"Türkiyə-Ermənistan sərhədinin açılması mümkündür" - Türkiyəli politoloq
"Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Türkiyə-Ermənistan sərhədinin yaxın zamanda açıla biləcəyi ilə bağlı açıqlamaları iki ölkə arasında normallaşma prosesinin hansı mərhələyə çatdığını göstərməsi baxımından əhəmiyyətlidir. Lakin bu inkişafı Azərbaycan-Ermənistan münasibətlərindən ayrı qiymətləndirmək düzgün olmaz".
Bunu Redaktor.az-a açıqlamasında türkiyəli beynəlxalq siyasət şərhçi İsmail Cingöz bildirdi.
Politoloq əlavə etdi ki, Türkiyə Ermənistanla münasibətlərin normallaşmasını Azərbaycan-Ermənistan sülh prosesi ilə eyni vaxtda və əlaqələndirilmiş şəkildə həyata keçirir:
"Buna görə də sərhədlərin tam açılması məsələsində Azərbaycanla Ermənistan arasında daimi sülhün hüquqi əsasının formalaşması, qarşılıqlı suverenlik və ərazi bütövlüyünün tanınması, Ermənistanın konstitusiya müddəalarından irəli gələn ərazi iddiaları ilə bağlı mübahisələrin aradan qaldırılması həlledici əhəmiyyət daşıyır. Ermənistanın Baş naziri Nikol Paşinyanın qonşularla sülh, ərazi bütövlüyünə hörmət və regional əməkdaşlıq istiqamətində verdiyi açıqlamalar müsbət inkişaflardır".
Müsahibimiz qeyd etdi ki, bu yanaşma yalnız siyasi bəyanatlarla məhdudlaşmamalı, hüquqi təminatlar və konkret addımlarla dəstəklənməlidir:
"Digər tərəfdən, daimi sülhün əldə olunmasının və sərhədlərin açılmasının əsas faydalananlarından biri də Ermənistan olacaq. Türkiyə üzərindən beynəlxalq bazarlara çıxışın asanlaşması, nəqliyyat xərclərinin azalması, ticarət, turizm və investisiyaların inkişafı Ermənistan iqtisadiyyatı üçün mühüm imkanlar yaradacaq. Azərbaycanla münasibətlərin normallaşması və regional nəqliyyat xətlərinin açılması da Ermənistanın iqtisadi və geosiyasi imkanlarını genişləndirəcək".
Onun sözlərinə görə, Türkiyə-Ermənistan sərhədinin açılması mümkündür:
"Lakin əsas məqsəd müvəqqəti siyasi qazanclar deyil, Azərbaycanın təhlükəsizlik və suverenliklə bağlı həssaslıqlarının nəzərə alındığı, qarşılıqlı etimada əsaslanan daimi sülh nizamının qurulması olmalıdır. Belə bir normallaşma Türkiyə və Azərbaycanla yanaşı, Ermənistan xalqının da gələcəyinə xidmət edəcək".
Xədicə BAXIŞLI












