Ermənistan sülhü yubadıb revanşa hazırlaşır? - SENSASİON AÇIQLAMA

 17:05 19.10.2026     178

"Ermənistanın Baş naziri Nikol Paşinyan beynəlxalq tədbirdə Azərbaycanla sülh müqaviləsinin 2031-ci ildə imzalanacağı ilə bağlı açıqlama verib. Bu bəyanat birmənalı qarşılanmır və həm Ermənistanda, həm də maraqlı tərəflər olan Azərbaycan və Türkiyədə ciddi müzakirələrə səbəb olub".

Bunu Redaktor.az-a açıqlamasında politoloq Qafar Çaxmaqlı bildirdi.

Onun sözlərinə görə, 2025-ci il avqustun 8-də Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin mətni paraflanandan sonra yalnız sənədə imza atmaq qalırdı:

"Azərbaycanın şərtlərindən biri də Ermənistan Konstitusiyasında Azərbaycan ərazilərinə qarşı ərazi iddialarının aradan qaldırılması idi. Ermənistanda iyunun 7-də keçirilən parlament seçkilərindən sonra Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” Partiyası parlament çoxluğu əldə etsə də, bu, konstitusiya çoxluğu demək deyil. Buna görə də Ermənistan hakimiyyətinin referendum keçirərək Konstitusiyaya dəyişiklik etməsi üçün hazırkı parlament tərkibi kifayət etmir. Beləliklə, 2031-ci ilə qədər bu məsələnin həlli istiqamətində addım atılmayacağı ehtimalı yaranır".

Q.Çaxmaqlı nəzərə çatdırdı ki, Ermənistanın son dövrlərdə verdiyi bəyanatlar da bu məsələnin uzadılmasına xidmət edirdi:

"Mən bir neçə müsahibəmdə də bu məsələyə münasibət bildirərək qeyd etmişdim ki, Ermənistan qəsdən prosesi uzadır. Bu isə gələcəkdə Ermənistanın silahlanaraq Azərbaycanla bağlı problem hesab etdiyi bəzi məsələləri həll etməyə çalışması ehtimalını yaradır. Belə vəziyyət Ermənistanda revanşist qüvvələrin yenidən baş qaldırmasına səbəb ola bilər. Onların əsas məqsədlərindən biri Dağlıq Qarabağı könüllü tərk etmiş ermənilərin geri qaytarılması təşəbbüslərini gündəmə gətirməkdir. Bu istiqamətdə beynəlxalq təşkilatlarda və ayrı-ayrı ölkələrin parlamentlərində müəyyən qərarların qəbul edilməsinə nail olmağa çalışırlar. Bu, təhlükəli tendensiyadır".

Siyasi şərhçi hesab edir ki, Ermənistanın sülh müqaviləsini imzalamağa məcbur edilməsi üçün Konstitusiya dəyişikliyinə getməsi vacibdir. Onun sözlərinə görə, bunun müxtəlif yolları var:

"Dəfələrlə qeyd etmişik ki, Ermənistanda konstitusiya dəyişikliyi üçün tələb olunan səs çoxluğunu təmin etmək məqsədilə digər fraksiyalardan olan deputatları da bu prosesə cəlb etmək mümkündür. Beləliklə, hakimiyyət 64 deputatın dəstəyini 70-71-ə çatdırmağa çalışa bilər. Ermənistan hakimiyyətinin də bu istiqamətdə müəyyən cəhdlər göstərməsi lazımdır. Azərbaycan, şübhəsiz ki, Ermənistanı bu addımı atmağa məcbur etməlidir. Gələcəkdə Ermənistanın ərazi iddialarını özündə əks etdirən Konstitusiyasının dəyişdirilməsi Azərbaycanın əsas şərtlərindən biridir. Ermənistan bu addımı atmasa, bölgədə gərginlik arta və siyasi vəziyyət dəyişə bilər".

Politoloqun fikrincə, gələcəkdə Ermənistanın atacağı addımlardan çox şey asılı olacaq:

"Paşinyanın bu bəyanatı gərginliyi artıran açıqlamadır. Mövcud vəziyyət bölgə ölkələrinin, eləcə də regionda maraqları olan dövlətlərin fəallaşmasına səbəb ola bilər. İran və Rusiyanın da bölgədə fəallığını artırması mümkündür. Paşinyanın bu bəyanatı Türkiyə-Ermənistan münasibətlərinə və əlaqələrin normallaşması prosesinə də təsir göstərə bilər. Sərhədlərin açılması məsələsinin gündəmdə olduğu bir vaxtda belə bir açıqlamanın verilməsi çox ciddi suallar doğurur", - deyə Q.Çaxmaqlı yekunlaşdırdı.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən