“AKP Türkiyəni İslama deyil, fanatizmə aparır” - Nurçu-islamçı hakimiyyətə SƏRT SÖZLƏR
"AKP hakimiyyətinin Türkiyədə 2002-ci ildən həyata keçirdiyi dəyişikliklər ölkədə birmənalı qarşılanmayıb. Dünyəvi dövlət tərəfdarları qardaş ölkənin siyasi, iqtisadi və sosial strukturuna əhəmiyyətli dərəcədə təsir göstərən bu dəyişikliklərə indi də müqavimət göstərirlər".
Politoloq Əli Orucov bu barədə Redaktor.az-a açıqlamasında AKP hakimiyyətinin Türkiyədə təhsil, dövlət-din münasibətləri və ictimai həyat sahələrində həyata keçirdiyi dəyişikliklərin ölkənin dünyəvi dövlətçilik ənənələrinə təsirindən danışarkən bildirdi.
O vurğuladı ki, iqtidar partiyası dini-ideoloji məsələləri ön plana çəkərək İslamı özünün əsas dayağı kimi götürür və dindən siyasi vasitə kimi istifadə edir:
“Lakin son dövrlərdə proseslər o həddə çatıb ki, Türkiyə getdikcə İrana oxşamağa başlayır. Tehran rejimi də öz təsirini və nüfuzunu genişləndirmək üçün şiə ideologiyasından istifadə edərək dini radikalizmin yayılmasına çalışıb. İslam coğrafiyasında dünyəvilik və demokratik prinsipləri özündə ehtiva edən, barmaqla sayıla biləcək dövlətlərdən biri olan Türkiyənin İslama həddindən artıq meyillənməsi və İslam fundamentalizmi mövqeyindən çıxış etməsi onunla sıx əməkdaşlıq edən və dostluq münasibətləri quran bəzi dövlətlərin ehtiyatlı davranmasına səbəb olur. Bu, xüsusilə Türk dövlətləri ilə formalaşmış hərtərəfli əlaqələrə və inteqrasiyaya mənfi təsir göstərə bilər. Bunun artıq müəyyən siqnalları var”.
Politoloq xatırlatdı ki, Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədə İsrail Prezidenti İsaq Hersoqun çıxışı zamanı xarici işlər naziri Hakan Fidanın etiraz əlaməti olaraq zalı tərk etməsinə baxmayaraq, digər Türk dövlətlərinin nümayəndələrinin heç birinin onunla birlikdə zalı tərk etməməsi Ankaranın xarici siyasətindəki yanlışların təzahürü idi.
“Türkiyə xarici siyasətini yürüdərkən Türk dünyası ilə İslam coğrafiyasındakı fərqli mədəniyyətləri, adət-ənənələri və cəmiyyətlərin baxışlarını nəzərə almalıdır. Ən əsası, bunları hansısa formada və üsullarla başqalarına qəbul etdirməyə çalışmamalıdır. Türkiyə müstəqil və suveren dövlətdir. Azərbaycan da qardaş dövlətin suveren hüquqlarına həmişə hörmətlə yanaşıb və deməyib ki, İslama yuvarlanmaq cəmiyyəti qütbləşdirir və Qərb sivilizasiyasından uzaqlaşdırır. Şəxsən mənim üçün AKP iqtidarının Türkiyəni həddindən artıq mühafizəkarlaşdırması və ərəbləşdirməsi xoş deyil. Ola bilər ki, Ankara İslam coğrafiyasına və xilafətə iddia edir və bu, onun siyasətidir. Biz qarışmırıq. Ankaranın da Azərbaycanın daxili işlərinə, cəmiyyətin seçiminə və dövlətin idarəçiliyinə qarışmaması lazımdır. AKP Türkiyəni çadraya, hicaba, niqaba və türbana bürüməklə İslama deyil, fanatizmə, cəhalətə və mövhumata aparır. Hesab edirəm ki, Türkiyənin doğru yolu bu deyil”, – deyə Əli Orucov fikirlərini yekunlaşdırdı.
NURİYYƏ












