İranın hicab açıqlamasının arxasında nə dayanır? – Keçmiş deputatdan diqqətçəkən ŞƏRH

 18:12 21.10.2026     56

“İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai verdiyi açıqlamada Azərbaycanla İran arasındakı münasibətlərin xarakterinə diqqət çəkərək hər iki ölkəni dost və qardaş adlandırır. Hesab edirəm ki, bu, son dövrlərdə iki ölkə arasında qarşılıqlı anlaşma və dialoq mühitinin mövcudluğuna işarə edir. Eyni zamanda, bu mühitin qorunmasında maraqlı olduğunu nümayiş etdirir”.

Bunu Redaktor.az-a açıqlamasında keçmiş deputat, politoloq Elşad Mirbəşiroğlu bildirdi.

Onun sözlərinə görə, məktəbli formasının tətbiqi ölkəmizdə təhsilin keyfiyyətinə, təhsil müəssisələrində məsuliyyət və nizam-intizamın formalaşmasına, ümumilikdə, keyfiyyətli vətəndaş yetişdirilməsinə müsbət təsir göstərə biləcək qərardır:

“Bu qərarı Azərbaycan hökuməti qəbul edib və onu kənar müzakirələrə açıq məsələ hesab etmək olmaz. Bu baxımdan, hesab edirəm ki, Bəqai də İranın bu məsələlərə müdaxilə etmədiyini nümayiş etdirir. O, hicab məsələsinin İran üçün həssas olduğunu vurğulayır. Düşünürəm ki, bununla, əsasən, öz cəmiyyətinə mesaj verir. Məqsəd İran cəmiyyətinin bu məsələyə fərqli yanaşmasının qarşısını almaq və ölkənin hicab məsələsinə həssas münasibətini göstərməkdir. Yəni bu fikirlər, ilk növbədə, İran cəmiyyətinə ünvanlanıb”.

Politoloq əlavə etdi ki, Azərbaycanda məktəbli forması və hicabla bağlı müzakirələr ölkənin daxili məsələsi kimi qiymətləndirilməli, bu sahədə kənar müdaxiləyə yol verilməməlidir.

“Bununla yanaşı, Azərbaycanda baş verən məsələlərin ölkəmizin daxili işi olduğunu da nəzərə almaq lazımdır. Bu, Azərbaycan vətəndaşları ilə hökumət arasındakı münasibətlərə aid məsələdir. Azərbaycan vətəndaşları öz maraqlarını və davranış qaydalarını bilirlər. Bu məsələlər hər hansı kənar müdaxiləyə məruz qalmamalıdır. Bunu konstruktiv yanaşma hesab edirəm. Azərbaycanda baş verənlər ölkəmizin daxili məsələləridir və buraya kənardan müdaxilə ola bilməz. Mən məsələyə bu cür yanaşıram. Hesab edirəm ki, Bəqayi də bu açıqlama ilə İranın mövqeyini Azərbaycan cəmiyyətinə çatdırmağı zəruri hesab edib”.

NURİYYƏ

Vumart və Güvən reklamı Vumart Güvən