Makronun siyasi sonu yaxınlaşır? - Fransada etirazlar böyüyür
"Fransada baş verən etirazları yalnız Prezident Emmanuel Makronun siyasətinə və mövcud idarəçiliyinə qarşı narazılıqla izah etmək kifayət deyil. Burada illər ərzində yığılıb qalmış sosial problemlər, həyat bahalılığı, pensiya və əmək siyasəti ətrafında mübahisələr, hökumətə inamın azalması və siyasi parçalanmalar bir nöqtədə kəsişir".
Bu sözləri Redaktor.az-a açıqlamasında siyasi şərhçi Çingiz Şahbazi bildirdi.
Onun sözlərinə görə, Fransada son illərdə müxtəlif etiraz hərəkatları baş verib və onların hamısını vahid təşkilatın fəaliyyəti kimi qiymətləndirmək düzgün deyil.
“Bundan əvvəlki aksiyalarda olduğu kimi, indiki etirazların da real sosial səbəbləri var. Bununla belə, etirazların hansısa siyasi qüvvə tərəfindən təşkil və ya idarə olunması məsələsini ayrıca nəzərdən keçirmək lazımdır. Bu iki məqamı bir-biri ilə qarışdırmaq olmaz”, - deyə siyasi şərhçi vurğuladı.
Ç.Şahbazi qeyd etdi ki, Fransada məktəblərdəki problemlərdən başlayan etirazlar sonradan daha geniş sosial və siyasi qarşıdurmaya çevrilib. Onun sözlərinə görə, sentyabrın ortalarından etibarən Parisin sosial baxımdan daha həssas ətraf bölgələrində şagirdlər müəllim çatışmazlığına və məktəblərin acınacaqlı vəziyyətinə etiraz ediblər.
Şərhçi bildirdi ki, sentyabrın sonunda müəllimlər, yanğınsöndürənlər, səhiyyə işçiləri və dövlət sektorunun digər əməkdaşları da aksiyalara qoşulublar. Onun fikrincə, narazılığın əsas səbəblərindən biri hökumətin büdcə ixtisarları planıdır.
Ç.Şahbazi vurğuladı ki, etirazlara ölkənin həmkarlar ittifaqlarının və 2018-ci ildəki “Sarı jiletlilər” hərəkatının tərəfdarlarının da qoşulduğu bildirilir.
“Fransa Daxili İşlər Nazirliyinin son məlumatına görə, oktyabrın 17-də nümayişlərdə 550 min insan iştirak edib. Bəzi yerlərdə talanlar, yanğınlar və polislə toqquşmalar baş verib. Bununla əlaqədar Parisin bəzi ərazilərində, eləcə də Lill və Nitsa şəhərlərində məhdud komendant saatları tətbiq edilib. Noyabrın 5-nə yeni tətil və nümayişlər elan olunub”, - deyə politoloq bildirdi.
O qeyd etdi ki, etirazçılar vahid siyasi təşkilat ətrafında birləşmədikləri üçün məktəblilərin, müəllimlərin, səhiyyə işçilərinin və digər hökumət əleyhdarlarının tələbləri tam üst-üstə düşmür. Bununla belə, təhsil sisteminin təkmilləşdirilməsi, alıcılıq qabiliyyətinin qorunması, büdcə ixtisarlarına və maaş siyasətindəki problemlərə etiraz kimi tələblər ümumi narazılıq fonunda ön plana çıxır.

Ç.Şahbazi hesab edir ki, Fransada baş verənlər, ilk növbədə, real sosial narazılığın təzahürüdür. Bununla yanaşı, o, mövcud vəziyyətin ölkənin siyasi qüvvələri tərəfindən öz məqsədləri üçün istifadə edilə biləcəyini də istisna etmir.
Siyasi şərhçinin fikrincə, sosial şəbəkələrdə etirazlarla bağlı məlumatların daha geniş yayılması hökumətə qarşı narazılığın və inamsızlığın artmasına da təsir göstərə bilər.
“Bu baxımdan hesab edirəm ki, Prezident Emmanuel Makronun siyasi gələcəyi də aksiyaların nə qədər davam edəcəyindən və sosial böhranın doğurduğu problemlərin hansı nəticələrə gətirib çıxaracağından asılı olacaq”, - deyə həmsöhbətimiz fikrini yekunlaşdırdı.
Aytəkin TOFİQQIZI












