"O vaxt bizə "Rusiya ilə dil tapın" dedilər, indi isə Azərbaycana şərt qoyurlar" - Türkiyə hakimiyyətinə SƏRT ETİRAZ

 15:52 18.10.2026     76

"Azərbaycanla Türkiyə arasında son dövrlərdə yaranmış soyuqluğun kökündə Türkiyə hakimiyyətinin davranışı dayanır. Çox təəssüf ki, Türkiyə rəhbərliyi belə düşünür ki, onların Azərbaycana nəyisə diktə etmək hüquqları var və biz Türkiyəni qardaş kimi yox, böyük qardaş kimi qəbul etməliyik".

Bunu Redaktor.az-a açıqlamasında politoloq Abutalıb Səmədov Türkiyənin nurçu-islamçı AKP hakimiyyətinin Azərbayacana qarşı əsassız informasiya hücumlarına münasibət bildirərkən dedi.

"Türkiyə rəhbərliyi Azərbaycandan gözləyir ki, İsraillə münasibətimizi dəyişək və bu münasibətlər Türkiyənin istədiyi kimi olsun. Ancaq bir məsələ nəzərə alınmır. 90-cı illərdə Azərbaycanın ağır dövrlərində Türkiyə hakimiyyətinə müraciət edərək "Rusiya və Ermənistanla birgə bacara bilmərik, bizə kömək edin" deyəndə, Türkiyə hakimiyyətinin cavabı "gedin, Rusiya ilə dil tapın" olub. Təbii ki, Azərbaycan həm 90-cı illərdə, həm də 2000-ci illərdə üzləşdiyi problemlərin tək bir dövlət tərəfindən həll olunmayacağını anlayaraq dünyanın nüfuzlu qüvvələrini özünə yaxınlaşdırmaq xətti tutub", - deyə o bildirdi.

Müsahibimizin sözlərinə görə, məlumdur ki, İsrail lobbisi dünyada ən güclü lobbilərdən biridir:

"İndi Türkiyə Azərbaycandan tələb edir ki, İsraillə münasibətlərimizə yenidən baxaq və onları Türkiyənin istədiyi səviyyəyə gətirək. Yaxud baş örtüyü məsələsində Azərbaycana təzyiqlər var. Azərbaycanda heç bir qadağa yoxdur, sadəcə olaraq məktəbli forması var və hamı ona əməl etməlidir. Din siyasətə qarışmamalıdır. Dinin siyasətə müdaxiləsinin Türkiyədə və İranda hansı nəticələrə gətirib çıxardığı da göz qabağındadır. Çox təəssüf ki, Azərbaycanda da belə təhlükələr var. Türkiyənin tələbi son nəticədə Azərbaycanda bu problemlərin yaranmasına gətirib çıxara bilər".

Siyasi şərhçi qeyd etdi, aramızda soyuqluq yarandığı məlumdur:

"Bu soyuqluğun aradan qaldırılması isə daha çox Türkiyə hakimiyyətindən asılıdır. Hamı bilir ki, Türkiyədə mətbuat nə qədər azaddır və Türkiyədə yüksək vəzifə tutan şəxslərin Azərbaycan əleyhinə bəyanat verməsi də yalnız ən yuxarı səviyyədə verilən razılıq əsasında ola bilər. Bu səbəbdən hesab edirəm ki, münasibətləri düzəltmək üçün Türkiyə hakimiyyəti müəyyən addımlar atmalıdır. Eyni zamanda, təbiidir ki, bizim tərəfimizdən də həmişə belə addımlar müsbət qarşılanıb. Bundan əvvəl də biz buna bənzər böhran yaşamışdıq".

A.Səmədov hesab edir ki, baş verənlərdən düzgün nəticə çıxarılsa, Azərbaycanla Türkiyə arasında münasibətlərin qısa müddətdə sahmana salınması mümkündür:

"Əgər bu xətt davam etdirilsə, onda dövlətlərimiz arasında ciddi soyuqluq yarana bilər və bundan hər ikimiz itirərik. Ancaq bir şeyi də qeyd eləmək lazımdır: bu soyuqluq Azərbaycanla Türkiyə arasında deyil. Bu soyuqluğu Azərbaycan və Türkiyə dövləti yaratmayıb. Müəyyən vəzifədə olan insanlar, hakimiyyət səlahiyyəti olan insanlar, çox təəssüf ki, yaradıblar, onlar də vəziyyəti düzəltməlidirlər".

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən