlaqələr isə eyni kökə, qardaşlığa, neçə minillik birgə tarixə, tale yaxınlığına dayanır. Bu münasibətlərin təməlində həm də dil, din, mədəniyyət birliyi dayanır. Türkiyə – Azərbaycan qardaşlığının kifayət qədər tarixi örnəkləri var. Elə son 110 ilin hadisələrdən bir neçəsini yada salaq. 1915-ci ilin yazından 1916-cı ilin yanvarına qədər Çanaqqala uğrunda özlüm-dirim mübarizəsində azırbaycanlıların da öz qardaşları ilə çiyin-çiyinə döyüşmələri, 1918-ci il sentyabrın 15-də Bakının daşnak-bolşevik işğalından azad edilməsində türk əsgərinin, Qafqaz İslam Ordusunun sərgilədiyi rəşadət, 2020-ci ildə 44 günlük Vətən müharibəsində Türkiyənin Azərbaycana siyasi və mənəvi dəstəyi, 2023-cü il fevralın 6-da Türkiyədə baş vermiş dağıdıcı zəlzələ zamanı Azərbaycanın göstərdiyi yardım və həmrəylik. Bu siyahını kifayət qədər də uzatmaq olar. Bütün bunlar tarixdən gələn birliyin, doğmalığın qürur doğuran nümunələridir. Ona görə də ayrı-ayrı fərdlərin, rəsmi, yaxud qeyri-rəsmi şəxslərin açıqlamalarından asılı olmayaraq, heç kim bu münasibətlərə təsir göstərə bilməz".

L.Şüküroğlunun sözlərinə görə, 2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsi və nəhayət, türk xalqlarının birgə ailəsi olan Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq iki qardaş xalqın – “bir millət, iki dövlət”in müttəfiqliyini ən yüksək səviyyəyə yüksəldib:

"Bu təşkilat çərçivəsində nəinki Türkiyə ilə, digər türkdilli dövlətlərlə də əməkdaşlığımız çox yüksək səviyyədədir və bütün sahələri əhatə edir. Böyük Atataürkün dediyi kimi, Azərbaycanla Türkiyənin sevinci və kədəri də həmişə bir olub və bundan sonra da belə olacaq.

Daxili işlərə qarışmaq həm də başqa dövlətlərlə münasibətlərin üçüncü ölkəyə yönəldilməsini, yaxud ondan da eyni mövqenin nümayiş etdirilməsinin gözlənilməsini nəzərdə tutur. Bu isə düzgün yanaşma deyil və Azərbaycanın dövlət siyasəti belə yanaşmalara əsaslana bilməz".

Müsahibimiz nəzərə çatdırdı ki, Türkiyədə kifayət qədər yüksək vəzifəli dövlət adamları, ayrı-ayrı şəxslər və partiya rəhbərləri də bu məsələyə münasibət bildiriblər:

"Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalının çıxışı və mövqeyi bu baxımdan diqqət çəkir. Həmçinin yüksək dövlət və hərbi vəzifələr tutan bəzi şəxslər də münasibətlərini açıqlayıblar. Türkiyədə ictimaiyyət nümayəndələri və jurnalistlər arasında da bu məsələyə düzgün yanaşan, Azərbaycanın mövqeyini obyektiv qiymətləndirən kifayət qədər insan var. Biz Türkiyə cəmiyyətinin bütün təbəqələrinin fikirlərdən xəbərdar olduğumuzu iddia etmirik. Demək istədiyim budur ki, heç bir şəxs, yaxud təşkilat, hətta yüksək vəzifə sahibi olan kimsə belə Azərbaycan-Türkiyə münasibətlərinə zərər vura bilməz. Kim bu münasibətlərə xələl gətirməyə çalışırsa, əslində, baltanı öz ayağına vurmuş olar. Çünki bu əlaqələr fərdi və milli münasibətlərdən tutmuş dövlətlərarası əlaqələrə qədər minillik tarixə və sarsılmaz əsasa malikdir".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən