“İran əvvəlcə Azərbaycanın daxili işlərinə qarışmasın, sonra dostluqdan danışsın” - Hikmət Babaoğludan sərt REAKSİYA

 17:58 21.10.2026     42

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai Azərbaycanda məktəbli geyimi ilə bağlı müzakirələrə münasibət bildirərək Azərbaycan xalqının dini əqidəsini qorumaq və məsələləri milli maraqlar çərçivəsində həll etmək iqtidarında olduğunu deyib. O, Bakı ilə Tehran arasında dostluq və qardaşlıq münasibətlərinin belə məsələlərin qarşılıqlı anlaşma və hüquqlara hörmət əsasında həllinə imkan verdiyini vurğulayıb.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu İran rəsmisinin açıqlamasını simulyativ diplomatiya nümunəsi adlandırdı:

“Bunu simulyativ diplomatiya adlandırmağımın səbəbi odur ki, ilk növbədə, İran Azərbaycanda dırnaqarası baş örtüyü məsələsini istismar edir, məktəblilərə İran geyimi geyindirərək “Fərmandeh” salamlarının göndərilməsini təşkil edir. Bundan sonra isə bildirir ki, bu, Azərbaycanın daxili işidir və İran məsələyə qarışmır. Beləliklə, burada təzad yaranır. Necə ola bilər ki, siz beynini işğal etdiyiniz uşaqları bizə qarşı təşkil edəsiniz, beyinlərinə təsir göstərdiyiniz həmin uşaqların valideynlərini Azərbaycan dövlətinə qarşı səfərbər edəsiniz, sonra da deyəsiniz ki, bu, Azərbaycanın daxili işidir və siz ona qarışmırsınız?”

Millət vəkili məsələni bir neçə aspektdən şərh etdi. O, ilk növbədə, İranın Azərbaycanın daxili işlərinə müdaxiləsi ilə bağlı fikirlərini bölüşdü:

“Məsələnin birinci tərəfi budur. Əslində, İran Azərbaycanın daxili işlərinə həmişə qarışıb, bu gün də qarışır, gələcəkdə də qarışacaq. Baş örtüyü məsələsi və vahid məktəbli formasının ictimailəşdirilməsi ilə bağlı bu cür təzahürlər də elə İranın fəaliyyətinin nəticəsidir.

Məsələnin ikinci tərəfi dostluq və qardaşlıq məsələsidir. Dostluq və qardaşlıq bərabərhüquqlu olmaq deməkdir.

Bu necə dostluq və qardaşlıqdır ki, İran Azərbaycanın torpaqlarını işğal edən ermənilərə kömək edir? Bu necə dostluqdur ki, bu günə qədər Zəngəzur dəhlizinin açılmasına mane olur? Bu necə dostluqdur ki, 35 milyon azərbaycanlının təhsil almaq, öz dilində danışmaq və milli kimliyini qorumaq hüquqlarını əlindən alır? Bəqainin ikinci riyakarlığı da məhz budur. Axı dostluq belə olmur. Əgər İran və Azərbaycan doğrudan da dost və qardaş ölkələrdirsə, bizim buna heç bir etirazımız yoxdur. Ancaq bu qardaşlıq həm hüquqi baxımdan, həm sosial platformada, həm də xarici siyasətdə həqiqi dostluq və qardaşlıq münasibətləri kimi özünü göstərməlidir”.

Siyasətçi fikirlərini davam etdirərək İranın Azərbaycanla münasibətlərdə dostluq və qardaşlıq prinsiplərinə əməl etməli olduğunu vurğuladı:

“Azərbaycanlılara öz dillərində təhsil almaq imkanı versin, onları türk olduqlarına görə təhqir etməsin. Azərbaycanın daxili işlərinə qarışmasın və 35 milyon azərbaycanlı ilə kifayətlənməyərək, buradakı azərbaycanlıları da İranın təbəəsinə çevirməyə çalışmasın. Əsl dostluq və qardaşlıq məhz belə olar. Əgər Bəqai bu şərtlərlə razıdırsa, əlbəttə, gəlin dost və qardaş olaq”.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən