İran yalan çıxdı, Türkiyə gerçək: Azərbaycana qarşı bu kampaniya nə deməkdir?
Bəzən elə hadisələrlə qarşılaşırsan ki, adamın deməyə sözü çox olur, amma haradan başlayacağını bilmir. Bir tərəfdən illərdir Azərbaycanın müstəqilliyini, dünyəvi dövlət quruluşunu və milli maraqlarını həzm edə bilməyən İran, digər tərəfdən özümüzə qardaş bildiyimiz Türkiyədən gələn açıqlamalar, ittihamlar, sosial şəbəkələrdəki təhqirlər... Bir də bütün bunların ortasında məktəblərimiz, uşaqlarımız, müəllimlərimiz və ölkəmizin daxili işlərinə qarışmağı özünə haqq bilənlər var.
Adam istər-istəməz düşünür: biz kimə nə etmişik? Azərbaycan hansı ölkənin ərazisinə göz dikib? Hansı dövlətin daxili işlərinə qarışıb? Kiminsə öz idarəçilik modelini dəyişməsini tələb edib? Niyə öz ölkəmizdə qəbul etdiyimiz qərara görə başqalarına hesabat verməliyik?
Məsələ məktəbli geyimidir. Dövlət öz məktəblərində geyim qaydası müəyyənləşdirir. Bu qərarla razılaşmayan ola bilər, tənqid edən də ola bilər. Ancaq bir qərarı müzakirə etmək başqa, onu bəhanəyə çevirib ölkəni hədəfə almaq, cəmiyyətdə dini qarşıdurma yaratmağa çalışmaq tamam başqa məsələdir.
Mənim etirazım da məhz buradan başlayır.
İranın Azərbaycana münasibəti: din bəhanəsi, siyasət hədəfi
İranın Azərbaycana münasibətini bu gün öyrənmirik. İllərdir görürük. Azərbaycanın müstəqil siyasəti, dünyəvi dövlət modeli, milli maraqlarını özü müəyyənləşdirməsi rəsmi Tehranın müəyyən dairələrində həmişə narahatlıq doğurub. Ermənistanla münasibətlərdən tutmuş, ölkəmizə qarşı səsləndirilən hədələrə, siyasi təzyiqlərə və ideoloji təbliğata qədər çox məsələlər bu narahatlığın nədən qaynaqlandığını göstərir.
İndi də məktəbli geyimi məsələsi ortaya çıxan kimi İran mediasında səs-küy qopur. Azərbaycanda qəbul edilən qərar dərhal hicab qadağası kimi təqdim edilir. Mövzu elə qələmə verilir ki, guya ölkəmizdə dinə qarşı mübarizə aparılır, müsəlmanların hüquqları əllərindən alınır. Sosial şəbəkələrdə eyni məzmunlu paylaşımlar yayılır, emosiyalar qızışdırılır, insanları dövlətin qərarına qarşı çıxmağa səsləyən çağırışlar edilir.
Bəs İranın özündə nə baş verir?
İllərdir İranda qadınlar məcburi hicaba qarşı mübarizə aparırlar. Baş örtüklərini çıxarır, etiraz edir, öz bədənləri və geyimləri barədə qərarı özlərinin verməsini tələb edirlər. Bu etirazlara görə qadınlar həbs olunur, təqib edilir, zorakılığa məruz qalırlar. Məhsa Əmininin ölümündən sonra baş verən etirazlar bütün dünyaya göstərdi ki, İran cəmiyyətində, xüsusilə qadınlar arasında məcburi hicab siyasətinə qarşı ciddi narazılıq var. BMT-nin araşdırmaları da bu siyasətin icrası zamanı qadınların üzləşdiyi sistemli ayrı-seçkiliyi və repressiyaları sənədləşdirib.
İndi gəl, bu mənzərəyə bax və özün qərar ver: öz ölkəsində qadının başını açmasına görə onu təqib edən hakimiyyətin Azərbaycanda məktəbli geyimi ilə bağlı qərara irad bildirməsi nə dərəcədə səmimidir? İranda qadınların özləri məcburi hicaba qarşı mübarizə aparanda onların səsini eşitməyənlər Azərbaycanda hicab məsələsini niyə bu qədər qabardırlar?
İranın dərdi doğrudanmı hicabdır? Yoxsa hicab bəhanəsi ilə Azərbaycanda narazılıq yaratmaq, dini həssaslıqlardan istifadə etmək, cəmiyyəti qarşıdurmaya sürükləmək istəyirlər?
Mənim qənaətimə görə, burada söhbət təkcə geyimdən getmir. Söhbət Azərbaycanın daxili işlərinə müdaxilə etmək, dünyəvi dövlət modelini hədəfə almaq və cəmiyyətdə dini zəmində gərginlik yaratmaq cəhdindən gedir.
İmam Zaman şüarı məktəbin qarşısında nə axtarır?
Bu hadisələrin içində bir məqam var ki, adamı xüsusilə düşündürür. Bakıda bir məktəbin qarşısında toplaşan şəxslərin “İmam Zaman, sənə sadiq əsgərik!” şüarını səsləndirməsi.
Bir anlıq dayanaq və düşünək: bu şüar nə üçün səsləndirilir? Niyə məhz məktəbin qarşısında? Niyə məktəbli geyimi ətrafında gərginliyin artdığı, İran mediasının mövzunu gündəmdə saxladığı bir vaxtda?
İran İslam Respublikasının Konstitusiyasının 5-ci maddəsində şiə inancında on ikinci imam Mehdi, yəni İmam Zamanla əlaqəli dini-siyasi rəhbərlik məsələsi öz əksini tapır. Bu anlayış İranın dövlət ideologiyası ilə bağlıdır. Şüarın özü İran Konstitusiyasında sözbəsöz yazılmasa da, onun daşıdığı dini-ideoloji məna diqqətdən kənarda qala bilməz.
Mənim üçün burada ən böyük sual budur: Azərbaycan məktəbinin qarşısında başqa dövlətin dini-siyasi ideologiyası ilə səsləşən bir şüar nə məqsədlə səsləndirilir? Bu çağırış kimə ünvanlanır? Kimlər bu insanları bir araya gətirir? Onların hansı əlaqələri var? Bu proseslərin arxasında hansı təşkilatlanma dayanır?
Bunlar cavablandırılmalı suallardır.
Məktəb başqa ölkələrin ideoloji mübarizə meydanı deyil. Azərbaycan məktəbi Azərbaycanın gələcəyini yetişdirir. Orada uşaqlar dərs oxumalı, bilik qazanmalı, öz ölkələrinin vətəndaşı kimi formalaşmalıdırlar. Onların qarşısında hansısa siyasi və dini ideologiyanın səfərbərlik şüarlarını səsləndirmək nə üçündür?
Ən ağrılı tərəfi isə budur ki, bəlkə də həmin şüarları təkrarlayan şagirdlərin bir qismi onun mahiyyətini, hansı siyasi-ideoloji məna daşıdığını heç anlamır. Uşaq eşitdiyini təkrarlaya bilər. Ona deyiləni edə bilər. Bəs uşağın bu yaşından istifadə edənlər kimlərdir?
Uşaqları öz məqsədləri üçün alətə çevirməkdən böyük məsuliyyətsizlik nə ola bilər?
Uşaqları məktəbə qarşı qoymaq kimin marağına xidmət edir?
Məktəblərin əmlakına zərər vurulması, qapı və pəncərələrin sındırılması, sinif otağında yanğın törədilməsi, müəllimlərin və şagirdlərin təhlükəsizliyinin riskə atılması adi hadisələr deyil. Bunlar təhsil mühitinə, uşaqların gələcəyinə və ictimai asayişə zərbədir.
Məgər dini inanc məktəbin qapısını sındırmağı tələb edir? Məgər hicab məsələsi sinif otağını yandırmaqla həll olunur? Məgər hansısa geyim qaydasına etiraz etmək üçün uşaqları təhlükəyə atmaq, məktəb əmlakını dağıtmaq lazımdır?
Bir düşünün: o sinif otağında sabah yenə uşaqlar dərs keçməli, müəllim lövhənin qarşısına çıxmalı, şagirdlər öz gələcəkləri üçün çalışmalıdırlar. Bəs həmin otağı yandıranlar nəyi müdafiə etdiklərini düşünürlər? Təhsili? Dini? Uşaqların hüquqlarını?
Mənim qənaətim budur ki, bu hadisələrə yalnız ayrı-ayrı etirazlar kimi baxmaq olmaz. Məktəblərdəki gərginlik, sosial şəbəkələrdəki çağırışlar, İran mediasının mövzunu təqdim etmə tərzi və dini şüarların səsləndirilməsi birlikdə araşdırılmalıdır. Bu mənzərə İranın mümkün ideoloji təsir şəbəkələrinin roluna dair ciddi suallar yaradır.
Konkret hadisələri kimin təşkil etdiyini müəyyənləşdirmək üçün araşdırma və sübutlar lazımdır. Amma bu sualları verməkdən də çəkinmək olmaz. Əgər uşaqlar kimlərinsə təsiri ilə qanunsuz hərəkətlərə sövq edilirlərsə, onların arxasında dayananlar da üzə çıxarılmalıdır.
Çünki söhbət təkcə məktəbli geyimindən getmir. Söhbət Azərbaycanın sabitliyindən, uşaqların gələcəyindən və cəmiyyətin dini hisslərindən siyasi məqsədlərlə istifadə olunmasından gedir.
İndi də qardaş Türkiyədən gələn səslərə baxın
İranla bağlı bütün bunlar bir yana, Türkiyədən gələn reaksiyalar adamı başqa cür məyus edir.
Türkiyə bizim qardaş ölkəmizdir. Bu, sadəcə şüar deyil. Ortaq dilimiz, tariximiz, mədəniyyətimiz, ağır günlərdə bir-birimizə verdiyimiz dəstək var. Azərbaycan-Türkiyə münasibətlərinin dəyəri hər hansı siyasətçinin açıqlamasından, sosial şəbəkədəki paylaşımından qat-qat böyükdür.
Amma qardaşlıq qarşılıqlı hörmət tələb edir. Qardaşlıq o demək deyil ki, bir tərəf öz qərarlarını verir, digər tərəf isə həmin qərarları bəyənmədikdə gəlib onu mühakimə edir, təzyiq göstərir, cəmiyyətini bir-birinə qarşı qoymağa çalışır.
Türkiyədə məktəbli geyimi məsələsi ortaya çıxan kimi bəzi siyasi dairələrin, media nümayəndələrinin və sosial şəbəkə istifadəçilərinin Azərbaycana qarşı necə sərt mövqe sərgilədiklərini görürük. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Oktay Saralın açıqlaması, AKP millət vəkillərinin bu məsələyə münasibəti, hakimiyyətə yaxın medianın təqdimatı, Kamal Kılıçdaroğlunun mövqeyi və sosial şəbəkələrdə yayılan təhqiramiz ifadələr bu müzakirələrin nə qədər kəskinləşdiyini göstərir.
Əlbəttə, Türkiyədə hamının belə düşündüyünü demirəm. Orada da Azərbaycanın müstəqilliyinə, dünyəvi dövlət quruluşuna və öz qərarlarını vermək hüququna hörmətlə yanaşan insanlar var. Ancaq Azərbaycana qarşı kampaniyada iştirak edənlərin sözlərini də görməzdən gəlmək olmaz.
Bir sualım var: Azərbaycan Türkiyənin daxili işlərinə qarışırmı? Türkiyə dövlətinin qəbul etdiyi hər qərara görə Türkiyə cəmiyyətini ayağa qaldırmağa çalışırmı? Türkiyənin hansı siyasi və ya ictimai model seçməli olduğunu diktə edirmi?
Etmirik. Çünki Türkiyənin öz dövləti, öz qanunları, öz cəmiyyəti var. Biz də öz dövlətimizin qərarlarını özümüz veririk.
Bəs onda Türkiyədəki bəzi siyasi dairələr Azərbaycana niyə bu münasibəti göstərməlidir?
Bir qərarı tənqid etmək mümkündür. Onunla razılaşmamaq da mümkündür. Ancaq Azərbaycanı dinə düşmən ölkə kimi təqdim etmək, insanları dini hisslər üzərindən qızışdırmaq, ölkəmizə qarşı təhqiramiz ifadələr işlətmək başqa məsələdir.
Qardaşlıq adı ilə bunu etmək olmaz. Qardaşlıq qarşı tərəfin müstəqilliyini qəbul etməyi də tələb edir.
Türkiyə də mollalaşır, ərəbləşir?
Türkiyədəki bəzi siyasi dairələrin düşüncə tərzinə baxanda belə bir təəssürat yaranır ki, dini məsələlər getdikcə siyasi mübarizənin əsas alətinə çevrilir. Bəzən onların yanaşması İranın fars molla rejiminə xas dini-siyasi düşüncə ilə oxşar cizgilər nümayiş etdirir.
Bəli, mən belə düşünürəm: Türkiyə də mollalaşır, ərəbləşir.
Bu, Türkiyə xalqına qarşı deyilən söz deyil. Bu, Türkiyədə bəzi siyasi dairələrin seçdiyi istiqamətə, dini ritorikanın siyasətdə oynadığı rola və milli maraqların hansı məsələlərin kölgəsində qalmasına dair mənim tənqidi qənaətimdir.
Türkiyə Konstitusiyasının 2-ci maddəsində ölkə dünyəvi dövlət kimi müəyyən edilir. Bəs dünyəvi dövlətin siyasi nümayəndələri niyə Azərbaycanda dünyəvilik prinsipi ilə əlaqələndirilən qərarı dini qarşıdurma predmetinə çevirirlər? Niyə başqa dövlətin daxili məsələsi üzərindən belə bir kampaniyanın iştirakçısına çevrilirlər?
Türkiyənin özünün dünyəvi dövlət olması Azərbaycana qarşı bu cür münasibəti daha da sual altına alır. Əgər dünyəvilik Türkiyə üçün dövlətçilik prinsipidirsə, Azərbaycanın da öz dünyəvi modelini qorumaq hüququ var. Əgər Türkiyə öz qərarlarını özü vermək istəyirsə, Azərbaycan da eyni hüquqa malikdir.
Bəs niyə bir ölkənin suverenliyinə hörmət tələb edərkən digərinin suverenliyinə münasibətdə başqa ölçü tətbiq olunur?
Bir məsələni də deyim: Fələstin xalqını müdafiə etmək Türkiyənin hüququdur. Fələstinlilərin çəkdiyi əzablara biganə qalmamaq, onların hüquqlarını müdafiə etmək insani mövqedir. Burada problem yoxdur. Problem başqa xalqların hüquqlarından danışarkən Azərbaycanın hüquqlarına eyni hörmətin göstərilməməsidir.
Başqa xalqların taleyi üçün narahat olmaq yaxşıdır. Bəs öz soydaşlarının taleyi necə?
Cənubi Azərbaycandakı türklər yada düşəndə niyə bu qədər səssizlik var?
İranın özündə milyonlarla azərbaycanlı yaşayır. Onlar türkdürlər, öz ana dillərində təhsil almaq, dillərini qorumaq və gələcək nəsillərə ötürmək istəyirlər. Cənubi Azərbaycanda ana dilində təhsil məsələsi illərdir gündəmdədir. Milli fəallar bu hüquq uğrunda mübarizə aparırlar.
Bəs Türkiyənin bu məsələdə mövqeyi niyə Azərbaycandakı məktəbli geyimi müzakirəsinə göstərilən reaksiyalar qədər görünən və kəskin deyil?
İran hakimiyyətinə niyə açıq şəkildə deyilməsin ki, Azərbaycan türklərinin ana dilində təhsil almaq hüququ təmin edilməlidir? Niyə Cənubi Azərbaycanda türk dilində məktəblərin açılması tələbi daha ardıcıl şəkildə səsləndirilməsin? Niyə milli fəalların hüquqları məsələsi daha qətiyyətli siyasi mövqeyə çevrilməsin?
Mənim narazılığım məhz bu ziddiyyətədir. Türkiyədəki bəzi siyasi dairələr Azərbaycandakı məktəbli geyimi məsələsinə qarışmaq üçün özlərinə haqq görürlər. Ancaq İranın daxilində yaşayan soydaşlarımızın ana dilində təhsil hüququ məsələsində eyni fəallığı görmək çətindir.
Bəlkə də kimsə deyəcək ki, bunlar ayrı-ayrı məsələlərdir. Əlbəttə, hüquqi və siyasi baxımdan fərqli məsələlərdir. Amma mən burada münasibətdəki fərqi görürəm. Azərbaycanla bağlı məsələ ortaya çıxanda böyük emosiyalar, sərt ittihamlar, bəzən təhqirlər. Cənubi Azərbaycandakı soydaşlarımızın ana dilində təhsil hüququ gündəmə gələndə isə eyni miqyasda siyasi səfərbərlik görünmür.
Bu fərq adamı düşündürməyə bilməz.
Türkiyə türk dövlətidir. Onun milli maraqları, tarixi və türk dünyası ilə bağlı məsuliyyəti var. Mən istəyirəm ki, Türkiyə öz milli maraqlarına daha çox diqqət yetirsin, türk xalqlarının dil və mədəniyyət hüquqlarına münasibətdə prinsipial olsun. Başqa ölkələrin siyasi və dini gündəmlərinə qoşulmaq naminə öz soydaşlarının problemlərini arxa plana keçirməsin.
Sosial şəbəkələrdəki düşmənçilik haradan qaynaqlanır?
Türkiyə sosial şəbəkələrindəki müzakirələri izləyəndə bəzən adamda elə təəssürat yaranır ki, Azərbaycanın ünvanına xüsusi bir düşmənçilik var. Təhqirlər, alçaldıcı ifadələr, ölkəmizin dövlətçilik modelini aşağılamaq cəhdləri... Sanki Azərbaycana hökm vermək, onu öz siyasi və dini baxışlarına uyğunlaşdırmaq istəyirlər.
Əlbəttə, sosial şəbəkədə yazılan hər sözü Türkiyə xalqının mövqeyi kimi təqdim etmək olmaz. Ancaq bəzi siyasi şəxslərin açıqlamaları, müəyyən media qurumlarının mövzunu təqdim etməsi və bu ritorikanın yayılması da təsirsiz qalmır.
Məni narahat edən odur ki, bu kampaniyaya təkan verənlər arasında hakimiyyət nümayəndələri də var. Siyasətçinin sözü adi istifadəçinin paylaşımı deyil. Siyasətçi danışanda onun sözləri daha geniş auditoriyaya çatır, cəmiyyətə istiqamət verir, müzakirənin tonuna təsir göstərir.
Əgər qardaş ölkənin siyasi nümayəndəsi Azərbaycanı ittiham edirsə, onun ardınca sosial şəbəkələrdə ölkəmizə qarşı təhqirlər artırsa, təbii ki, Azərbaycan cəmiyyətində də suallar yaranacaq. Bu münasibət qardaşlıq münasibətlərinə nə verir? İki ölkənin xalqlarını bir-birinə yaxınlaşdırır, yoxsa aralarında narazılıq yaradır?
Türkiyədəki hər kəsdən Azərbaycanla bütün məsələlərdə razılaşmağı tələb etmirik. Bizə lazım olan sadə bir şeydir: hörmət. Azərbaycanın öz qərarlarını vermək hüququna hörmət. Ölkəmizin daxili işlərinə qarışmamaq. Fikir ayrılığını təhqirə və təzyiqə çevirməmək.
Qardaşlıq bundan başlayır.
İran yalan çıxdı, Türkiyə gerçək...
El arasında təxminən belə bir ifadə var: "Filankəs yalan çıxdı, filankəs gerçək". İndi adamın dilinə başqa bir ifadə gəlir: İran yalan çıxdı, Türkiyə gerçək...
Bu sözü niyə deyirəm? Çünki uzun illər Azərbaycanın İran tərəfindən təzyiqlərlə, hədələrlə və ideoloji müdaxilə cəhdləri ilə üzləşməsinə öyrəşmişik. Tehranın ölkəmizə münasibətini görmüşük, onun hansı məsələlərdə Azərbaycanın maraqlarına zidd mövqe tutduğunu yaşamışıq. Amma heç olmasa, Türkiyədən gələn münasibətin fərqli olmasını gözləyirdik.
Qardaş bildiyin ölkədən daha çox anlayış, daha çox hörmət, daha çox dəstək gözləyirsən. Ən azı, Azərbaycanın daxili işlərinə qarışılmayacağını düşünürsən. Ancaq indi məktəbli geyimi məsələsi ətrafında Türkiyədən gələn bəzi açıqlamalara, ittihamlara və sosial şəbəkələrdəki münasibətə baxanda adam məyus olur.
Maraqlıdır ki, məktəbli geyimi ilə bağlı Azərbaycanda qəbul edilən qərara İran tərəfdən dövlət səviyyəsində münasibət bildirilmir, bu mövzu əsasən mətbuatda işıqlandırılır. Türkiyədə isə Azərbaycanın qərarına dövlət səviyyəsində etirazlar səsləndirilir, eyni zamanda ölkəmizə qarşı qarayaxma kampaniyası aparılır. Ən azı, indiki mənzərə belə bir təəssürat yaradır: uzun illər Azərbaycana təzyiq göstərən İranla müqayisədə Türkiyədən daha fərqli münasibət gözləsək də, məktəbli geyimi məsələsində mənzərə bizi məyus edir.
İranın Azərbaycana qarşı siyasətini tənqid edəndə deyirdik ki, başqa dövlət bizim daxili işlərimizə qarışmamalıdır. İndi eyni prinsipi Türkiyəyə münasibətdə də deməli oluruq. Çünki dövlətlərə münasibətdə ölçü dəyişməməlidir. İranın Azərbaycana diktə etməsini qəbul etmiriksə, Türkiyənin də eyni şeyi etməsini qəbul edə bilmərik.
Bu, Türkiyəyə düşmənçilik deyil. Əksinə, qardaşlıq münasibətlərinin mahiyyətini xatırlatmaqdır. Qardaşın sənə hörmət etməlidir. Sənin qərarlarını bəyənməyə bilər, amma səni alçaltmamalıdır. Sənin daxili işlərinə qarışmamalıdır. Səni öz siyasi və ideoloji baxışlarına uyğunlaşdırmağa çalışmamalıdır.
Azərbaycan nə İranın, nə Türkiyənin, nə də başqa bir dövlətin siyasi-ideoloji mübarizə meydanıdır.
Bizim ölkəmizdir, qərarı da özümüz verəcəyik
Bir məsələni hamı bilməlidir: Azərbaycan dünyəvi dövlətdir. Dünyəvilik inancsızlıq demək deyil. Bu, dövlətin dini qurumların siyasi iradəsinə tabe olmaması, qanunların və dövlət idarəçiliyinin dünyəvi prinsiplərlə qurulması deməkdir. İnsan öz inancına sahib ola bilər, dininə hörmət edə bilər, ibadətini edə bilər. Ancaq dini hisslərdən istifadə edərək dövlətin qərarlarını diktə etmək başqa məsələdir.
Məktəbli geyimi ilə bağlı qərarı bəyənməyənlər öz fikirlərini bildirə bilərlər. Qərarın hüquqi tərəfi müzakirə oluna bilər. Valideynlərin, şagirdlərin, müəllimlərin narahatlıqları dinlənilə bilər. Ancaq bu məsələni ölkəmizə qarşı kampaniyaya çevirmək, dini şüarlarla insanları səfərbər etmək, uşaqları qarşıdurmanın ortasına atmaq, məktəb əmlakına zərər vurmaq yolverilməzdir.
Mən bu yazını nə İran xalqına, nə Türkiyə xalqına qarşı yazıram. Mənim sözüm özünü dinin arxasında gizlədərək Azərbaycana təsir göstərmək istəyənlərədir. Mənim sözüm qardaşlıqdan danışıb, amma qardaş ölkənin müstəqil qərarlarına hörmət etməyən siyasi dairələrədir. Mənim sözüm dini hisslərdən istifadə edərək cəmiyyətdə qarşıdurma yaratmağa çalışanlaradır.
Bizim öz dövlətimiz var. Öz tariximiz, öz dilimiz, öz milli maraqlarımız var. Bizim də dünyəvi dövlət quruluşumuzu qorumaq, gələcəyimizi özümüz müəyyənləşdirmək hüququmuz var.
Azərbaycanın qapıları dostluğa açıqdır. Amma bu qapıdan girən hər kəs bilməlidir ki, dostluq hörmət tələb edir. Qardaşlıq bərabərlik tələb edir. Heç kim Azərbaycanın daxili işlərinə qarışmaq, xalqımızın qarşısında özünü hakim kimi aparmaq haqqına sahib deyil.
İran da bunu bilməlidir, Türkiyə də.
Çünki bu ölkə bizimdir. Bu torpaq bizimdir. Bu məktəblərdə təhsil alan uşaqlar bizim övladlarımızdır. Onların gələcəyini hansısa xarici dövlətin siyasi maraqları müəyyənləşdirməyəcək.
Azərbaycanın dostu onun müstəqilliyinə hörmət etməlidir. Qardaşı isə ən çətin məqamda belə onu hədəfə çevirməməlidir.
Aqil ASLAN












