“Makronun həm daxili, həm də xarici siyasəti uğursuzluqla nəticələnib” - AÇIQLAMA
"Emmanuel Makron hakimiyyətə gəldikdən sonra, hətta ikinci dəfə prezident seçildiyi dövrdə də Fransanın müxtəlif şəhərlərində və küçələrində sarı jiletlilərin vaxtaşırı etiraz aksiyalarının şahidi olduq. Hətta Fransanın dənizaşırı ərazilərində də insanlar öz hüquq və azadlıqları ilə bağlı etiraz aksiyaları keçirirdilər".
Bunu Redaktor.az-a açıqlamasında Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin sədri, hüquqşünas Xəyal Bəşirov hazırda Fransada baş verən hadisələri şərh edərkən bildirdi. Onun sözlərinə görə, bu aksiyalar əsasən sosial sahədə və sosial təminatla bağlı qanunvericiliyə edilən dəyişikliklərdən qaynaqlanırdı:
“İnsanların narazılıqlarını bu şəkildə ifadə etməsi etirazların bir gün daha geniş miqyas alacağını və ciddi nəticələrə gətirib çıxaracağını əvvəlcədən göstərirdi. Hazırda Fransada qiymət artımı, yaşayış xərclərinin bahalaşması və digər sosial problemlərlə bağlı etirazlar kütləvi xarakter alıb. Bu aksiyaların ölkənin əsas şəhərlərində, xüsusilə də Parisdə dağıntılar, yanğınlar və ayrı-ayrı obyektlərin talanması ilə müşayiət olunması hakimiyyət üçün ciddi böhranın yarandığını göstərir. Hətta daxili işlər nazirinin istefasının da şahidi olduq. Lakin Emmanuel Makron bunu geri addım kimi qiymətləndirərək, etirazların daha ciddi nəticələrə səbəb olacağından narahat olduğu üçün istefanı qəbul etmədi”.
Müsahibimizin fikrincə, bütün bunlar Fransaya rəhbərlik edən Emmanuel Makron administrasiyasının həm daxili, həm də xarici siyasətinin uğursuzluğu ilə bağlıdır.
“Nəzərə alaq ki, ölkə daxilində qanunvericiliyə dəyişikliklər edən və bununla insanların etirazlarına səbəb olan Makron administrasiyası xarici siyasətdə də uğursuzluqlarla üzləşib. Avropa İttifaqı və NATO daxilində, ümumilikdə Avropada və dünyada yürütdüyü siyasət nəticəsində bir sıra problemlərlə qarşılaşıb. Həmin siyasət Fransanın bəzi ölkələrdə, o cümlədən Afrikada mövqelərinin zəifləməsinə və müəyyən ərazilərdən çıxmasına gətirib çıxaran addımlarla müşayiət olunub. Təbii ki, bütün bunlar Emmanuel Makron administrasiyasının uğursuz siyasətinin nəticələridir. Hesab edirəm ki, sadaladığım amillərlə yanaşı, digər məqamlar da bugünkü etiraz aksiyalarının əsas səbəblərindəndir. Bu səbəblər isə birbaşa Emmanuel Makron administrasiyasının yürütdüyü siyasətlə bağlıdır”, - deyə o vurğuladı.
NURİYYƏ












