AKP hakimiyyətinin Azərbaycana qarşı düşmənçiliyi həm də Türk dünyasına qarşıdır - SƏRT AÇIQLAMA
"Türkiyədə aktiv şəkildə Azərbaycanın əleyhinə kampaniya aparılır. Bu, əlbəttə ki, qəbuledilməz və çox təəssüfləndirici bir faktdır. Görünür ki, kimlərsə sanki xüsusi olaraq nəyisə gözləyirmiş kimi aktiv şəkildə bu çirkin planın tərkib hissəsinə çevrilib".
Bunu Redaktor.az-a açıqlamasında politoloq Zeynal Əmrəliyev Türkiyənin nurçu-islamçı AKP hakimiyyətinin Azərbaycana qarşı apardığı xoşagəlməz kampaniyadan danışarkən bildirdi.
Onun sözlərinə görə, Türkiyə hakimiyyəti ölkəmizə qarşı ümumi bir düşmənçilik siyasəti aparır:

"Bu, təkcə Azərbaycana qarşı çevrilmiş düşmənçilik deyil. Bu, bütün Türk dünyasına, türkçülüyə qarşı çevrilmiş düşmənçilikdir. Hazırda Azərbaycan ümumi Türk dünyasını birləşdirən körpü rolunu oynayır. Azərbaycan Türk dünyasının birləşməsi üçün əlindən gələni edib. Azərbaycan tarixdə misli görünməmiş böyük zəfər qazanıb. Bu dərəcədə çirkin kampaniyanı aparan həmin o Türkiyədən olan siyasətçilərin, blogerlərin, jurnalistlərin o Fransadakı erməni dəyirmanına su tökənlərdən və yaxud da ki, İrandakı Türk dünyasını gözü götürməyən həmin o mollalardan və yaxud da ki, Rusiyadakı o şovinist qruplarından nə fərqi var?
Bu, bizim tərəfimizdən qəbuledilməz, təəssüfləndirici bir haldır. Rusiyada simonyanların hədlərinə, bəyanatlarına biz öyrəşmişdik. Fransadakı Makronun tərəfdarı olan qüvvələrin və yaxud da ki, Avropa Şurası Parlament Assambleyasında, Avropa İttifaqındakı erməni dəyirmanına su tökən diplomatların, siyasətçilərin mövqeyinə, İrandakıların mövqeyinə öyrəşmişdik. Ancaq Türkiyədən, qardaş dediyimiz ölkədən bu şəkildə səslərin gəlməsi Azərbaycan vətəndaşlarının, ictimaiyyət nümayəndələri olaraq bizlərin belə ürəyini ağrıdır. Əlbəttə ki, Azərbaycan buna cavab verər. Amma yenə də təəssüfləndirici haldır".
Aytəkin TOFİQQIZI












