"Fransa başqalarına ədalət dərsi keçərkən öz problemlərini unutdu” – Tural Gəncəliyev

 22:40 20.10.2026     152

Fransada sosial problemlərin dərinləşməsi, həyat səviyyəsinin aşağı düşməsi və hökumətə qarşı narazılığın artması ölkədə etirazların genişlənməsinə səbəb olub. Prezident Emmanuel Makronun siyasətinə qarşı yönələn narazılıqlar bir daha Fransanın daxili və xarici siyasətini gündəmə gətirib.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Tural Gəncəliyev bildirdi ki, Fransada idarəçilik və sosial problemlərlə bağlı ciddi çətinliklər yaşanır.

“Artıq bu problemlər elə bir həddə çatıb ki, insanlar narazılıqlarını açıq şəkildə ifadə edir, Fransa hakimiyyətinin və Makronun yürütdüyü siyasətə qarşı etiraz edirlər. “Sarı jiletlilər” hərəkatı əvvəlki illərdə də pensiya islahatlarına qarşı çıxmışdı. Bu dəfə isə Fransada ciddi sosial problemlər yenidən gündəmə gəlib”, - o qeyd etdi.

T.Gəncəliyevin sözlərinə görə, əhalinin yaşayış səviyyəsi, iqtisadiyyat və təhsil sahəsindəki problemlər, eləcə də Fransanın Avropa İttifaqı daxilində və beynəlxalq müstəvidə üzləşdiyi çətinliklər cəmiyyətlə hakimiyyət arasında ciddi ziddiyyətlər yaradıb. Onun fikrincə, Makron hakimiyyətinin son illərdəki daxili və xarici siyasəti də bu narazılığın artmasına təsir göstərib.

“Makron hazırda Fransada reytinq baxımından, bəlkə də, seçildiyi dövrdən bəri ən aşağı göstəricilərdən birinə malikdir”, - millət vəkili vurğuladı.

Deputat hesab edir ki, Fransanın bugünkü vəziyyəti həm də əvvəlki illərdə yürütdüyü siyasətin nəticəsidir. O, xüsusilə Yaxın Şərqdə, Şimali Afrikada, Cənubi Qafqazda və Azərbaycana münasibətdə həyata keçirilən siyasətə diqqət çəkdi.

“Fransanın həm torpaqlarımızın işğal altında olduğu dövrdə, həm də sülh prosesi zamanı Ermənistanda revanşizmin qızışdırılması istiqamətində atdığı addımlar, eləcə də Avropa institutlarındakı destruktiv fəaliyyəti diqqət çəkir”, - T.Gəncəliyev bildirdi.

Millət vəkili qeyd etdi ki, Avropa Şurası Parlament Assambleyası, Avropa Parlamenti və digər Avropa institutlarında Fransanın təsiri ilə Azərbaycana qarşı qərəzli mövqenin formalaşdırıldığını düşünür. Onun sözlərinə görə, bu qurumların imkanlarından islamofob, türkofob və azərbaycanofob siyasətin həyata keçirilməsi üçün istifadə olunur.

“Fransanın Avropa Şurasının və Avropa Parlamentinin mənzil-qərargahlarının öz ərazisində yerləşməsindən istifadə edərək bu təşkilatları sanki öz siyasi iradəsindən asılı vəziyyətə salmaq cəhdlərinin dəfələrlə şahidi olmuşuq. Avropa Şurasında və Avropa Parlamentində Azərbaycana qarşı yönələn kampaniyanın əsas hərəkətverici qüvvəsi məhz Fransa və Makron hakimiyyətə gəldikdən sonra onun rəhbərlik etdiyi Fransa hökuməti olub”, - deputat bildirdi.

T.Gəncəliyev hesab edir ki, Fransada baş verənlər ölkənin yürütdüyü siyasətin nəticələrinə yenidən nəzər salmaq üçün əsasdır. O, etirazçılara, o cümlədən şagirdlərə qarşı polis zorakılığı iddialarını, şəhərlərdə baş verən iğtişaşları və iqtisadi çətinlikləri xatırladaraq bunların Fransa üçün ciddi dərs olmalı olduğunu bildirdi.

Deputatın fikrincə, başqa ölkələrə beynəlxalq hüquq və ədalət dərsi keçən Fransa özünün də oxşar problemlərlə üzləşə biləcəyini nəzərə almalı idi.

“Bu gün baş verənlər həmin reallığı bir daha göstərir. Beynəlxalq və regional təşkilatlar onların büdcəsinə daha çox töhfə verən, eləcə də öz ərazisində fəaliyyət göstərmələrinə şərait yaradan ölkələrdən asılı vəziyyətə düşə bilirlər. Bu isə həmin təşkilatların imkanlarından sui-istifadəyə və ikili standartların tətbiqinə səbəb olur”, - T.Gəncəliyev vurğuladı.

Millət vəkili hesab edir ki, beynəlxalq təşkilatların və Avropa institutlarının uzun müddət bir ölkənin ərazisində fəaliyyət göstərməsi onların həmin dövlətin siyasi alətinə çevrilməsi riskini yarada bilər. Onun sözlərinə görə, belə vəziyyətdə həmin qurumlar müstəqil mövqelərini qorumaq əvəzinə, ayrı-ayrı dövlətlərin maraqlarına xidmət edən vasitələrə çevrilə bilərlər.

Deputat Fransanın müstəmləkəçilik siyasətinə də toxundu. O qeyd etdi ki, Yaxın Şərqdə və Şimali Afrikada XVIII–XIX əsrlərdən başlayan müstəmləkəçilik siyasəti sonrakı dövrlərdə neomüstəmləkəçilik formalarında davam edib.

““Fransafrik” adlandırılan siyasət çərçivəsində Afrikanın bəzi ölkələrinin hələ də Fransadan asılı vəziyyətdə saxlanılması, onların resurslarının istismar edilməsi və müstəmləkəçi siyasətin davam etdirilməsi müşahidə olunur. Bütün bunlara baxmayaraq, Fransa iqtisadi durğunluq yaşayır, insanların sosial-iqtisadi vəziyyəti pisləşir və onlar Makron hakimiyyətinə qarşı etiraz etməyə məcbur qalırlar”, - o bildirdi.

T.Gəncəliyevin sözlərinə görə, uzun illər davam edən müstəmləkəçilik siyasəti və digər ölkələrin resurslarından əldə olunan gəlirlər belə, Fransanın daxili iqtisadi və sosial problemlərini həll etməyə kifayət etməyib. O, bu kontekstdə Fransa elitasının və Avropa İttifaqı çərçivəsində qərar qəbul edən müəyyən dairələrin siyasətinin kimlərin maraqlarına xidmət etdiyi sualını gündəmə gətirdi.

Deputat hesab edir ki, bu siyasət daha çox ayrı-ayrı elita və qrupların maraqlarını güdür, Avropada yaşayan milyonlarla insanın rifahının yaxşılaşmasına isə lazımi töhfə vermir.

T.Gəncəliyev vurğuladı ki, Fransa mövcud problemlərin həlli üçün ilk növbədə öz siyasətinə yenidən baxmalı və ciddi dəyişikliklər etməlidir:

"Əks halda, ölkə gələcəkdə də oxşar çətinliklərlə üzləşə və mövcud böhranların davam etdiyini görə bilər".

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən