"Düşünməzdik ki, Türkiyədən əleyhimizə bu qədər nifrət kampaniyası aparıla bilər" - AÇIQLAMA

 12:20 20.10.2026     148

“Azərbaycan xalqı və hakimiyyəti olaraq heç vaxt düşünməzdik ki, son günlər olduğu kimi, Türkiyədən bizim əleyhimizə bu qədər kin və nifrət kampaniyası aparıla bilər. Biz uzun illər Azərbaycan əleyhinə erməni, fars və s. dairələrdən edilən bu kimi hücum kampaniyaları ilə mübarizə aparmışıq. Amma Türkiyədən edilən bu hücumlar qarşısında aciz qalmışıq. Onda biz bilirdik ki, onlar bizim düşmənlərimizdir. Bunu təbii qarşılayır, cavablarını da layiqincə verirdik”.

Bunu Redaktor.az-a açıqlamasında politoloq Azər Qasımov Türkiyədəki nurçu-islamçı AKP hakimiyyətinin Azərbaycana qarşı qərəzli kampaniyalarda iştirak etməsindən danışarkən dedi.

“Türkiyədən edilən son hücumlar qarşısında Azərbaycan olaraq “Türkiyə hakimiyyəti nə etmək istəyir?” – deyə pərişan vəziyyətdəyik. Söyüş və təhqirlərə, təhdidlərə qarşı nə cavab verəcəyimiz çətin suala çevrilib. AKP hakimiyyətinin funksionerləri bir-iki cümlə ilə quru birlik-bərabərlik mesajı verməklə öz işlərini bitmiş hesab edirlər.

Türkiyənin AKP hakimiyyəti bu durumun niyə yaranmasını istəsin? Türkiyə hakimiyyətinin Azərbaycan barəsində nə kimi gizli planları və ya tələbləri vardır ki, AKP hakimiyyətini bu yolu tutmağa sövq edir? Əslində, bu məsələ başqa bir ölkə ilə bizim aramızda baş versəydi, Azərbaycan olaraq bunu o qədər də problem etməzdik. Amma məsələ Türkiyə olduqda, bu, Azərbaycanın bir nömrəli təhlükəsizlik məsələsinə çevrilir. Ona görə ki, Azərbaycan Türkiyəni özü hesab edir. Türkiyəyə özü kimi inanır. Türkiyə adi bir məsələdə Azərbaycanla belə rəftar edirsə, sabah daha ciddi məsələlərdə Azərbaycan tərəfində ciddi suallar yaranacaq: Türkiyənin AKP hakimiyyətinə inanmaq olarmı, ya yox?” - deyə o bildirdi.

Politoloq hesab edir ki, Türkiyənin AKP hakimiyyəti Azərbaycana qarşı kampaniya aparan əsas şəxsləri öz sıralarından kənarlaşdırdığını açıq şəkildə bəyan etməlidir:

“Onlardan sosial mediada Azərbaycana və dövlət başçısına təhqirlər yağdıranları həbs etməlidir. Azərbaycan və Türkiyə birliyi çat verib sınarsa, bunun bərpası sonradan mümkün olmayan vəziyyətlərə səbəb ola bilər. Buna yol vermək olmaz”.

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən