"Bir millət, iki dövlət" hər məsələdə eyni mövqedə olmaq demək deyil - Elşad Mirbəşiroğlu
“Türkiyə ilə Azərbaycan arasında son günlər müşahidə olunan gərginlik təəssüf doğurur. Nəzərə almaq lazımdır ki, iki ölkə arasında uzun illər ərzində etimad mühiti yaradılıb, müttəfiqlik münasibətləri formalaşdırılıb və Azərbaycan-Türkiyə münasibətləri, bir qayda olaraq, digər ölkələr arasında münasibətlərin qurulması üçün də örnək olub. Amma müttəfiqlik münasibətləri heç də bütün məsələlərdə eyni mövqedən çıxış etmək və ya suverenlikdən imtina etmək anlamına gəlmir. Azərbaycanın öz milli maraqları var. Azərbaycan hansı mərhələdə hansı addımın atılmasının vacibliyini müstəqil şəkildə müəyyənləşdirir və bununla bağlı qərarları özü verir”.
Bunu Redaktor.az-a açıqlamasında keçmiş deputat, politoloq Elşad Mirbəşiroğlu bildirdi.
Müsahibimiz hesab edir ki, Türkiyədə bir sıra hallarda ayrı-ayrı şəxslərin ictimai fikirləri Azərbaycanla Türkiyə arasındakı münasibətlərə xələl gətirir.
“Biz vaxtilə ulu öndər Heydər Əliyevin dediyi kimi, “bir millət, iki dövlət” prinsipi əsasında münasibətlərimizi inkişaf etdirmişik. Azərbaycan həm siyasi, həm iqtisadi, həm də digər sahələrdə etibarlı və konstruktiv əməkdaşlıq təcrübəsinə malikdir. Biz hər zaman tərəfdaş dövlətlərin mövqelərinə və suverenliyinə hörmətlə yanaşmışıq, onların daxili işlərinə qarışmamaq prinsipinə əməl etmişik. Təbii ki, bizimlə əməkdaşlıq edən, strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərində olduğumuz ölkələrdən də eyni davranışı gözləyirik”.
Politoloq Azərbaycan-Türkiyə münasibətlərinin tarixi sınaqlardan keçdiyini vurğuladı. O, ayrı-ayrı şəxslərin fikirləri ilə Türkiyə dövlətinin mövqeyini eyniləşdirməyin düzgün olmadığını bildirdi:
“Sosial şəbəkələrdə ayrı-ayrı şəxslərin ölkəmizin müstəqil qərarları ilə bağlı səsləndirdikləri fikirlər təəssüf doğurur. Amma bütün bunlara əsaslanaraq Türkiyə dövlətinin bütövlükdə ölkəmizə qarşı olduğunu düşünmək doğru deyil. AKP rəsmiləri arasında da bununla bağlı fikirlər səsləndirənlər olub. Məsələn, Ədalət və İnkişaf Partiyasının kifayət qədər nüfuzlu nümayəndələrindən olan sabiq baş nazir Binəli Yıldırım açıq şəkildə bildirib ki, Azərbaycanın daxili işlərinə qarışmaq düzgün deyil. Bu yanaşma da bir daha mövqeyimizin doğruluğunu təsdiqləyir”.
Keçmiş deputat iki ölkənin münasibətlərində qarşılıqlı hörmət prinsipinin qorunmasının vacibliyini də diqqətə çatdırdı. Onun sözlərinə görə, Azərbaycan və Türkiyə bir-birinin daxili işlərinə qarışmamalı, suverenliyə hörmətlə yanaşmalı, qarşılıqlı qərarlara həssaslıq göstərməli və həmin qərarlara hörmət etməlidirlər:
“Eyni zamanda, tərəflərin öz milli maraqlarına uyğun mövqelərini müstəqil şəkildə müəyyənləşdirmək və buna uyğun addımlar atmaq hüququnu qəbul etmək lazımdır. Azərbaycan Türkiyə ilə müttəfiqlik münasibətlərinə malikdir. Lakin bu, iki dövlətin mövqelərinin mütləq şəkildə üst-üstə düşməli olduğu anlamına gəlmir. Qeyd etdiyim kimi, Azərbaycanın öz müstəqil yolu və milli maraqları var. Ölkəmiz beynəlxalq münasibətlər sistemində mövqeyini bu maraqlara uyğun formalaşdırır və addımlarını da buna əsasən atır.
Eyni zamanda, Azərbaycan Konstitusiyasına görə, ölkəmiz dünyəvi dövlətdir. Dünyəvilik prinsipinin cəmiyyətin müxtəlif sahələrində qorunması istiqamətində qərarlar qəbul etmək dövlətimizin tam suveren hüququdur. Azərbaycan bu istiqamətdə müstəqil addımlar atır və həmin qərarlara görə ölkəmizə qarşı mənfi münasibətin formalaşdırılması yolverilməzdir”.
Xədicə BAXIŞLI












