“Bu, Makron hakimiyyətinin yarıtmaz siyasətinin nəticəsidir” - AÇIQLAMA

 16:13 20.10.2026     122

“Fransada genişlənən etirazlar göstərir ki, ölkədə narazılıq artıq ayrı-ayrı sosial qrupların tələbləri ilə məhdudlaşmır. Şagirdlərin təhsil şəraiti və müəllim çatışmazlığı ilə bağlı başlayan aksiyalar yaşayış xərclərinin artması, dövlət xidmətlərinin zəifləməsi və sosial bərabərsizliklə bağlı narazılıqlarla birləşib”.

Bu barədə Fransada baş verən etirazları Redaktor.az-a şərh edən politoloq Yusif Bağırzadə bildirdi. Onun sözlərinə görə, nəticədə nümayişlərin bir hissəsi iğtişaşlara çevrilib, mağazalara və dövlət obyektlərinə ziyan vurulub, çoxsaylı həbslər həyata keçirilib.

Politoloq baş verənləri Fransa Prezidenti Emmanuel Makronun siyasətinin nəticəsi kimi qiymətləndirdi. O, ölkədə yaranmış vəziyyətin səbəblərinin təkcə son etirazlarla məhdudlaşmadığını, siyasi və iqtisadi problemlərin uzun müddətdir dərinləşdiyini vurğuladı:

“Bütün bunlar, şübhəsiz ki, Makron hakimiyyətinin yarıtmaz siyasətinin nəticəsidir. Əslində, yarım milyondan çox insanın küçələrə çıxaraq etirazlarını nümayiş etdirməsi narazılığın miqyasını açıq şəkildə ortaya qoyur. Bu hadisələr, heç şübhəsiz ki, Makron hakimiyyətinin böhranıdır və bu böhran bu gün meydana gəlməyib.

Makronun 2024-cü ildə parlamenti buraxmaq qərarından sonra Fransa siyasətində parçalanma dərinləşib, hökumətin parlamentdə dayanıqlı dəstək əldə etməsi çətinləşib. Eyni zamanda, büdcə kəsirini azaltmaq üçün xərclərin məhdudlaşdırılması cəhdləri sosial narazılıqları artırıb. Hökumət bir tərəfdən dövlət borcunu nəzarətdə saxlamağa, digər tərəfdən isə vətəndaşların artan sosial tələblərinə cavab verməyə çalışır. Bu iki məqsəd arasında tarazlıq yaratmaq isə getdikcə mürəkkəbləşir”.

Yusif Bağırzadə hesab edir ki, Fransada mövcud vəziyyətin yaranmasında Makronun idarəçilik üslubu və qəbul etdiyi qərarlar da mühüm rol oynayıb. Politoloqun fikrincə, ölkədəki iqtisadi çətinliklər, yaşayış xərclərinin artması, dövlət xidmətlərinin keyfiyyətinin aşağı düşməsi və siyasi qüvvələr arasında dərin fikir ayrılıqları böhranı daha da ağırlaşdırıb.

O, hökumətin problemlərin həllində seçdiyi yanaşmanı da tənqid etdi və bildirdi ki, sərt təhlükəsizlik tədbirləri sosial narazılığın əsas səbəblərini aradan qaldırmaq üçün kifayət deyil:

“Makronun idarəçilik üslubu və qəbul etdiyi qərarlar bu problemlərin siyasi nəticələrinə birbaşa təsir göstərib deyə bilərik. Ümumilikdə isə hazırda Fransada baş verənlər dövlətin sosial öhdəlikləri ilə maliyyə imkanları arasındakı ziddiyyətin ifadəsidir deyə bilərik. Hökumət isə çıxış yolları axtarmaq, problemləri həll etmək əvəzinə yalnız sərt təhlükəsizlik tədbirləri ilə kifayətlənir. Bu isə heç bir halda narazılığın əsas səbəblərini aradan qaldırmır, əksinə, mövcud narazılığı daha da artırır.

Bu gün Fransa xalqına təhsil, yaşayış xərcləri, sosial müdafiə və siyasi təmsilçilik məsələlərində real nəticələr lazımdır. Makronun siyasi karyerası da bu problemlərin həllinə nə dərəcədə nail olunacağından asılıdır”.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən