Paşinyan yenə də öz siyasi oyununu oynamağa çalışır - ŞƏRH
"Nikol Paşinyan sülh müqaviləsinin imzalanmasını uzatmaqla məşğuldur. O, bu prosesi 2031-ci ilə, yəni partiyasının hakimiyyətdə olduğu dövrün son ilinə qədər uzatmaq istəyir. Çox təəssüf ki, Paşinyan sülh müqaviləsinin imzalanmasını yubadır və real addımlar atmır. Bununla da o, əsl niyyətini ortaya qoyur".
Bu fikirləri Redaktor.az-a Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycanla sülh müqaviləsinin 2031-ci ildə imzalanacağı haqqında açıqlamasına münasibət bildirən siyasi şərhçi Şakir Ağayev səsləndirdi.
O əlavə etdi ki, hazırkı vəziyyət Nikol Paşinyanı hələlik qane edir:
"Azərbaycan Ermənistan üçün xoşməramlı addımlar atır, tranzit yolları açılır, digər ölkələrdən Ermənistana ərzaq məhsulları və yanacaq, o cümlədən Azərbaycandan da müəyyən məhsullar göndərilir. Paşinyan isə bu vəziyyətdən istifadə edərək göstərmək istəyir ki, hələlik nə referendum keçirmək, nə də Azərbaycanla sülh müqaviləsini imzalamaq niyyətindədir. 2031-ci ilə hələ dörd-beş il vaxt var. Paşinyan bu müddət ərzində yenə də öz siyasi oyununu oynamağa çalışır. Ancaq o, bir məqamı anlamır: Azərbaycanın da səbir həddi var. Azərbaycan xoşməramlı addımlar ataraq tranzit və nəqliyyat imkanlarının açılması, Ermənistana şərait yaradılması istiqamətində müəyyən addımlar atıb. Lakin proseslər uzadılarsa, Azərbaycan bu imkanları məhdudlaşdırmaq və ya əvvəlki yanaşmasını dəyişmək hüququna malikdir".

Siyasi şərhçi vurğuladı ki, Paşinyan hələ də Avropa İttifaqına, yoxsa Avrasiya İqtisadi Birliyinə üstünlük verəcəyini dəqiq müəyyənləşdirməyib:
"Bu məsələdə də siyasi oyun oynayır. Bir sözlə, çox təəssüf ki, onun Azərbaycanla sülh müqaviləsini imzalamaq niyyəti görünmür. Sənədin paraflanması da müqavilənin yekun olaraq imzalanması demək deyil. Paşinyan sadəcə öz hakimiyyəti üçün vaxt qazanmağa çalışır. Ermənistanda onun hakimiyyəti o qədər də möhkəm deyil, kifayət qədər kövrəkdir. Buna görə də hakimiyyətini möhkəmləndirmək üçün zamana ehtiyac duyur. Təəssüf ki, Azərbaycanla sülh müqaviləsi məsələsini də bu məqsədlə siyasi oyuna çevirir. Paşinyanın belə addımlar atacağı gözlənilən idi. O, Türkiyə ilə Ermənistan arasında aparılan danışıqlarda irəliləyiş əldə olunacağına və sərhədlərin açılacağına da ümid edir. Bu halda Ermənistanın mövqeyinin güclənəcəyini və əlavə manevr imkanları qazanacağını düşünür".
Ş.Ağayevin sözlərinə görə, Paşinyan həmçinin müxtəlif geosiyasi proseslərin nəticələrini gözləyir:
"Rusiya-Ukrayna müharibəsinin necə nəticələnəcəyini, ABŞ ilə İran arasındakı qarşıdurmanın hansı istiqamətdə inkişaf edəcəyini izləyir. Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması məsələsində də bu proseslərin təsirini nəzərə alır. Bütün bunların fonunda, çox təəssüf ki, Azərbaycanın narahatlıqları lazımi səviyyədə nəzərə alınmadan müəyyən siqnallar verilir və müvafiq addımların atılması ehtimalı yaranır. Bir sözlə, Nikol Paşinyan vaxt qazanmağa çalışır".
NURİYYƏ












