Türkiyə məktəblərində başörtüsü qadağası var...

 14:27 18.10.2026     57

Azərbaycanda ümumtəhsil məktəblərində şagirdlərin geyim forması mövcud qanunvericiliyə uyğun olaraq dövlət tərəfindən mərkəzi qaydada tənzimlənir. Nazirlər Kabinetinin müvafiq qərarları ilə təsdiq edilən məktəbli forması standartları dünyəvi təhsil sisteminin prinsiplərinə tam uyğun olaraq müəyyənləşdirilib.

Buraya vahid geyim formasının tətbiqi, şagirdlərin xarici görünüşü və ümumi intizam qaydaları daxildir.

Redaktor.az xəbər verir ki, son günlərdə bu məsələ Türkiyənin mühafizəkar və dindar media qurumlarında, eləcə də ictimai platformalarda Azərbaycana qarşı qərəzli müzakirə obyektinə çevrilir. Bəzi dairələr və radikal qruplar Azərbaycandakı məktəb geyimi qaydalarını (xüsusilə dünyəvi prinsipləri qorumaq məqsədilə tətbiq olunan məhdudiyyətləri) hədəf alır, hətta bütün sərhədləri aşan təhqiramiz şərhlərə yol verirlər. Lakin qardaş ölkənin özündə təhsil qanunvericiliyinə nəzər saldıqda, Türkiyənin illərdir içində olduğu ziddiyyətlər, uşaq psixologiyasına və hüquqlarına zidd olan birtərəfli tənzimləmələr açıq-aydın görünür.

Bəs görəsən, Azərbaycana ağıl verməyə çalışanlar öz ölkələrindəki bu sərt və qüsurlu reallığı nə vaxt görməzdən gəlməyi tərgitəcəklər?

Türkiyədə məktəb geyimlərinin çərçivəsini tənzimləyən əsas sənəd Baş Bakanlığın (Nazirlər Kabinetinin) 26.11.2012-ci il tarixli və 2012/3959 nömrəli Qərarı ilə təsdiq edilmiş “Millî Eğitim Bakanlığına Bağlı Okul Öğrencilerinin Kılık ve Kıyafetlerine Dair Yönetmelik”dir. Bu qaydalara 27 sentyabr 2014-cü ildə edilən dəyişikliklə orta məktəb (V–VIII siniflər) və liseylərdə şagirdlərin başını örtməsinə qoyulan məhdudiyyət rəsmən aradan qaldırıldı. Yəni Türkiyədə hələ uşaq sayılacaq 5-ci sinif şagirdlərinə (təxminən 10 yaş) məktəbdə başörtüsü ilə təhsil almağa icazə verildi. Məktəbləri ideoloji mübarizə meydanına çevirən bu qərar cəmiyyətdə radikallaşmanın təhsil ocaqlarına daşınmasına şərait yaratdı.

Maraqlıdır ki, Türkiyə hökuməti yuxarı siniflərdə bu “sərbəstliyi” təmin etdiyini iddia etsə də, qanunvericilikdəki digər bir maddə onların məsələyə nə qədər qərəzli və qeyri-ardıcıl yanaşdıqlarını üzə çıxarır. Həmin qaydaların “Geyim məhdudiyyətləri” adlanan 4-cü maddəsinin e) bəndinə əsasən:

“Şagirdlər məktəbəqədər təhsil müəssisələrində və ibtidai məktəblərdə məktəb daxilində başı açıq olurlar”.

2014-cü ildə qaydalara dəyişiklik edilərkən bu maddə xüsusi olaraq qorunub saxlanılmış və yenidən təsdiq edilmişdir. Nəticə etibarilə, Türkiyənin mövcud təhsil qanunvericiliyi uşaqların yaşı ilə bağlı absurd bir ayrı-seçkilik yaradır: 10 yaşlı uşağa başını örtməyə icazə verildiyi halda, ibtidai sinif və bağça dövründəki azyaşlılar üçün məcburi başıaçıq olma tələbi saxlanılır. Bu isə o deməkdir ki, Türkiyə dövləti hətta uşaqların təməl hüquqları və inkişaf mərhələləri məsələsində belə siyasi konyunkturanın təsirindən qurtula bilmir, məktəbləri ziddiyyətli qərarların qurbanına çevirir.

Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq təhsilin dünyəvi xarakterini qoruyur, bütün vətəndaşlarına bərabər və vahid standartlara əsaslanan mühit təqdim edir. Türkiyə isə daxili siyasətinə qurban verdiyi, uşaqların təhsil hüququnu və psixoloji bütövlüyünü siyasi maraqlara alət edən qüsurlu təhsil modeli ilə baş-başa qalıb. Öz daxilindəki bu hüquqi və sosioloji böhranları həll edə bilməyənlərin Azərbaycanın suveren qərarlarını tənqid etməyə mənəvi haqqı çatmır.

Vumart və Güvən reklamı Vumart Güvən