"Türkiyə Ermənistanla sərhədi açmaq istəyir, Azərbaycana qarşı bəyanatlar da təsadüfi deyil” - AÇIQLAMA
“2008-ci ildə Türkiyə rəhbərliyi Ermənistanla sərhədlərin açılması layihəsini həyata keçirməyə çalışırdı. Orada da xaricdə və daxildə, Türkiyənin özündə maraqlı qüvvələr var idi. Onda da Azərbaycan cəmiyyətində ciddi narazılıq oldu, Türkiyənin özündə xalq, siyasi qüvvələr və s. tərəfindən narazılıq yarandı. Azərbaycan rəhbərliyi tərəfindən də narazılıq oldu”.
Bunu Redaktor.az-a açıqlamasında politoloq Akif Nağı xatırlatdı.
Siyasi şərhçinin sözlərinə görə, həmin dövrdə azərbaycanlılar Türkiyə səfirliyinin qarşısında aksiya keçirməyə, bu siyasətin dayandırılmasını tələb etməyə məcbur oldular.
“Çünki vəziyyət çox pis bir həddə çatmışdı. İndi hələ o həddə çatmamışıq, nə Türkiyədə, nə də bizdə, amma həmin vəziyyətə yaxınlaşırıq”, - deyə o bildirdi.
Akif Nağı əlavə etdi ki, 2008-ci ildə iki ölkə arasında yaranan narazılıq cəmiyyətlərarası münasibətlərə də təsir göstərmişdi:
“Yəni o dövrdə belə bir vəziyyət yaranmışdı ki, Azərbaycanda, Bakıda Türkiyədən gələn tələbələr, iş adamları və digər şəxslər hansı mağazaya, yeməkxanaya, restorana, kafeyə gedirdilərsə, onlara qarşı narazılıq göstərilirdi. Deyirdilər ki, çıxın buradan, biz sizə xidmət göstərmirik. Satıcılar və ya orada işləyən administratorlar onları mağazalardan çıxarırdılar. Eyni münasibət Türkiyədə də azərbaycanlılara qarşı formalaşırdı”.
Politoloq vurğuladı ki, həmin vaxt vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq üçün sərt mövqe nümayiş etdirmək zərurəti yaranmışdı.
“Ona görə də o vaxt biz sərt mövqedən çıxış etdik. Çünki həmin vəziyyət artıq çox dərinə getmişdi. İndi də bu vəziyyətdən çıxmaq lazımdır”, - deyə Akif Nağı qeyd etdi.
Müsahibimiz Türkiyədə Azərbaycana qarşı sərt mövqe nümayiş etdirən qüvvələrin olduğunu da diqqətə çatdırdı:
“Yəni Türkiyədə də müəyyən qüvvələr var ki, Azərbaycana qarşı, Azərbaycan rəhbərliyinə və cəmiyyətinə qarşı ağlasığmaz mövqedən çıxış edirlər. Sosial şəbəkələrdə və ya mətbuat orqanlarında onların çıxışlarını, yazılarını görürəm. Bəziləri isə Türkiyədə Azərbaycana qarşı səsləndirilən iddiaların əsassız olduğunu deyir, yazır və çalışırlar ki, bu qarşıdurmaya son qoyulsun. Azərbaycanda da kifayət qədər bu mövqedə dayanan qüvvələr var”, - deyə o bildirdi.
Akif Nağı hesab edir ki, iki ölkə arasında yaranmış gərginliyin aradan qaldırılması üçün hər iki tərəfdə səylər artırılmalıdır. Bununla belə, politoloq hazırkı vəziyyətdə təşəbbüsün Türkiyədən gəlməli olduğunu düşünür:
“Ona görə də daha çox səy göstərməliyik, çalışmalıyıq ki, bu məsələlər tezliklə aradan qalxsın. Türkiyədə, yəni bu məsələdə təşəbbüskar tərəf Türkiyədir. Türkiyə Azərbaycanın mövqeyi ilə razılaşmadığını bildirir, Azərbaycanda məktəb forması ilə bağlı narazılığını ifadə edir, Azərbaycanın İsraillə münasibətlərindən narazılığını bildirir”.
Siyasi şərhçi vurğuladı ki, iki dövlətin qardaş olması onların milli maraqlarının eyni olması demək deyil və tərəflər bir-birinin müstəqil qərarlarına hörmətlə yanaşmalıdırlar:
“Axı belə olmamalıdır. Hər bir dövlətin öz maraqları var. Biz qardaş dövlətik, bir-birimizə yaxınıq, amma hər bir dövlətin özünün maraqları var. Biz Türkiyəyə demirik ki, kimlərləsə münasibət qurma. Yaxud sən Səudiyyə Ərəbistanı ilə ittifaq bağlayırsansa, bağla, bağlama və ya Ermənistanla yolları açmaq istəyirsənsə, bu da sənin qərarındır”, - deyə Akif Nağı bildirdi.
Politoloq Ermənistanla münasibətlər və sərhədlərin açılması məsələsində Azərbaycanın mövqeyinin dəyişmədiyini xüsusi olaraq qeyd etdi:
“Biz həmişə demişik ki, bu məsələdə, yəni Ermənistanla münasibətlər və sərhədlərin açılması məsələsində güzəşt yoxdur. Əgər doğrudan da bu prosesdə Ermənistanla yolların açılması üçün qarşıdurmanı dərinləşdirirlərsə, Ermənistanla sərhədlərin açılmasını istəyirlərsə, bu, çox pisdir, çox pis”.
Akif Nağı Türkiyə rəhbərliyinin məqsədinin məhz bu olduğunu düşünmədiyini də əlavə etdi. Onun sözlərinə görə, Azərbaycan tərəfi yaranmış vəziyyəti aydınlaşdırmağa və münasibətlərin normallaşmasına hazırdır:
“Mən inanmıram ki, Türkiyə rəhbərliyi belə bir xətt götürsün. Hər iki tərəfdən, yenə də Azərbaycan tərəfi məsələni aydınlaşdırmağa hazırdır. Amma Türkiyə tərəfindən, sizin də özünüzün dediyiniz kimi, hökumət və müəyyən rəsmilər tərəfindən sərt açıqlamalar verildi. Bu, yanlış mövqedir”.
Müsahibimiz Azərbaycan xalqının Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana böyük hörmət bəslədiyini xatırladaraq, onun yaranmış vəziyyətin aradan qaldırılması üçün addım atmasının vacibliyini vurğuladı:
“Amma Azərbaycanda Rəcəb Tayyib Ərdoğana böyük hörmətlə yanaşılır, ona qarşı böyük bir sevgi var. Ərdoğan bu sevginin üstündən xətt çəkməməlidir. Azərbaycan xalqının və dövlətinin maraqlarını nəzərə almalı, təşəbbüs göstərməli, addım atmalıdır”.
Akif Nağı hesab edir ki, Türkiyə Prezidenti yaxın vaxtlarda addım ataraq iki ölkə arasında yaranmış gərginliyə son qoya bilər.
NURİYYƏ












