Türkiyə-Ermənistan sərhədinin açılması Azərbaycana necə təsir edə bilər? - AÇIQLAMA
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Ermənistan-Türkiyə sərhədinin yaxın zamanda açılmasının mümkün olacağını bildirib.
Mövzu ilə bağlı Redaktor.az-a danışan hərbi ekspert Azad İsazadə qeyd etdi ki, sərhədin açılması iki dövlətin öz problemidir:
“Amma burada bir neçə çox vacib məqam var. Birinci vacib məqam odur ki, Türkiyə sərhədi elə-belə bağlamamışdı. Türkiyənin sərhədi bağlaması Azərbaycan torpaqlarının, o cümlədən Qarabağın işğalı ilə bağlı idi. İndi ermənilər bu məsələni belə ortaya atırlar ki, guya Qarabağ azad olunub və sərhədləri aça bilərlər. Amma ilk növbədə, yaddan çıxarmayaq ki, Türkiyə ilə Ermənistan arasında özlərinin kifayət qədər problemləri var. Bunlardan biri də soyqırımı məsələsidir”.
Müsahibimiz Azərbaycanın sərhədlərin açılması məsələsinə niyə ehtiyatla yanaşdığını da izah etdi:
“Çünki biz başa düşürük ki, Ermənistan-Türkiyə sərhədi açılsa, Ermənistan sülh müqaviləsinin imzalanmasını uzada bilər. Ermənistan müqaviləni onsuz da uzadır, sülh prosesi çox ləng gedir. Bizim istəyimiz odur ki, sərhədlər açılacaqsa, bütün sərhədlər eyni vaxtda açılsın: Azərbaycan-Ermənistan və Ermənistan-Türkiyə sərhədləri vahid sülh prosesinin nəticəsi olaraq açılsın. Çox güman ki, Azərbaycanın mövqeyi belədir. Bu məsələ ilk dəfə deyil ki, gündəmə gətirilir.
Məncə, müzakirələr olacaq, amma bu məsələ bütövlükdə vahid sülh prosesi çərçivəsində həllini tapmalıdır. Fərq yalnız onda ola bilər ki, məsələn, Türkiyə-Ermənistan sərhədi bir ay əvvəl, Azərbaycan-Ermənistan sərhədi isə bir ay sonra açılsın. Bunlar texniki məsələlərdir: hansı ərazidə hansı infrastrukturun hazır olub-olmaması ilə bağlıdır. Amma inanmıram ki, yaxın vaxtlarda sülh müqaviləsi imzalanmadan və sülh prosesi davam etmədən Türkiyə-Ermənistan sərhədi açılsın”.
Aytəkin TOFİQQIZI












