"Sülhü uzaq gələcəyə saxlamaqdansa, bu gün rəsmiləşdirmək lazımdır" - Deputat
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh müqaviləsinin 2031-ci ildə imzalanacağını açıqlayıb.
Mövzu ilə bağlı Redaktor.az-a danışan millət vəkili Jalə Əliyeva bildirdi ki, Paşinyanın 2031-ci ili təsadüfi seçməsi ehtimalı azdır.
“Bu tarix daha çox Ermənistanın daxili siyasi təqvimi, hökumətin qarşıya qoyduğu uzunmüddətli hədəflər və cəmiyyətdə sülh gündəminin möhkəmləndirilməsi ilə bağlı ola bilər. Paşinyan bununla həm Ermənistan cəmiyyətinə, həm də beynəlxalq auditoriyaya sülh prosesinin müəyyən zaman tələb edən, mərhələli proses olduğu mesajını verməyə çalışır”, - deputat qeyd etdi.
Jalə Əliyeva Azərbaycanın mövqeyindən yanaşdıqda əsas məsələnin sülhün konkret tarixə bağlanması deyil, onun real və davamlı şəkildə təmin edilməsi olduğunu vurğuladı.
“Əgər tərəflər arasında sülh sazişinin mətni razılaşdırılıbsa və ilkinləşdirilibsə, prosesin daha bir neçə il uzadılması üçün əsaslı səbəb olmamalıdır. Azərbaycan sülhün mümkün qədər tez rəsmiləşdirilməsində və regionda davamlı sabitliyin təmin olunmasında maraqlıdır”, - millət vəkili bildirdi.
Onun sözlərinə görə, 2031-ci il Paşinyanın öz siyasi məsuliyyətini gələcəyə daşımaq cəhdi kimi də qiymətləndirilə bilər. Deputat hesab edir ki, konkret nəticəni yaxın perspektivdə deyil, bir neçə il sonra proqnozlaşdırmaqla prosesdəki gecikmələr üçün müəyyən siyasi manevr imkanları saxlanılır.
“Halbuki Azərbaycan üçün yanaşma aydındır: sülh yalnız bəyanatlarla deyil, qarşılıqlı öhdəliklərin yerinə yetirilməsi, ərazi bütövlüyünə hörmət və regionda yeni qarşıdurma risklərinin aradan qaldırılması ilə möhkəmlənməlidir”, - J.Əliyeva vurğuladı.
Millət vəkilinin fikrincə, 2031-ci il real zərurətdən daha çox Ermənistanın siyasi planlaşdırmasının göstəricisi kimi görünür.
“Azərbaycan baxımından sülhün tarixini uzaq gələcəyə proqnozlaşdırmaqdan daha vacib məsələ mövcud imkanlardan istifadə edərək sülhü bu gün rəsmiləşdirmək və Cənubi Qafqazda yeni, sabit əməkdaşlıq mərhələsinə keçməkdir”, - J.Əliyeva fikrini yekunlaşdırdı.
Xədicə BAXIŞLI












