"Kim dini alət edib Türkiyə-Azərbaycan münasibətlərini pozursa, onu seçkidə elə türk xalqının özü cəzalandıracaq"
"İslamı hər bir xalq özü kimi yaşayır, öz adəti, ənənələri, milli psixologiyası və milli mentalitetinə uyğun şəkildə yaşayır. Bizim əcdadlarımız da əsrlərdən, Nəsimidən, Nəimidən, Bəhmənyardan bəri dinin fəlsəfəsini zənginləşdirərək, dinin dəyərlərini zənginləşdirərək dünyaya, İslam fəlsəfəsinə sufizmi, hurufizmi bəxş edərək özünə məxsus dini həyat tərzi və din fəlsəfəsi müəyyənləşdiribdir. Heç vaxt dinin ali dəyərlərindən alver etməyib".
Bu sözləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu Türkiyənin nurçu-islamçı AKP hakimiyyətinin Azərbayacana qarşı əsassız informasiya hücumlarına münasibət bildirərkən dedi.
Millət vəkili vurğuladı ki, bu gün də biz İslam dinini öz xalqımız kimi, öz xalqımızın mənəviyyatı kimi yaşayırıq:
"Ona görə də kim bizim milli hisslərimizlə alver edirsə, o həm siyasi alverçidir, həm də din alverçisidir, din dələduzudur.
Mənə elə gəlir ki, Türkiyədəki hakim dairələr bu mövqedən çəkinməli və Türkiyə-Azərbaycan münasibətlərini istismar etməməlidirlər. Çünki hakimiyyətdə bugünkü dini zehniyyət sabahkı milli zehniyyətlə əvəzlənə bilər. Birisi gün başqa bir siyasi cərəyanın zehniyyəti üstün ola bilər.
Amma bütün bunlara baxmayaraq, Türkiyə-Azərbaycan münasibətləri həmişə yaxşı olmağa məhkumdur. Kim dini alət edib bizim Türkiyə-Azərbaycan münasibətlərimizi pozursa, onu çox da uzaq olmayan gələcəkdə seçkidə elə türk xalqının özü cəzalandıracaqdır".
Aytəkin TOFİQQIZI












