Ermənistanın gələcəyi Azərbaycanla sülh sazişindən asılıdır - ŞƏRH

 13:24 20.10.2026     143

"Son vaxtlar Ermənistanda Rusiya və digər dövlətlərlə münasibətlər, mümkün təzyiqlər və edilən diktələr Paşinyanın fərqli qərarlar qəbul etməsinə səbəb olub".

Bunu Redaktor.az-a açıqlamasında politoloq Əli Mustafa bildirdi. 

O vurğuladı ki, Azərbaycan və Ermənistan arasında sülh hər bir halda gündəmdədir:

“Paşinyan bu addımı indi də ata bilər, beş ildən sonra da. Ancaq istənilən halda ya sülh sazişi imzalanacaq, ya da Cənubi Qafqazda fərqli siyasi reallıqların yaranması ehtimalı açıq qalacaq.

Digər tərəfdən, sülh sazişi regional əməkdaşlığın inkişafını da şərtləndirir. Gürcüstan-Ermənistan münasibətləri, əməkdaşlıq, logistika, eləcə də Ermənistanın ticarət və iqtisadi əlaqələri əhəmiyyətli dərəcədə bu sazişdən asılıdır.

Azərbaycan haqlı olaraq hesab edir ki, Ermənistan Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarından imtina etməlidir. Yalnız bu halda sülh sazişinin imzalanması mümkün olacaq. Türkiyə tərəfi də saziş imzalandıqdan sonra yolların açılmasını və Ermənistanın Avropaya inteqrasiyası qarşısındakı maneələrin aradan qaldırılmasını nəzərdə tutur”.

Müsahibimiz məsələlərin uzanmasının Ermənistanın özünə də zərər vurduğunu düşünür. Onun fikrincə, prosesin ləngiməsi regionda maraqları olan böyük güclərin mövqelərini möhkəmləndirməsinə və ya yenidən fəallaşmasına şərait yarada bilər.

“Ermənistan məsələni mümkün qədər tez həll etməlidir ki, region dövlətləri öz aralarında anlaşma və uzlaşma əldə etsinlər, digər oyunçuların bölgədə yenidən möhkəmlənməsi və ya təsir imkanlarını artırması üçün fürsət yaranmasın.

Hər halda, Paşinyanın verəcəyi qərar onun siyasi hakimiyyətinin gələcəyini müəyyənləşdirən məsələlərdən biridir. Ümumilikdə isə Cənubi Qafqazın gələcək geosiyasi perspektivləri də strateji baxımdan əhəmiyyətli dərəcədə bu sülh sazişindən asılı ola bilər”.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən