“Bizi cəhalətə sürükləməyə çalışanlar müttəfiqimiz ola bilməz” - AÇIQLAMA

 18:24 21.10.2026     32

"“Müsəlman həmrəyliyi” anlayışından başqa dövlətlərin daxili qərarlarına təsir göstərmək və onların siyasi seçimlərini dəyişdirmək üçün istifadə olunması doğru yanaşma deyil. Azərbaycan xalqının təxminən 200 illik dünyəvilik, maarifçilik və müasir təhsil ənənələri var. 1828-ci ildən sonra biz şəriət hüquq sistemindən uzaqlaşmışıq. Həmin dövrdən başlanan tarixi proseslər ölkəmizdə dünyəvi düşüncənin və maarifçiliyin inkişafı üçün mühüm zəmin formalaşdırıb. Bu müddət ərzində Azərbaycan dünya elminə, incəsənətinə, ədəbiyyatına və mədəniyyətinə dəyərli töhfələr verib. Bütün bunlar dünyəvi təhsilin, mütərəqqi düşüncənin və milli intellektual potensialın nəticəsidir”.

Bunu Redaktor.az-a açıqlamasında siyasi şərhçi Elman Cəfərli dedi.

O qeyd etdi ki, Azərbaycan müsəlman Şərqinin ən qabaqcıl, modern və müxtəlif mədəniyyətlərə açıq cəmiyyətlərindən biri kimi formalaşıb:

“Təəssüf ki, bəziləri ölkəmizin bu tarixi nailiyyətlərini və müasir inkişaf modelini qəbul etmək istəmir. Bu gün İranın, Əfqanıstanın və Türkiyənin bəzi bölgələrində qızların oğlanlarla eyni sinifdə oxuması mümkün deyil. Azərbaycanda isə qızların təhsili və dünyəvi məktəb ənənələrinin inkişafı istiqamətində mühüm addımlar ötən əsrin əvvəllərində atılıb. Buna görə də xalqımızı iki əsrlik inkişaf yolundan geri döndərmək, onun dünyagörüşünü və seçimlərini kənardan müəyyənləşdirmək mümkün deyil”.

Siyasi şərhçi vurğuladı ki, Azərbaycan cəmiyyətinin şüuru, milli kimliyi və dövlətçilik düşüncəsi bu cür müdaxilələri qəbul etməyəcək.

Cəfərli əlavə etdi ki, Azərbaycanın əldə etdiyi tarixi nailiyyətlərin mənimsənilməsinə cəhd göstərilməsi də qəbuledilməzdir:

“Digər tərəfdən, bəzən dost və müttəfiq adlandırdığımız ölkələrin nümayəndələri Azərbaycanın uğurlarına sahib çıxmağa və əldə etdiyimiz nailiyyətləri öz xidmətləri kimi təqdim etməyə çalışırlar. Qarabağda qazanılan Zəfər Azərbaycan xalqının iradəsi, ordumuzun qəhrəmanlığı və dövlətimizin qətiyyətli siyasəti nəticəsində əldə olunub. Bu tarixi qələbənin məsuliyyətini və şərəfini heç kim öz adına yazmağa çalışmamalıdır".

Siyasi şərhçi bildirdi ki, Azərbaycanın müstəqilliyi və suverenliyi müzakirə mövzusu ola bilməz. Onun sözlərinə görə, beynəlxalq münasibətlərdə “böyük qardaşlıq” anlayışından daha çox bərabərhüquqlu tərəfdaşlıq və qarşılıqlı maraqlara əsaslanan müttəfiqlik prinsipləri əsas götürülməlidir.

“Azərbaycan müstəqilliyini və suverenliyini heç bir halda güzəştə getməyəcək. Bizim dostlarımız da, strateji müttəfiqlərimiz də bəllidir. Lakin hər bir münasibət Azərbaycanın milli maraqlarına və müstəqil qərarvermə hüququna hörmət üzərində qurulmalıdır. Siyasətdə “böyük qardaş” olmur. Bizim müttəfiqlərimiz və rəqiblərimiz var. Bizi 200 illik dünyəvilik yolundan döndərməyə, cəhalətə sürükləməyə çalışanlar bizim müttəfiqimiz ola bilməz”, - deyə Elman Cəfərli fikrini yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən