“Paşinyanın təklifi yarımçıqdır, Naxçıvan məsələsi də müzakirə olunmalıdır” - AÇIQLAMA

 22:17 16.10.2026     75

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla anklav və eksklavların taleyi ilə bağlı mümkün ərazi mübadiləsi təklifini açıqlayıb. O, Kərki, Barxudarlı, Sofulu, Yuxarı Əskipara və Başkəndin (Artsvaşen) gələcək statusu ilə bağlı mümkün həll yolundan danışıb. Paşinyanın təklifinə görə, delimitasiyadan sonra hər iki ölkənin ərazisində anklav və eksklavların qalmaması nəzərdə tutulur. Bununla belə, təkliflə bağlı rəsmi razılaşma əldə olunmayıb və bir sıra hüquqi və texniki məsələlər açıq qalır.

Bu yanaşma Kərki və digər Azərbaycan ərazilərinin Azərbaycana qaytarılması məsələsinə, eləcə də iki ölkə arasında sərhədlərin delimitasiyası və demarkasiyası prosesinə necə təsir göstərə bilər?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında politoloq Natiq Miri bildirdi ki, bu təklif yerindədir:

"Ən azı sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı işləri irəli aparmaq, prosesi aktivləşdirmək baxımından töhfə verə bilər. Məsələnin müzakirə predmetinə çevrilməsi özü müsbət haldır. Ancaq konkret ərazilərin, daha doğrusu, anklav və eksklavların birdəfəlik həll olunması məsələsinə gəlincə, bu, çox mürəkkəb məsələdir. Çünki mümkün həll yollarından biri ərazi mübadiləsi ola bilər. Belə ki, coğrafi miqyas baxımından uyğun ərazilərin qarşılıqlı şəkildə verilməsi yolu ilə mübadilə həyata keçirilə bilər. Ancaq burada problemli məqamlar da var. Belə ki, Azərbaycanın işğal olunmuş ərazilərində bu gün də erməni əhalisi yaşayır. Buna görə də məsələ həssas xarakter daşıyır. Ərazi mübadiləsi ilə bağlı təkliflər qarşılıqlı şəkildə qəbul olunarsa, referendum keçirilməsinə ehtiyac yarana bilər. Ermənistan rəhbərliyi də bu məsələdə referendumun vacibliyini irəli sürür. Digər tərəfdən, anklav və eksklavlar vaxtilə SSRİ dövründə elə bir vəziyyət yaradıb ki, mərkəzi hökumətin nəzarəti zəiflədiyi təqdirdə bu ərazilər münaqişə ocaqlarına çevrilə bilər. Çünki 30 il davam edən Qarabağ münaqişəsi də ərazi iddiaları zəminində baş vermişdi. Anklav və eksklavlar da bu cür problemləri özündə daşıyır və gələcəkdə yeni ərazi iddialarının, eləcə də həmin ərazilər üzərində yeni münaqişələrin yaranmasını istisna etmir. Bu baxımdan, onların mövcudluğu potensial təhlükə yaradır".

Müsahibimiz əlavə etdi ki, bu mövzuda əsas məsələ problemin hansı yolla həll ediləcəyidir:

"Məsələn, Qazaxın şimal hissəsində yerləşən bəzi kəndlərin Ermənistan əraziləri ilə qarşılıqlı mübadiləsi mümkün ola bilər. Doğrudur, bu ərazilərdən Gürcüstana və Rusiyaya gedən yollar həm Azərbaycan, həm də Ermənistan üçün xüsusi əhəmiyyət daşıyır. Ancaq perspektivdə digər kommunikasiyaların da açılacağını nəzərə alsaq, xüsusilə Zəngəzur dəhlizi, yəni TRIPP marşrutu istifadəyə verilərsə, eləcə də Qazax istiqamətindən, Arazdəyəndən Naxçıvana və Ermənistanın öz ərazisindən Gümrü, Axurik istiqamətində Türkiyənin Qars bölgəsinə dəmir yolları çəkilərsə, düşünürəm ki, bu yolların Ermənistana təzyiq vasitəsi kimi istifadə olunmasının əhəmiyyəti azalacaq. Buna görə də məsələləri düzgün qiymətləndirmək lazımdır. Ancaq mən düşünürəm ki, məsələ yalnız Qazaxın Bərxudarlı, Sofulu və Əskipara kəndləri ilə məhdudlaşmır. Doğrudur, məsələnin tərkibində Sədərəkin Kərki kəndi də var. Bu kənd strateji baxımdan xüsusi əhəmiyyət daşıyır. Xüsusilə də Kərkinin Azərbaycana qaytarılması Ermənistanın həmin yollar üzərində nəzarəti baxımından müəyyən strateji nəticələr doğura bilər. Başkəndin ərazisi daha böyükdür. Düşünürəm ki, bu məsələ mübahisəli məqam olduğu üçün sonraya saxlanıla bilər. Çünki bu gün Ermənistanda ərazi məsələsi xəyanət kimi təqdim olunur. Xüsusilə də hakimiyyətə qarşı çıxan müəyyən müxalif qüvvələr bu cür addımları xəyanət kimi qiymətləndirirlər. Mən həmin qüvvələri Rusiyanın təsiri altında olduqlarını nəzərə alaraq müxalifət adlandırmaq istəmirəm, onları Vətən xaini hesab edirəm. Belə yanaşmalar Ermənistan cəmiyyəti üçün bu məsələni daha da ağrılı edir".

Siyasi şərhçi qeyd etdi ki, erməni ictimai şüurunda hələ də ciddi dəyişikliklər baş verməyib:

"Ərazi mübadiləsi və bunun Azərbaycanın xeyrinə edilməsi barədə yayıla biləcək məlumatlar əhali arasında ciddi narahatlıq yarada bilər. Nikol Paşinyan hökuməti də bu məsələni həssas qəbul edir. Ancaq düşünürəm ki, bu proseslər yalnız Qazax, Sədərəkdəki Kərki və Gədəbəyin Başkənd kəndləri ilə məhdudlaşmamalıdır. Əgər məqsəd anklav və eksklav problemini birdəfəlik aradan qaldırmaq, münaqişə predmetlərini tamamilə ortadan qaldırmaqdırsa, onda bu məsələyə daha geniş yanaşmaq lazımdır. Bu baxımdan, ən böyük və strateji əhəmiyyətli məsələlərdən biri Azərbaycanın Naxçıvan ərazisidir. Nədənsə, bu məsələni bəziləri diqqətdən kənarda saxlamaq istəyirlər. Naxçıvan da eksklavdır. Sovet İttifaqı dövründə Azərbaycanın ərazisinin bir hissəsinin Ermənistana verilməsi nəticəsində Mehri istiqamətində ərazi bağlantısı kəsilib və Naxçıvan Azərbaycanın əsas hissəsindən ayrı düşüb. Bu gün Azərbaycanın əsas hissəsindən Naxçıvana quru yolla getmək üçün Ermənistan ərazisindən keçmək zərurəti yaranır. Qazaxın bəzi kəndləri ilə bağlı vəziyyət də buna bənzəyir. Həmin kəndlərə birbaşa çıxış üçün Ermənistan ərazisindən keçmək lazım gəlir. Əgər ərazi mübadiləsi yolu ilə Qazaxın bu kəndlərinin anklav-eksklav statusundan irəli gələn problemləri aradan qaldırmaq mümkündürsə, onda Naxçıvan məsələsi də müzakirə predmetinə çevrilə bilər. Çünki bu anlayışa uyğun gələn və Azərbaycanın strateji maraqları baxımından mühüm əhəmiyyət daşıyan ən böyük məsələ Naxçıvandır. Əgər söhbət ərazi mübadiləsindən gedirsə və bu yolla Naxçıvan məsələsinin də həlli mümkündürsə, düşünürəm ki, bu, çox əhəmiyyətli addım olardı. Belə bir həll Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında ərazi bağlantısının təmin olunmasına, eyni zamanda, Türkiyə ilə quru əlaqələrinin möhkəmlənməsinə şərait yarada bilərdi. Ona görə də Nikol Paşinyanın irəli sürdüyü təkliflər nə qədər əhəmiyyətli olsa da yarımçıqdır".

O hesab edir ki, sərhədlərin delimitasiyası və demarkasiyası prosesini ərazilərin xüsusiyyətlərini nəzərə alaraq mərhələli şəkildə həyata keçirmək olar:

"Hansı ərazilərdə razılığa gəlmək daha asandırsa və proses daha sürətli başa çatdırıla bilərsə, ilk növbədə həmin ərazilərdə işləri irəli aparmaq mümkündür. Ancaq mürəkkəb və mübahisəli məqamları dərhal problemə çevirməkdənsə, onları müzakirə predmetinə çevirmək, sərhədlər müəyyənləşdikcə və qarşılıqlı razılaşmalar əldə olunduqca sonraya saxlamaq olar. Tədricən cəmiyyətlərdə düşmənçilik düşüncəsi aradan qalxdıqca, bu mübahisəli məsələlərin də həllinə nail olmaq mümkündür. Bundan başqa, Naxçıvan məsələsinə xüsusi diqqət çəkmək istəyirəm. Düşünürəm ki, sərhədlərin daha sürətlə delimitasiya və demarkasiya oluna biləcəyi istiqamət şimal deyil, cənub istiqaməti ola bilər. Burada Zəngəzur dəhlizinin keçəcəyi ərazidən söhbət gedir. Məhz buna görə Naxçıvan məsələsini də bu müzakirələrdə gündəmə gətirmək olar. Çünki Azərbaycanın Ağbənd stansiyasına qədər çəkdiyi dəmir yolu və həmin istiqamətdəki ərazilərin sərhəd kimi müəyyənləşdirilməsi bu ərazilərin Ermənistanın suveren ərazisi kimi təsbit olunması ilə nəticələnəcək. Ancaq gələcək üçün müəyyən imkanlar saxlamaq, ərazi mübadiləsi variantını nəzərdən keçirmək istəyiriksə, bu təklifi Ermənistanla müzakirə etmək mümkündür. Bu baxımdan, ərazi mübadiləsi keçərli həll variantı ola bilər.

Yəni problemi ərazi mübadiləsi ilə həll etmək mümkündürsə, bunu kompleks şəkildə etmək lazımdır. Başkənd, Kərki və Naxçıvan məsələsi də bu müzakirələrə daxil edilməlidir. Əks halda, Naxçıvan məsələsini kənarda saxlamaq bütün problemlərin həlli demək olmayacaq. Çünki bu anlayışa uyğun gələn ən böyük coğrafi ərazi Naxçıvandır. Ərazinin bir hissəsini bu problemdən çıxarıb daha böyük bir hissəni eksklav vəziyyətində saxlamaq gələcəkdə yeni iddiaların və müzakirələrin yenidən gündəmə gəlməsinə şərait yarada bilər. Hər bir halda, bu məsələni ona görə gündəmə gətirirəm ki, əgər söhbət anklav və eksklav probleminin həllindən gedirsə və bunun üçün ərazi mübadiləsi təklif olunursa, onda ən böyük və strateji əhəmiyyətli həll məsələlərindən biri Naxçıvanın vəziyyəti olmalıdır".

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən