Ərdoğan Azərbaycan-Türkiyə müttəfiqliyinə zərər verən ritorikaya qarşı mövqe qoymalıdır - Azər Badamov
"Türkiyədə Azərbaycana qarşı səsləndirilən ittihamları və bu istiqamətdə müşahidə olunan çıxışları Azərbaycan-Türkiyə münasibətlərinin mövcud vəziyyəti kontekstində qiymətləndirmək lazımdır. Hesab edirəm ki, bu məsələyə yalnız ayrı-ayrı şəxslərin fərdi mövqeyi kimi yanaşmaq düzgün olmaz. Çünki siyasi dairələrin nümayəndələrinin açıqlamaları və bəzi media resurslarında bu mövzunun davamlı şəkildə gündəmə gətirilməsi müəyyən ictimai-siyasi fon formalaşdırır. Bu isə istər-istəməz iki ölkə arasında münasibətlərə təsir göstərir və müəyyən soyuqluğun yaranmasına səbəb olur".
Bu sözləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov Türkiyənin nurçu-islamçı AKP hakimiyyətinin Azərbayacana qarşı əsassız informasiya hücumlarına münasibət bildirərkən dedi.
Millət vəkili əlavə edib ki, bu çıxışları bütövlükdə Türkiyə dövlətinin rəsmi mövqeyi kimi qəbul etmək doğru deyil:
"Türkiyə və Azərbaycan müstəqil dövlətlərdir və hər birinin özünün milli, strateji və regional maraqları var. Lakin bu maraqların fərqli olması iki ölkə arasında mövcud olan münasibətlərə xələl gətirmək üçün əsas yaratmamalıdır. Azərbaycan-Türkiyə münasibətləri tarixi sınaqlardan keçib, strateji müttəfiqlik səviyyəsinə yüksəlib. Məhz buna görə də Türkiyədə səsləndirilən ayrı-ayrı ittihamları iki dövlət arasında münasibətlərin ümumi mahiyyətini müəyyən edən amil kimi qəbul etmək doğru deyil.
Eyni zamanda, belə çıxışların yaratdığı mənfi təsirləri də görməzdən gəlmək olmaz. Siyasi ritorikanın sərtləşməsi və müəyyən məsələlərin media vasitəsilə birtərəfli təqdim olunması cəmiyyətlərdə qarşılıqlı narazılıq yarada bilər. Buna görə də hər iki ölkədə siyasi məsuliyyətə, qarşılıqlı hörmətə və obyektiv yanaşmaya ehtiyac var".
Azər Badamov vurğuladı ki, yaranmış vəziyyətin uzunmüddətli gərginliyə çevrilməsi ehtimalı yüksək deyil:
"Çünki Azərbaycan və Türkiyəni birləşdirən amillər müvəqqəti siyasi fikir ayrılıqlarından qat-qat güclüdür. Bir ailədə iki qardaş arasında fikir ayrılığı, hətta müəyyən müddət ünsiyyətsizlik yarana bilər. Lakin onları birləşdirən ortaq köklər və mənəvi bağlar həmin münasibətlərin tamamilə qırılmasına imkan vermir. Problemin həlli üçün ilk növbədə siyasi dialoqun gücləndirilməsi, qarşılıqlı narahatlıq doğuran məsələlərin açıq və diplomatik müstəvidə müzakirə edilməsi vacibdir.
Bu prosesdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın mövqeyi xüsusi əhəmiyyət daşıya bilər. Hesab edirəm ki, Türkiyə rəhbərliyinin məsələ ilə bağlı aydın və prinsipial mövqe ortaya qoyması, Azərbaycanla münasibətlərin strateji əhəmiyyətini bir daha vurğulaması yaranmış gərginliyin aradan qaldırılmasına mühüm töhfə verər. Bu baxımdan, Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalının Azərbaycan-Türkiyə münasibətlərinə verdiyi önəmi və qardaşlıq bağlarını vurğulayan mövqeyi müsbət nümunə kimi qiymətləndirilə bilər. Düşünürəm ki, Türkiyə Prezidenti də eyni prinsipiallıq nümayış etdirərək strateji müttəfiqliyə zərər verə biləcək ritorikanın qarşısının alınmasına yönəlmiş mövqe ortaya qoymalıdır".
Millət vəkili fikirlərini bu sözlərlə yekunlaşdırıb:
"Əminəm ki, Azərbaycan-Türkiyə münasibətləri mövcud çətinlikləri də geridə qoyacaq. Çünki bizi birləşdirən tarixi, milli və mənəvi bağlar ayrı-ayrı siyasi bəyanatlardan daha güclüdür. Bu gün hər iki tərəfin üzərinə düşən əsas vəzifə həmin bağları qorumaq, qarşılıqlı etimadı möhkəmləndirmək və iki ölkə arasında mövcud olan strateji müttəfiqliyi gələcək nəsillər üçün daha da gücləndirməkdir".
Aminə ŞAHSUVARQIZI












