Mətbuat Şurasından Türkiyənin media qurumlarına ÇAĞIRIŞ

 17:12 19.10.2026     119

Azərbaycan Mətbuat Şurası Türkiyənin bir sıra media resurslarında və sosial şəbəkə platformalarında ölkəmizə qarşı yayılan qərəzli məlumatları, təhrif olunmuş materialları və ictimai rəyin manipulyasiyasına yönəlmiş kampaniyaları ciddi narahatlıqla izləyir.

Redaktor.az xəbər verir ki, bu barədə Mətbuat Şurasının yaydığı bəyanatda deyilir.

Mətbuat Şurasının bəyanatında bildirilib ki, son günlər Azərbaycanda yaşanan ayrı-ayrı hadisələrin kontekstdən çıxarılaraq təqdim edilməsi, ölkəmizin daxili məsələləri ilə bağlı müzakirələrin məqsədli şəkildə siyasiləşdirilməsi və təsdiqlənməmiş iddiaların fakt kimi yayılması peşəkar jurnalistikanın fundamental prinsiplərinə tamamilə ziddir: “Azərbaycan Mətbuat Şurası xüsusi olaraq vurğulayır ki, jurnalistikanın ali vəzifəsi cəmiyyətləri bir-birinə qarşı qoymaq deyil, həqiqəti üzə çıxarmaq, ictimaiyyətə dəqiq məlumat çatdırmaq və qarşılıqlı anlaşmaya töhfə verməkdir. Ancaq təəssüflə qeyd edilməlidir ki, son günlər Türkiyənin bəzi media orqanlarında bunun tam əksi müşahidə olunmaqdadır. Belə ki, ölkəmizin ümumtəhsil müəssisələrində vahid məktəbli geyiminin tətbiqi barədə qərar kontekstdən çıxarılaraq təhrif edilir, Azərbaycanda guya “hicab qadağası”nın tətbiq olunması və İslami dəyərlərin sıxışdırılması barədə tamamilə əsassız iddialar yayılır. Həmçinin, sırf daxili təhsil qaydaları ilə bağlı olan bu məsələ süni şəkildə dini-ideoloji qarşıdurma müstəvisinə keçirilir, beləliklə ölkəmiz haqqında mənfi imicin formalaşdırılmasına cəhd göstərilir.

Dini azadlıqlar, təhsil siyasəti və cəmiyyətimizin ictimai-mədəni həyatı ilə bağlı məsələlərin təhrifi, mövzuya aidiyyəti olmayan köhnə və ya saxta foto-video materiallardan istifadə, habelə ayrı-ayrı marginal şəxslərin radikal fikirlərinin bütövlükdə Türkiyə cəmiyyətinin mövqeyi kimi təqdim olunması ictimai rəyin yanlış istiqamətə yönəldilməsi məqsədi daşıyır. Belə yanaşma nə obyektiv jurnalistika prinsiplərinə, nə də iki qardaş ölkə arasındakı mövcud strateji münasibətlərin ruhuna uyğundur”.

Bəyanatda narahatlıq doğuran digər məqamın bu qarayaxma kampaniyasının təkcə sosial şəbəkə seqmenti ilə məhdudlaşmadığı, Türkiyənin bəzi ənənəvi media orqanları tərəfindən də aparıldığı vurğulanıb: “Həmin materiallarda tənqid və fikir azadlığının sərhədləri açıq şəkildə aşılır, sosial şəbəkə hesablarında Azərbaycan Respublikasında konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və hakimiyyətin qeyri-qanuni yollarla ələ keçirilməsinə yönələn təhlükəli çağırışlara tribuna yaradılır.

Azərbaycan ilə Türkiyə arasında münasibətlər ortaq tarixə, dilə, mədəniyyətə, mənəvi dəyərlərə və sarsılmaz qarşılıqlı etimada söykənir. “Bir millət, iki dövlət” prinsipi ölkələrimizin müstəqil dövlətlər kimi bərabərhüquqlu əməkdaşlığını və qardaşlığını ifadə edir. Bu müqəddəs prinsipdən hər hansı ölkənin daxili və xarici siyasətinə müdaxilə, cəmiyyəti ideoloji qarşıdurmaya sürükləmək və ya əsassız ittihamlar irəli sürmək üçün bəraət aləti kimi istifadə oluna bilməz”.

Mətbuat Şurası Türkiyənin media qurumlarını, jurnalist təşkilatlarını, redaksiyalarını və rəqəmsal platformalarda ictimai rəyə təsir göstərən şəxsləri Azərbaycana dair məlumatları dərc etməzdən əvvəl onları etibarlı mənbələr əsasında yoxlamağa çağırıb: “Şura faktların təhrifinə, saxta və kontekstdən çıxarılmış görüntülərin yayılmasına yol verməməyə, Azərbaycan dövlətinin və xalqının ünvanına yönələn təhqir, böhtan və nifrət ritorikasından çəkinməyə, aşkar edilmiş yanlış məlumatları operativ şəkildə düzəltməyə və təkzib etməyə, eləcə də iki ölkə arasındakı münasibətlərə zərər vura biləcək hər növ manipulyativ kampaniyalara qarşı prinsipial mövqe nümayiş etdirməyə çağırır.

Azərbaycan Mətbuat Şurası bəyan edir ki, həqiqətin təhrifinə, dezinformasiyanın yayılmasına və media imkanlarından ölkələrimiz arasında etimadı sarsıtmaq məqsədilə istifadəyə qarşı öz prinsipial mövqeyini bundan sonra da nümayiş etdirəcək”.

Vumart və Güvən reklamı Vumart Güvən