Qardaşlıq başqa, daxili işlərə müdaxilə başqa – Türkiyə hakimiyyətinə açıq MESAJ

 14:51 20.10.2026     175

"Azərbaycanla Türkiyə arasında münasibətlər tarixi qardaşlıq, qarşılıqlı etimad və strateji müttəfiqlik prinsiplərinə əsaslanır. Lakin qardaşlıq münasibətləri heç bir halda, heç bir qüvvə tərəfindən daxili siyasətə müdaxilə etmək hüququ vermir".

Bu sözləri Redaktor.az-a açıqlamasında siyasi şərhçi Ülviyyə Zülfiqar bildirdi. O vurğuladı ki, son günlər Türkiyənin bəzi media qurumlarının, bəzi dairələrin təmsilçilərinin Azərbaycanla bağlı açıqlamaları haqlı olaraq narahatlıq doğurur:

"Müstəqil dövlətin konstitusion quruluşuna, daxili siyasətinə müdaxilə etmək cəhdləri, onun rəhbərliyinə və xalqına qarşı ölçüyə sığmayan ifadələr işlətmək tamamilə başqa məsələdir. Azərbaycan dünyəvi dövlətdir və təhsil siyasətini, qaydaları öz Konstitusiyasına və qanunvericiliyinə uyğun müəyyənləşdirir. Bu məsələlərin kənardan ideoloji təzyiq vasitəsinə çevrilməsi qəbuledilməzdir".

Politoloq diqqətə çatdırdı ki, hər bir dövlətin öz milli maraqlarına, ictimai dəyərlərinə və qanunvericiliyinə uyğun qərarlar qəbul etmək hüququ var:

"Azərbaycanın da bu hüququ kiminsə razılığına və ya siyasi baxışlarına bağlı deyil. Xüsusilə dini məsələlərin siyasi təzyiq alətinə çevrilməsi, ölkəmizin dünyəvi dövlətçilik prinsiplərinin hədəfə alınması qəbuledilməz yanaşmadır. Azərbaycanda dini etiqad azadlığı Konstitusiya ilə təmin olunur, müxtəlif dinlərin nümayəndələri sərbəst şəkildə öz inanclarına etiqad edirlər. Azərbaycanın daxili qərarlarını dini və ideoloji müstəviyə daşımaq, həmin qərarlar üzərindən ölkəyə qarşı ittihamlar irəli sürmək heç bir halda əsaslandırıla bilməz".

Ülviyyə Zülfiqar qeyd etdi ki, Azərbaycanın dövlətçilik fəlsəfəsinin əsasını müstəqil siyasi iradə və suveren qərarvermə prinsipi təşkil edir:

"Ölkəmiz müxtəlif beynəlxalq tərəfdaşlarla münasibətlərində qarşılıqlı hörmət prinsipini rəhbər tutur və eyni yanaşmanı özünə münasibətdə də tələb edir. Heç bir dövlətin, siyasi qüvvənin və ya media qurumunun Azərbaycanın daxili idarəçilik modelini öz ideoloji baxışlarına uyğun dəyişdirmək tələbi irəli sürmək səlahiyyəti yoxdur. Azərbaycanın dövlət siyasətinə müdaxilə etmək, onun seçdiyi dünyəvi inkişaf modelini şübhə altına almaq yolverilməzdir. Azərbaycan öz Konstitusiyasına, milli maraqlarına və cəmiyyətinin ehtiyaclarına uyğun siyasət həyata keçirir. Ölkəmizin daxili məsələləri ilə bağlı son qərarı vermək hüququ yalnız Azərbaycan dövlətinə məxsusdur və bu, heç bir xarici təsirin müzakirə predmetinə çevrilə bilməz".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən