“Sərhədin tam açılması Bakı ilə İrəvan arasındakı sülhdən asılıdır” - Türkiyəli general
“Türkiyə və Azərbaycan dost, qardaş və müttəfiq ölkələr olaraq Ermənistanla bağlı addımlarını, eləcə də Cənubi Qafqaz regionuna dair siyasətlərini tam şəkildə müştərək və koordinasiyalı formada həyata keçirirlər. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Varşava Təhlükəsizlik Forumunda səsləndirdiyi “Sabah səhər oyandıqda "Türkiyə-Ermənistan sərhədi açıldı" xəbərini görməyimiz tamamilə mümkündür” bəyanatı iki ölkə arasındakı normallaşma prosesinin mühüm mərhələyə çatdığını göstərir. Bununla belə, sərhədlərin tam və ya dərhal açılması yalnız texniki dialoqdan deyil, həm də geosiyasi şərtlərdən və regional dinamikadan asılıdır”.
Bunu Redaktor.az-a açıqlamasında Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz bildirdi.
General prosesin hazırkı vəziyyətinə toxunaraq Türkiyə ilə Ermənistan arasında sərhədin açılması istiqamətində indiyədək görülən işlərdən danışdı:
“Prosesin mövcud vəziyyətinə nəzər saldıqda görürük ki, Türkiyə və Ermənistanın xüsusi nümayəndələri Sərdar Kılıç və Ruben Rubinyan arasında aparılan danışıqlarda sərhədin ilk mərhələdə üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün açılması barədə prinsipial razılıq əldə olunub. Eyni zamanda, sərhəddə yerləşən Akyaka/Margara keçid məntəqəsinin bərpası, körpülərin vəziyyətinin yoxlanılması, minalardan təmizləmə işləri və logistik infrastrukturun təftişi yekunlaşdırılıb”.
Yücel Karauzun fikrincə, sərhədin yaxın vaxtlarda açılmasını mümkün edən amillərdən biri Ermənistan rəhbərliyinin bu istiqamətdə siyasi iradə nümayiş etdirməsidir:
“İrəvan rəhbərliyi Türkiyə ilə münasibətlərin normallaşmasını və blokadanın aradan qaldırılmasını iqtisadi və təhlükəsizlik prioritetləri sırasına daxil edib. Digər tərəfdən, Ankara və İrəvan prosesin birdən-birə tam açılışla deyil, mərhələli şəkildə həyata keçirilməsinə meyllidir. Bu baxımdan, ilk addım diplomatik pasport sahiblərinin və ya üçüncü ölkə vətəndaşlarının sərhəddən keçidinə aid ola bilər".
General əlavə etdi ki, Türkiyə Ermənistanla dialoqu dəstəkləsə də, rəsmi diplomatik addımların atılmasını müəyyən şərtlərlə əlaqələndirir. Onun sözlərinə görə, bu məsələdə əsas amillərdən biri Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasıdır.
“Türkiyə dəfələrlə bəyan edib ki, Ermənistanla münasibətlərin tam normallaşması və sərhədlərin açılması Bakı ilə İrəvan arasında yekun sülh sazişinin imzalanması, eləcə də regional kommunikasiyaların, o cümlədən Zəngəzur dəhlizinin və digər regional nəqliyyat xətlərinin açılması ilə paralel şəkildə həyata keçirilməlidir”.
O, Ermənistan Konstitusiyası ilə bağlı məsələnin də Ankara və Bakının diqqət mərkəzində olduğunu vurğuladı:
“Bu məsələ həm Azərbaycanın, həm də Türkiyənin diqqət mərkəzindədir və iki ölkənin Ermənistanla münasibətlərə dair mövqeyində əhəmiyyətli yer tutur.
Bütün bunları nəzərə alaraq, Türkiyənin Ermənistanla sərhədi dərhal və tam şəkildə, yəni genişmiqyaslı ticarət və kütləvi gediş-gəliş üçün açması gözlənilmir. Yaxın vaxtlarda diplomatik pasport sahibləri və üçüncü ölkə vətəndaşları üçün sərhəd keçidinin sınaq rejimində açılması ilə bağlı qərar verilə bilər".
Yücel Karauz hesab edir ki, sərhədin tam açılması məsələsi Azərbaycan-Ermənistan münasibətlərindəki irəliləyişdən və sülh prosesinin nəticələrindən asılı olacaq.
“Lakin quru sərhədinin tam şəkildə, ticari və mülki gediş-gəliş üçün açılması Azərbaycan-Ermənistan sülh müqaviləsinin imzalanmasından və ya bu istiqamətdə geri dönməz addımların atılmasından asılı olacaq. Nəticə etibarilə, bu prosesdə meydana gələ biləcək hər bir inkişafın və atılacaq diplomatik addımın Azərbaycanla sıx əməkdaşlıq və tam koordinasiya şəraitində həyata keçiriləcəyi şübhəsizdir”, - deyə general fikrini yekunlaşdırdı.
Xədicə BAXIŞLI












