Türkiyə-Ermənistan sərhədi açıla bilər: Pərdəarxasında nə baş verir?

 12:37 20.10.2026     112

"Türkiyə və Ermənistan arasında sərhədlərin açılması məsələsi ilə bağlı hər iki tərəf arasında təmaslar son vaxtlar intensivləşib. Bu məsələ ilə bağlı müzakirələrin genişləndirildiyi və daha intensiv xarakter daşıdığı müşahidə olunur. Həm Türkiyədən, həm də Ermənistandan verilən bəyanatlar yaxın vaxtlarda bu iki ölkə arasında sərhədlərin açıla biləcəyini göstərir".

Bunu Redaktor.az-a açıqlamasında politoloq Elçin Xalidbəyli Türkiyə və Ermənistan arasında sərhədlərin açılma ehtimalından danışarkən bildirdi.

Ssiyasi şərhçi Türkiyə və Ermənistan arasında sərhədlərin açılması ehtimalının istisna edilmədiyini vurğulayaraq, bu istiqamətdə müəyyən razılaşmaların əldə oluna biləcəyini də qeyd etdi:

“Belə anlaşılır ki, xüsusilə də Ermənistanın Baş naziri Nikol Paşinyanın hakimiyyət nümayəndələrinin bu barədə verdiyi bəyanatların arxasında hansısa səhnəarxası anlaşma ehtimalı dayanır. Yəqin ki, yaxın vaxtlarda bütün bu proseslərin ümumi nəticələri tədricən aydınlaşmağa başlayacaq. Hələlik müşahidələr onu göstərir ki, birmənalı şəkildə iddia etmək mümkün olmasa da, hər halda, Türkiyə və Ermənistan arasında sərhədlərin açılması ehtimalı qətiyyən istisna deyil”.

Onun sözlərinə görə, mümkündür ki, danışıqların nəticələri yekun mərhələdə məhz sərhədlərin açılmasına münbit şərait yarada bilər.

"Ancaq təbii ki, bu məsələdə bir çox faktorların da təsirləri olmamış deyil. İndiki vəziyyət onu göstərir ki, həm Türkiyə, həm də Ermənistan sərhədlərin açılması üçün kifayət qədər ciddi addımlar atmağa hazırlaşırlar. Bu addımların da hansı şərtlər daxilində atılacağı və yaxud da atılmasının ləngidiləcəyi yaxın vaxtlarda dəqiqləşməyə başlayacaq. Bütün bunları nəzərə alanda belə demək olar ki, hər halda rəsmi qərarın verilməsi ilə bağlı bəyanatlar mövcud olmasa da, mümkündür ki, yaxın vaxtlarda Türkiyə və Ermənistan arasında sərhədlər həqiqətən də açılsın", - deyə siyasi şərhçi yekunlaşdırdı.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən