"Hazırda İranda səsləndirilən bəzi bəyanatlar Azərbaycanı qane edə bilməz" - Deputatdan MESAJ

 15:19 21.10.2026     133

"İran rəsmilərinin beynəlxalq münasibətlərlə bağlı açıqlamaları çox vaxt bir-biri ilə üst-üstə düşmür. Onlar bir çox hallarda bir-birinin fikirlərini təkzib edir, bəzən isə aqressiv siyasətə və rəhbərlərə uyğun olmayan bəyanatlar səsləndirirlər".

Bu barədə Redaktor.az-a açıqlamasında Milli Məclisin komitə sədri Tahir Rzayev bildirdi.

Onun sözlərinə görə, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqainin məktəbli forması ilə bağlı müzakirələrə münasibəti, şübhəsiz ki, mövcud reallığı əks etdirir və Azərbaycan dövlətinin həyata keçirdiyi tədbirlərə dəstək ifadə edir:

"Çünki Azərbaycan müstəqil dövlətdir. Heç bir dövlət onun daxili işlərinə qarışa bilməz. Azərbaycan xalqın və dövlətin taleyi ilə bağlı məsələləri müstəqil şəkildə həll etmək hüququna malikdir. Təəssüf ki, son günlər hicab məsələsi daha çox İran rəsmiləri və siyasətçiləri tərəfindən gündəmə gətirilir, bu məsələyə siyasi don geyindirilir. Bu, əsassız yanaşmadır. Məktəbli forması bütün şagirdlər üçün eyni olmalıdır. Şagirdlər geyimlərinə görə bir-birindən fərqlənməməli, özlərini sərbəst hiss etməli, geyimlərinə görə utanc keçirmədən təhsillərini bərabər şəraitdə davam etdirməlidirlər".

Millət vəkili vurğuladı ki, bu məsələ heç də hicabın qadağan edilməsi və ya İslam dininə laqeyd münasibət kimi qiymətləndirilməməlidir:

"Din dövlətdən ayrı olsa da, Azərbaycanda məscidlərin bərpasına və tikintisinə, dini abidələrin yararlı vəziyyətə gətirilməsinə böyük diqqət yetirilir. Din xadimlərinin ibadətlərini yerinə yetirmələri üçün də hər cür şərait yaradılıb. İsmayıl Bəqainin Bakı ilə Tehran arasında dostluq və qardaşlıq münasibətlərinin yaxşılaşdırılması və möhkəmləndirilməsi, adi məsələlərin şişirdilməməsi, onlara hüquqi və siyasi don geyindirilməməsi, qarşılıqlı hörmətin qorunması ilə bağlı fikirlərini mən də təqdir edirəm.

Biz heç vaxt İranın daxili işlərinə qarışmamışıq və belə bir niyyətimiz də yoxdur. Buna görə də qarşılıqlı münasibətlərin inkişafı, ilk növbədə, hörmətə, ehtirama və sağlam yanaşmaya əsaslanmalıdır. Dəfələrlə İran dövlətinin və rəsmilərinin diqqətinə çatdırılıb ki, Azərbaycana qarşı müəyyən təxribatlara son qoyulmalıdır. Bu istiqamətdə müəyyən nəticələr əldə edilsə də, hazırda hökm sürən ab-hava və səsləndirilən bəzi bəyanatlar Azərbaycanı qane edə bilməz. Düşünürəm ki, İran rəsmiləri bu barədə ciddi düşünməlidirlər. Çünki biz qonşu dövlətlərik. Əlaqələrimiz və münasibətlərimiz nə qədər möhkəm və davamlı olarsa, xalqlarımızın gələcək inkişafı naminə bir o qədər səmərəli addımlar atmaq mümkün olar".

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən